Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:34

Əhalini pul qıtlığına hazırlayırlar


Müxalifətdən olan bəzi deputatlar dünyada yaşanan iqtisadi böhranın artıq Azərbaycana təsir etdiyini bildirirlər
Müxalifətdən olan bəzi deputatlar dünyada yaşanan iqtisadi böhranın artıq Azərbaycana təsir etdiyini bildirirlər
Oğlu ikinci qrup əlil olan Nərminə Balayeva son vaxtlar övladının pensiyasının alınmasında ləngimənin müşahidə edildiyini deyir.

Sumqayıtda müvəqqəti məskunlaşmış Qarabağdan olan məcburi köçkün Ələsgər Məmmədov da valideynlərinin təqaüdünü əvvəllər olduğundan bir qədər gec aldığını bildirir.

Müxalifətdən olan bəzi deputatlar isə dünyada yaşanan iqtisadi böhranın artıq Azərbaycana təsir etdiyini bildirərək vəziyyətin parlamentdə müzakirəsinə ehtiyac olduğunu vurğulayırlar.

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, özünü büruzə verən proses böhran yox, əsl fəlakətdir. Artıq Azərbaycanın aparıcı şirkətlərində ixtisarlar başlayıb. Vəziyyətin kritik həddə gəlib çatmasını gözləmədən həmkarlar təşkilatı, hökumətlə birlikdə Milli Məclisdə məsələni müzakirə etməlidir.

Deputat Pənah Hüseynin sözlərinə görə isə, başqa dövlətlərdə anti-böhran proqramları parlamentdə müzakirə olunduğu halda, Milli Məclisin bu məsələni müzakirə etməməsi təəccüblü görünür.

Onun fikrincə, sosial-iqtisadi vəziyyət ləngidilmədən Milli Məclisdə müzakirə olunmalıdır və hökumət parlamentə hesabatında dövlətin böhranla bağlı ayırdığı vəsaitin hara və necə sərf ediləcəyi barədə ətraflı məlumat verməlidir:

«Mən ölkədə pul qıtlığı yaranacaq deyəndə siz gülürdünüz. Artıq büdcə təşkilatlarında əməkhaqlarının, təqaüdlərin verilməsində ləngimələr var».

Pənah Hüseynə görə, vəziyyət elə bir həddədir ki, parlamentdə hamı siyasi mənsubiyyətini bir kənara qoyub ondan çıxış yollarını aramalıdır.

Son vaxtlar pulların bankomatlara oturdulması ləngidilir
«Kapital Bank»ın İdarə Heyəti sədrinin birinci müavini Elmar Məmmədov isə «Azadlıq» radiosuna deyir ki, ölkədə pul qıtlığının yaranması, əməkhaqlarının və təqaüdlərin verilməsində ləngimələr barədə deyilənlər həqiqətə uyğun deyil. Vətəndaşların bankomatlardan pulu vaxtında çıxara bilməməsi halları isə texniki səbəbdən ola bilər.

E.Məmmədov deyir ki, ölkədə pul istənilən qədər var və onun qıtlaşma ehtimalı yoxdur.

İqtisadçı Vüqar Bayramov isə deyir ki, bankomatlardan əməkhaqlarının və ya pensiyaların vaxtında götürülə bilməməsini texniki amillərə bağlamaq düz deyil. Əslində son vaxtlar pulların bankomatlara oturdulması ləngidilir. Onun sözlərinə görə, artıq büdcənin gəlirlər hissəsinin formalaşdırılmasında problem yaranır. Hələlik ölkədə pul qıtlığı olmasa da, bir azdan bunun baş verəcəyi məlumdur. Ona görə də süni ləngitmələrlə indidən əhali buna hazırlaşdırılır.

V.Bayramov hesab edir ki, qlobal maliyyə böhranı və dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında problemlər yaradıb. Bir azdan bu problem özünü daha qabarıq büruzə verəcək.

2009-cu ilin dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunarkən bəzi deputatların təkidinə baxmayaraq neftin qiyməti 70 dollar saxlanıldı.

O vaxt bu addımı düzgün sayan Hesablama Palatasının sədri Heydər Əsədov büdcənin formalaşmasında problem olmayacağını demişdi. Mütəxəssislər artıq ilin əvvəlindən həmin proqnozun özünü doğrultmadığını bildirirlər. Neftin qiymətində isə ümid edildiyi səviyyədə artım müşahidə olunmur.
XS
SM
MD
LG