Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

İslama görə ailədə qadının yeri..


İranda qadınlar üçün taksi şirkəti, 13 dekabr 2006
İranda qadınlar üçün taksi şirkəti, 13 dekabr 2006
Nədən İslam dini ailədə kişiyə və valideynlərə daha çox hüquq tanıyır? Nə üçün bəzən yerli adət-ənənələr dini qayda-qanun kimi qələmə verilir?

Bu barədə «İslam və demokratiya» verilişinin qonaqları dini ekspert Mircəfər Əyyubov və Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova ilə müzakirə açmışıq.

Mircəfər Əyyubov hesab edir ki, İslam qadınlara kifayət qədər hüquq verir:

- Kişi heç kimdən izn istəmədən istədiyi şəxslə evlənə bilər. Amma təbii, onun evləndiyi xanımla bağlı bəzi tövsiyələr var. Amma qadınların icazəsinin 50 faizi özündə, 50 faizi atasında olur. Qadının istəyi olmadan kəsilən kəbin də batildir, atanın istəmədiyi kəbin də batildir, bunlar zina hesab olunur.

Ekspert də razıdır ki, indi İslamın qaydaları ilə Azərbaycandakı adət-ənənələr qarışıq salınır:

- Bu da ona görədir ki, Azərbaycan xalqı uzun müddət kafir xalqlar arasında yaşayıb. Əslində, İslama görə kişinin haqqı yoxdur qadından paltar yumağı, yemək bişirməyi tələb etsin. Kişi qadının xidmətçisi olmalıdır – onun ruzisini qazanmalıdır, qayğısına qalmalıdır. Hətta doğulan uşaq üçün də sonradan məsuliyyəti kişi daşıyır. Qadın evlənərkən kişinin qarşısında şərt qoya bilər, yüksək məbləğdə mehriyyə (boşananda qadına ödənilən məbləğ) tələb edə bilər.

Siğəyə gəlincə, M.Əyyubov hesab edir ki, onun da öz yeri var:

- Siğə bəzi hallarda qadın və kişilərə təbii ehtiyaclarını ödəmək üçün təklif olunan alternativdir.

Qadın krizis Mərkəzinin Mətanət Əzizova deyir ki, son vaxtlar cənub rayonlarında qızların erkən yaşında ər verilməsi problemi yaranıb.

- Qızlar valideynləri tərəfindən 14-15 yaşında ərə verilirlər. Bu isə cinayətdir. Belə kəbini kəsən mollalar da günahkardır. Çox vaxt valideyn bilmir ki, mollanın verdiyi kağız hüquqi sənəd deyil. Boşananda həmin sənəd heç nəyi sübut etmir. Din adı ilə erkən yaşında xarici ölkələrə - İrana, Türkiyəyə ərə verilən qızlar bəzən hətta insan alveri qurbanına da çevrilirlər. Bu gün bizə təqdim olunan dini qaydalar əslində azərbaycanlı adət-ənənələri ilə sintez olunan şeydir. Nəticədə isə bədbəxt qadın olur.

M.Əzizova təklif edir ki, rəsmi nikah olmadan mollaların kəbin kəsməsi qadağan edilməlidir.
XS
SM
MD
LG