Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

«Fındıq bol olarsa, basılmaz Qəbələ»


Qəbələ şəhəri, 13 may 2006
Qəbələ şəhəri, 13 may 2006

Qəbələ rayonunda kiminlə söhbət etsən, fındıq haqqında nəsə eşidəcəksən. Çünki bu quru meyvə əhalinin əsas gəliri, dolanışığı deməkdi. Camaat keçən il fındığın kilosunu 2 dollara rayondakı fındıq emalı zavoduna satıb. Bu ilki məhsulun da bol olacağına ümid edirlər: «Məhsul gətirən il də, gətirməyən il də olur. Keçən il yaxşı oldu, bu il də yaxşı olar. Satdıq, ev tikən ev tikdi, maşın alan maşın».


Ən böyük fındıq bağları Qəbələnin ən böyük kəndi olan Nicdədi. Nic sakinləri indidən bağlara qulluq etməyə başlayıblar. Kəndin camaatı danışır ki, fındıq bağları əhaliyə torpaq islahatından sonra paylanıb. Elə bundan sonra əhali də əvvəl məşğul olduqları tütünçülük və baramaçılıqdan əl çəkib. Çünki borcu xərcini ödəməyib: «Keçmişdə bizdə tütün də vardı. Kolxoz ləğv olunandan sonra o da ləğv olundu».


BAĞLARA QULLUQ VAXTI


Fındığın yığımı avqustun sonu başlayır. İndi isə bağlara qulluq vaxtıdı. Nic sakini Eldar deyir ik, bol məhsul üçün indidən fındıq kollarına qulluq olunmalıdı: «Sentyabr ayından məhsul yığmağa başlayırıq. İndi bağların çiçəkləyən dövrüdür. Suvarma gedir, becəririk. İl yaxşı olsa, bir ağacdan 30-40 kilo fındıq götürmək olur, yaxşı olmasa, 3-5 kilo». Eginira isə deyir ki, fındıq dövrünə qədər görüləcək işlər az deyil: «İndi toyuq-cücəylə, təsərrüfatla məşğul oluruq. Tərəvəz əkirik, mal saxlayırıq, həyətdə iş çoxdu, donuz saxlayanlar da çoxdu».


Nic sakinləri çox işlək olduqlarını deyirlər. Torpağı az olan, əkin-biçini olmayanlar isə işsiz durmayıb Rusiyaya üz tuturlar.


YAXŞI QONŞULAR


Nic həm də müxtəlif xalqların yaşadığı kənddir. Qəsəbə icra nümayəndəliyindən verilən məlumata görə, 6 min əhalidən 4 min nəfəri Azərbaycanda ancaq bu kənddə yaşayan udilər, qalanları isə azərbaycanlılar və ləzgilərdi. Nic sakinləri deyir ki, dinləri və dilləri başqa olsa da, burdakı xalqlar bir-birləriylə çox qaynayıb-qarışıblar: «Bura çoxmillətli kənddir, udilər, azərbaycanlılar, ləzgilər bir yerdə yaşayırıq. Yaxşı da yaşayırıq, ünsyyətimiz də var, toya-yasa gedirik, yaxşı qonşularıq».



Udi Mədəniyyət Mərkəzinin rəhbəri Georgi Keçaari, 13 may 2006
Udi Mədəniyyət Mərkəzinin rəhbəri, şərqşünas Georgi Keçaari artıq neçə on illərdi ki, bu xalqın kökü, dili, mədəniyyəti haqqında araşdırmalar aparır. Kənddə hamı deyir ki, Jora müəllim udilərlə bağlı ən yaxşı ensiklopediyadır. Ona görə mən də onun evinə yollandım: «Udin sözü yoxdu, udi var. Udini ruslar deyir, millətin adı udilərdi. Radio-televiziyada da udin deyirlər, o səhvdi».

- Kimlərdi udilər?


– Udilər haqqında ilk məlumat Herodota məxsusdu. Strabonun yazılarında göstərilir ki, Xəzər sahilində udi məskənləri olub. Qəbələdə udilərin yaşaması haqqında lap qədim dövrlərdən məlumatlar var.


Georgi Keçaari uzun müddət udi dilini araşdırandan sonra bu dildə ancaq bu xalqın danışdığı qənaətinə gəlib: «Udilərin maraqlı dili var. Udi dili Qafqaz dilləri ailəsinə məxsusdur. Bu ailəyə 38 dil daxildi. Ona da Cənubi-Şərqi Nax-Dağıstan Qrupu deyirlər, ora udi, xınalıq, saxurların dili daxildi. Bu dildə Azərbaycan sözləri çoxdur, erməni sözləri isə az».


ŞERLƏR YADDAN ÇIXIB


1992-ci ildə azsaylı xalqların dilinin inkişaf etdirilməsiylə bağlı fərman imzalanandan sonra Nicdə də udilər 1-dən 4–cü sinfə qədər ana dillərində oxuyurlar. 10-cu sinif şagirdi Rudolf deyir ki, yuxarı siniflərdə dil tədris olunmadığından udi dilində öyrəndiyi şerləri unudub: «Əvvəl şerlər öyrənirdik, indi keçmirik, yadımızdan çıxıb».


Udilər öz adət-ənənələrini və dinlərini neçə əsrlərdir qoruyub saxlayıblar. Mayın 19-da kənddə udilərə məxsus alban kilsəsinin açılışı olub. 18-ci əsrin əvvəllərində tikilən kilsəni Norveç humanitar missiyasının könüllüləri bərpa edib. Udi yeməkləri, adətləri haqqında kəndin ağbirçəkləri danışır: «Udilərin belə bir milli yeməyi var. Təndirdə hinduşka qızardırıq. Bu, azərbaycanlılarda yoxdu. Ona «fırlama» deyirik. Təndiri belə açırıq, asırıq, orada bişir. Lobya, qoz, düyüdən aş da bişiririk.



Mayın 19-da udilərə məxsus alban kilsəsinin açılışı olub, 13 may 2006
Araq da bişiririk. Xeyir-şər işlərimizdə araq və çaxır olur. Bizdə qız-oğlan toyları ayrı olur. Çörəyi təndirdə bişiririk, samovar da gecə-gündüz qaynamalıdır və s.»

Nicin udinlər yaşayan məhəlləsindənsə məni Georgi Keçaari bir udi lətifələriylə yola saldı: «Udilərdən biri gözlərinə eynək taxmağa başlayır. İlk dəfə onu görən qonşusu deyir ki, dördgözlü olmusan, dördayaqlı nə vaxt olacaqsan? O da özünü sındırmayıb deyir ki, sənə çatmaq istəmirəm...»


PROBLEMLƏR


Nic kəndində adamlar problemlərdən də danışırlar. Belələri daha çox aparılan torpaq islahatından narazı qalanlardı: «Adına torpaq islahatı dedilər, yararsız torpaqları verdilər, indi də heç nəyə yaramır. İslahat ədalətsiz aparıldı. Elə adam var ki, ona bir hektar torpaq düşüb, eləsi də var ki, bir neçə sot torpağı var. Qanunsuzluqdu, heç kim də şikayətimizə baxmır».


Qəsəbə icra nümayəndəsi Vidadi Mahmudov da kəndlilərin dediklərini bölüşür. Onun sözlərinə görə, kimə az torpaq düşübsə, araşdırılır: «1996-cı ildə bu kənddə torpaq islahatı gedib. Ancaq neqativ hallara da yol verilib. Məsələylə bağlı komissiya ayrılıb, problemlər mütləq araşdırılacaq».


Qəbələnin ikinci böyük kəndi Vəndamda da əhali yararsız torpaq problemindən əziyyət çəkdiyini deyir. Bu kəndin sakinləri də vaxtilə baramaçılıq və tütünçülüklə məşğul olublar. Nic sakinlərindən fərqli olaraq onların geniş fındıq bağları yoxdu. Kənd sakini İlham Abduləzizov torpağı əkib-becərə bilmədiyindən artıq bir neçə ildi sürücülüklə məşğuldur: «Əvvəl baramaya baxırdıq, tütün əkirdik, indi o da yoxdu. Hər ailəyə 1 hektar torpaq veriblər, ancaq kənddən aralı. Biri mən, gedib istifadə edə bilmirik, ancaq mal-qaranı otarmağa yer yoxdu. İndi təkcə bu kənddə 70-ə yaxın sürücü var, başqa nə işlə məşğul olmaq olur ki. Ona da vergi qoyublar».


Vəndam sakinlərinin bir məşğuliyyəti də yetişdirdikləri meyvəni satmaqdı. Onlar Vəndamın «Çəkisiz bazar» deyilən yerində yolboyu qoz-fındıq, tutmalar, mürəbbələr satırlar.



«Çəkisiz bazar», 14 may 2006
Qəbələ rayonunun özündə isə son illər kərpic və meyvə şirəsi zavodları açılıb. Bura işə düzələnlər də var. Gözəl təbiəti olan Qəbələdə turizmin inkişafını proqnozlaşdıran iş adamları isə istirahət yerləri də salırlar. Burda özünə müvəqqəti iş tapanlar da az olmur. Ancaq işsizlik rayon mərkəzində camaatın ən dərdli yeridi: «Neçə illərdi ali məktəbi bitirmişəm, iş yoxdu. İş yoxdusa, dolanışıq da yoxdu». Ancaq Qəbələdə iqtisadi inikşafın oduğunu deyənlər də az deyil: «İş yerləri də açılır, dolanışıq da yaxşılaşır».

Qəbələdə əhalini narahat edən məsələlərdən biri də rayondakı Radiolokasiya Stansiyasıdı. Əhali arasında şayiə gəzir ki, bu nəhəng obyektin şüaları onlarda müxtəlif xəstəliklər yaradır: «Hər həftənin beşinci günü ordan şüa buraxırlar, həmin andan özümüzü pis hiss etməyə başlayırıq və s.»


Rayon xəstəxanasının baş həkimi Tofiq Hacıyev isə deyir ki, deyilənlər şayiədi.


Tofiq Hacıyev onu da deyir ki, qoz ağacları ilə zəngin meşələr torpaqdan yodu çəkdiyindən Qəbələdə başqa rayonlara nisbətən yod çatışmazlığı xəstələrinin sayı çoxdu.


Qəbələdə havalar təzəlikcə isinməyə başlayıb. Dağlarda qarlar əridikcə, çayların suları bollaşır. Buranın gecələri qurbağaların qurultusuyla düşür, gündüzləri isə quşların səsiylə açılır. Qəbələdən çıxanda Süsən qarı mənə su aparmağı təklif etdi: «Bakıdan gələnlər özləriylə su aparırlar. Çox dadlı sudu, gələnlər qablarını doldurub gedirlər, sən də apar».


Su gətirməsəm də, Bakıya bu soyuq rayonun isti adamlarının səslərini, gözəl mənzərələrinin şəkillərini gətirdim...


XS
SM
MD
LG