Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Prezident olsa İlham Əliyevi Baş nazir görən namizəd


Hafiz Hacıyev, Bakı, 1 oktyabr 2008
Hafiz Hacıyev, Bakı, 1 oktyabr 2008
Dinlə

Müasir Müsavat Partiyasının qərargahına səkilərdəki gölməçələr üzündən yaxınlaşmaq çətinlik yaratsa da, payız yağışında bir balaca islanandan sonra binaya daxil olmaq mümkün oldu. Ramazan bayramı olmasına baxmayaraq, partiyanın seçki qərargahında qızğın iş gedir.

Müasir Müsavat Partiyasının seçki qərargahı partiyanın iki mərtəbəli binasında yerləşir.

Partiyanın namizədi Hafiz Hacıyev binanın ikinci mərtəbəsində, divarlarında rəqibi, hazırkı prezident İlham Əliyevin şəkilləri asılmış bir otaqda oturur. Seçki plakatlarında Elçibəyin davamçısı olduğu bildirilən H.Hacıyev İ.Əliyevlə əl sıxıb görüşdüyü şəkilin masanın üzərində dayanmasını belə izah edir:

«Elçibəyi nə qədər sevirəmsə, İlham Əliyevi də o qədər sevirəm. Görürsünüz, mənim kabinetimdə bir tərəfdə Elçibəyin, digər tərəfdə də İlham Əliyevin şəkili var. Səhər mən prezident olsam, qoy mənim şəkilim də müxalifət partiyasının otağında olsun. Bu, elə bir maneəçilik deyil».

Müasir Müsavat Partiyasının seçki qərargahı
Prezidentliyə namizəd deyir ki, İlham Əliyevə olan böyük hörmətini heç vaxt gizlətməyib:

«Amma mən bu gün onunla opponentəm. Açığını deyim, sabah prezident olsam, Rusiya variantı kimi İlham Əliyevin bacarığından Baş nazir kimi istifadə etmək lazımdır».

Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə müavini Təranə Ramazanova deyir ki, Hafiz Hacıyevin təbliği üçün beş cür plakat, buklet və təqvim hazırlanıb. Oktyabrın 11-də isə onlar mitinq keçirtmək istəyirlər. T.Ramazanova hesab edir ki, bütün bu vasitələrdən ən səmərəlisi elə Hacıyevin özünün apardığı təbliğatdır:

«Seçicilər gəlir ki, bizim filan problemimiz var, deyirlər, Hafiz Hacıyev düz danışır, biz ona səs verəcəyik, ən uğurlu çıxış edən odur. Hafiz Hacıyevin özünün təbliğatı daha güclü effekt verir».

H.Hacıyevin qərargahından bildirirlər ki, təbliğat-təşviqat kampaniyası başlayandan 20 min plakat hazırlanıb. Seçki şüarı «kasıbların prezidenti» olan Hafiz Hacıyev deyir ki, onlar heç də bütün plakatlarını varlıların yaşadığı məhəllələrdə yapışdıra bilmirlər:

«Mənə verilən səs rüşvətxorları əzməyə verilən səsdir. Bu plakatları rüşvətxorların və milyarderlərin məhəlləsinə vursaq, onlar mənə nifrət edəcəklər. Əgər villalarla yarışa girmiş «Varovski»də ən varlı ailələr arasında o şəkili yapışdırsaq, istər-istəməz onu cıracaqlar».

Seçki qərargahında diqqətimi bir otaq da çəkdi. Divarda Gənclər Təşkilatı yazılsa da, içəridə 60-70 yaşlarında bir kişi və orta yaşlı bir qadın əyləşmişdi.

Prezidentliyə namizəd Hafiz Hacıyevin seçki qərargahı Səttarxan adına zavodla üzbəüz, Qədirbəyov küçəsi-9 ünvanında yerləşir. Ancaq ətrafda yaşayan sakinlərin bəzisi nəinki həmin ünvanı, heç partiyanın namizədini də tanımadı:

- Mənim evim kanalizasiyanın içindədir. Gəlib düzəltsin, kimə istəyirsən səs verərəm.

- Bu partiyanın namizədini tanıyıram, ancaq adı yadımdan çıxıb.
XS
SM
MD
LG