Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Ekspert Qarabağ danışıqlarının referendum məsələsində düyünə düşdüyünü deyir


Elxan Mehdiyev, 1 iyul 2006
Elxan Mehdiyev, 1 iyul 2006

Həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu təşkilata verdikləri son hesabat, həm də MQ-da ABŞ-ı təmsil edən həmsədr Metyu Brayzanın açıqlamaları Qarabağ danışıqları ilə bağlı məlumatsız olan ictimaiyyət üçün son dərəcə maraqlı oldu. Bəyanat və açıqlamalarda ictimaiyyət üçün bir növ müəmma olan «çərçivə sazişi» haqda ümumi də olsa, müəyyən bilgi verildi. Məsələn, qeyd edilirdi ki, «çərçivə sazişi»ndə erməni qoşunları Azərbaycan ərazilərini boşaltmalı, hər iki ölkə arasında iqtisadi əlaqələr bərpa edilməlidir. Sazişdə həmçinin regiona sülhməramlı qüvvələrin gətirilməsi, Qarabağa beynəlxalq iqtisadi yardımın edilməsi də nəzərdə tutulur. Nəhayət, hansısa son mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməlidir.


İyulun 1-də «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev bildirdi ki, «çərçivə sazişi»ndə nəzərdə tutulan referendumun mövzusu hələ açıq qalır: «Hər iki tərəfə təqdim olunan son prinsiplərin dili heç də erməni tərəfə birmənalı şəkildə «sabah Dağlıq Qarabağda referendum ancaq onun Azərbaycandan ayrılmasına xidmət etməlidir» –deməyə imkan vermir. Orada diplomatik dil açıq qoyulub... ATƏT-in Minsk Qrupu həmsədrləri ATƏT-in Daimi Şurasına verdikləri hesabatda da bildirirlər ki, həmin referendumun mövzusu tərəflər arasında razılaşdırılmalıdır. Amma həmsədrlər də bilirlər ki, erməni tərəfinin arzusu bu referendumla Dağlıq Qarabağın Azərbaycandan tamamilə ayrılmasıdır. O səbəbdən də Ermənistan tərəfdən Laçın və Kəlbəcərin referendumun keçirilməsindən sonra boşaldılması qəbul edilir. İndiki dövrdə tərəflər arasında ən böyük ziddiyyət də budur».


Cənab Mehdiyev hesab edir ki, prezidentlərin Buxarestdəki son görüşünün uğursuzluğu da həmin referendum məsələsində tərəflərin razılığa gələ bilməməsi ilə bağlı ola bilər: «Əgər o referendum Azərbaycanın bütövlüyü çərçivəsində baş tutacaqdısa, o zaman İlham Əliyev məncə, razılaşardı ki, Kəlbəcər və Laçın həmin səsvermədən sonra boşaldılsın. Amma indi həmsədrlər prezidentlərin həm Paris, həm də Buxarest görüşünün bütün detallarını açıqlamırlar. Bildirirlər ki, onların müzakirəsi hələ də gizli qalmalıdır. Bu isə ondan xəbər verir ki, erməni tərəfi bu referendumun Qarabağın Azərbaycandan ayrılmasına xidmət edən səsvermə olmasında israr edir».


«Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da iştirak etdiyi söhbətdə Elxan Mehdiyev qeyd etdi ki, dünya ictimaiyyəti Qarabağ münaqişəsinin nizamlanmasında Balkan yox, daha çox İsrail-Fələstin modelinə üstünlük verir.


«Balkanlarda beynəlxalq birlik serblərin Bosniya, Sloveniya və Xorvatiyaya təcavüz etdiyini, Kosovoda etnik təmizləmə həyata keçirdiyini birmənalı şəkildə bildirib, Serbiya qoşunlarının Bosniya, ondan öncə Xorvatiyadan çıxmasını tələb etdi. Çıxmadıqları vaxtda güc işlədib beynəlxalq hüququn normalarını orda həyata keçirdilər. Amma Yaxın Şərqdə bir tərəfin hərəkətlərinə göz yumaraq sadəcə, tərəfləri qane edə biləcək hər hansı bir həll yolunun alınmasına səylər göstərilir... Bu o deməkdir ki, işğalçı ilə işğala məruz qalanı bərabər edirlər və işğala məruz qalan qurbanı məcbur edirlər ki, işğalçı ilə danış və hər iki tərəfi təmin edəcək həll tapın» – deyə Elxan Mehdiyev bildirir.


DİNLƏYİN!


XS
SM
MD
LG