Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Araz Əzimov: «Azərbaycan referenduma razılıq verməyib»


«Azərbaycanın ərazisində yalnız ümummilli referendum keçirilə bilər»
«Azərbaycanın ərazisində yalnız ümummilli referendum keçirilə bilər»

Qarabağ danışıqlarında Azərbaycan prezidentinin təmsilçisi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirir ki, hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yekun rəylər haqqında danışmaq tezdir. ATƏT-in Minsk Qrupunun həmsədri Mətyu Brayza bu günlərdə «Azadlıq» radiosuna verdiyi müsahibədə həmsədrlərin Azərbaycana və Ermənistana Qarabağ münaqişəsinin həllinə dair «çərçivə sazişi» təqdim etdiklərini, amma hələlik tərəflərin bunu qəbul etmədiklərini bildirmişdi. Cənab Əzimov isə iyulun 3-də jurnalistlərlə söhbətində həmin müsahibəni şərh edərkən hər hansı sazişin olmadığını, müzakirələr sona çatmamış bu cür yekunlaşdırıcı sənəddən danışmağın tez olduğunu deyib: «Müzakirələr sona çatmayana qədər hansısa yekun bəyanatların olması bir az erkən olub. Yəqin ki, həmsədrlər vəziyyəti və ictimai rəyləri yoxlamaq məqsədilə bunu ediblər. Lakin istənilən halda bu bəyanatlar əhatəli olmayıb. Bəzi kontekstdən ayrılmış elementlərin təqdim edilməsi düzgün təsəvvür yaratmır və anlaşılmazlığa səbəb olur».


Araz Əzimov onu da bildirib ki, Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsinə razılıq verməsi barədə deyilənlər həqiqətə uyğun deyil.


«Azərbaycanın ərazisində yalnız ümummilli referendum, ümummilli səsvermə keçirilə bilər. Bu Azərbaycanın Konstitusiyasında dəqiq bildirilmiş mövqedir. Azərbaycan rəhbərliyi heç bir vəchlə bu mövqedən çəkinmək niyyətində deyil və bu barədə hər hansı spekuliyasiyalar tam olaraq yalandır».


Araz Əzimov Laçın və Kəlbəcər rayonlarının xüsusi statusu haqqında deyilənləri də doğru saymır. O bildirdi ki, tərəflər Laçın dəhlizinin təhlükəsiz fəaliyyət göstərməsində maraqlıdır ki, bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla, Ermənistan isə Dağlıq Qarabağla nəqliyyat əlaqəsinə malik olsun. Kəlbəcərə gəldikdə, cənab Əzimov bildirir ki, ümumiyyətlə, Dağlıq Qarabağın təhlükəsizliyini beynəlxalq müşahidəçilər və sülhməramlı qüvvələrin iştirakı ilə təmin edilə bilər.


XS
SM
MD
LG