Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:23

Doktor Nəriman hansı cəmiyyəti sağaltmaq istəyirdi?


Nəriman Nərimanov
Nəriman Nərimanov
Bu dəfə doktor Nərimanın izinə düşmüşük. Adıyla öyündüyümüz, canayaxın sözlərini əzbər söylədiyimiz, şərəfinə abidələr ucaltdığımız, amma zaman-zaman haqqında mübahisələr açdığımız və bəzən ifrata varıb «xain» və ya «satqın» adlandırdığımız Nəriman Nərimanovun.

Kimdir Nərimanov? Doktorun doğruları, yanlışları nəydi? «Doktor N.» adlandırdığımız bu İZdə bu böyük və ziddiyyətli şəxsiyyətin şəxsi həyatına göz atacağıq. Bələdçimiz böyük ədib və siyasi xadimin yaxın qohumu, Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynovadır.

Nəriman Nərimanovun doğulduğu evin maketi
«-Kamilə xanım, Nəriman Nərimanova qohumluq dərəcənizi bilmək olar?

-Onun qardaşı Salmanın nəticəsiyəm.

-Doktor Nərimanovun ictimai-siyasi və şəxsi portreti ilə nə dərəcədə tanışsınız?

-Lap uşaqlıqdan ailəmizdə onun söhbəti gedib. Nərimanovun bütün qohumlarına göz atsanız, məhz onu örnək aldıqlarını görərsiniz. Nənəm İltifat xanım DOKTORun son günlərədək onun yanında – Moskvada olub və indi bir çoxları üçün tam yeni sayılan məlumatları bizlər çoxdan bilir və daim öz aramızda danışırdıq... Hərçənd, nənəm bizi qorumaq üçün bildiklərinin nə qədərini özüylə apardı və belə demək mümkünsə, Azərbaycan tarixinin çox önəmli bir bölümü barədə bilgilərini o biri dünyaya daşıdı...»

Böyük şəxsiyyətlərin həyatında böyük kölgələr də ola bilir. Və zaman keçdikcə, bu gündən boylandıqca bu kölgələr qara ləkələrə də bənzəyə bilir. Və bu qara ləkələrə bənzəyən kölgələr qısa zaman üçün İŞIĞIN önünü də kəsə bilir.
Nəriman Nərimanovun toyu bu evdə olub
Amma gerçək İŞIQ o üzdən işıq adlanır ki, bütün qaraltıları aydınlaşdırıb insanlara yol göstərir. Hərdən işıq gələn tərəf divlərə qovuşdursa belə! Nərimanov kimi. Doktor Nəriman kimi!..

Bu radio dastanı doktor Nəriman və ya Nəriman yoldaş haqqında bütün həqiqətlərə işıq salmaq amacıyla hazırlanmayıb – bu böyük və ziddiyyətli şəxsiyyətin səhnəarxası həyatıyla – yalnız özünə və doğmalarına məxsus həyatıyla tanışlıq məqsədi güdür.

Məhz bu «İz»də:

- Nərimanovun şəxsi həyatından bəzi detallara qulaq verəcək;

- Onun toyunun harada və necə keçirildiyini, bu toya hansı tarixi şəxsiyyətlərin qatıldığını və hansı xanəndənin oxuduğunu öyrənəcək;

- 1918-ci ildə - mart qırğını günlərində Nərimanovun nə etdiyini və nədən ağır xəstələndiyini dəqiqləşdirəcək;

Nəriman Nərimanovun tarı
- Onun Həştərxanda müalicəsindən və sonrakı həyatından xəbər tutacaq;

- Azərbaycan Cümhuriyyətinin hansı uğurlarına sevindiyini biləcək;

- Nərimanovun «sovetləşmiş və ruslaşmış» Azərbaycana nə vaxt və necə gəlməsini dəqiqləşdirəcək;

- Nərimanovun ölümü barədə yeni incəliklərdən soraq alacaq;

- O dövrün Azərbaycan mətbuatına göz atacaq;

- Onun ölümündən sonra ailəsinin niyə Azərbaycana buraxılmaması və oğlu Nəcəflə Bakıya gələn Gülsüm xanımın niyə geri – Moskvaya göndərilməsi barədə bilgilərinizi artıracaqsınız.

Bütün bunları bilmək üçün, sadəcə, «dinlə»ni tıklamaq yetər!
XS
SM
MD
LG