Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:19

Elmar Hüseynovun atası oğlunu Fərhad Əliyevin öldürtdüyünə inanmır


Hacı Məmmədovun açıqlamasına münasibət birmənalı deyil
Hacı Məmmədovun açıqlamasına münasibət birmənalı deyil

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu mənim rəhbərlik etdiyim dəstə öldürüb, qətlin sifarişini isə, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev verib». Bunu Hacı Məmmədov iyulun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə prosesində verdiyi ifadəsində deyib.


Əslində, Elmar Hüseynovu Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstənin qətlə yetirməsi o qədər də gözlənilməz xəbər deyil. İlk dəfə bu haqda açıqlamanı Türkiyədən jurnalistin qətlini araşdırmaq üçün dəvət olunmuş mütəxəssislər, konkret olaraq bu ölkənin Ədliyyə nazirinin müşaviri Ramazan Ər vermişdi. Elə jurnalistlərin və hüquqşünasların apardığı təhqiqat zamanı da versiyalardan biri bu idi ki, Elmar Hüseynovun qətlinin Hacı Məmmədovla əlaqəsi var. Hətta qətlin arxasında hakimiyyət təmsilçilərinin dayandığı haqda da vaxtaşırı mətbuatda açıqlamalara rast gəlmək olardı. Ona görə də Bakıda hamını indi daha çox qətlin sifarişçisi ilə bağlı deyilənlərin nə dərəcədə həqiqətəuyğun olub-olmadığı maraqlandırır. Bu məsələdə hamı ehtiyatlı danışmağa çalışır.


«Elmar Hüseynov» Fondundan Şahbaz Xuduoğlu deyir ki, əgər sifarişçi həqiqətən də Fərhad Əliyevdirsə, onu Hacı Məmmədovun məhkəmə prosesinə dəvət etməli, üzləşdirmə aparmalı, ortaya dəlil-sübutlar qoymalıdırlar. Və yalnız bundan sonra konkret nəsə demək olar.


Amma cənab Xuduoğlu ona diqqət çəkir ki, Hacı Məmmədov azadlıqda olanların yox, həbsxanada olanların adını çəkir. Ona görə də Hacı Məmmədovun Fərhad Əlyievlə bağlı açıqlaması bəzi şübhələr doğurur.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, indiyədək bu haqda susan Hacı Məmmədovun qəfil belə açıqlama verməsi təbii ki, şübhələr doğurur. Çox güman ki, ona bu haqda danışmaq üçün göstəriş veriblər. Bununla da hakimiyyət bir gülləylə iki dovşan vurub. Əvvəla, bu açıqlama Fərhad Əliyevin siyasi məhvinə hökm verməkdir. Beynəlxalq qurumlardan dəstək alan, AŞ PA həmməruzəçilərinin isə az qala siyasi məhbus kimi tanımağa hazırlaşdığı Fərhad Əliyev jurnalist qatili kimi qələmə verilməklə bir fiqur kimi sıradan çıxarıla bilər. İkincisi, beynəlxalq qurumlar və ictimaiyyətin vaxtaşırı Elmar Hüseynovun qatillərinin tapılmaması ilə bağlı qınaqlarına son qoyulur: «Əslində, Elmar Hüseynovun qətlində və Fərhad Əliyevin siyasi məhvində maraqlı olanlar bu məsələni gündəlikdən çıxartmaq istəyirlər».


Elmar Hüseynovun yaxınları, onun atası Sabir Hüseynov da qətlin sifarişçisinin Fərhad Əliyev olduğuna inanmır. O, vaxtaşırı istintaqın gedişilə maraqlandığını, nə müstəntiqlərdən, nə də kuluar söhbətlərində Fərhad Əliyevlə bağlı heç nə eşitmədiyini bildirir. Sabir Hüseynov onu da xatırladır ki, Hacı Məmmədov müstəntiqə ifadəsində deyib ki, ona Elmar Hüseynovu öldürməyi təklif ediblər, amma o bundan imtina edib: «İkinci variantda deyir ki, mənə yuxarıdan göstəriş verdilər, mən nə hə dedim, nə də yox. Bu işi də yerinə yetirmədim. Bu həmin Hacı Məmmədovdur. Bu sözü də o deyib. Naharacan bir ifadə verir, nahardan sonra başqa».


Sabir Hüseynov oğlunu Fərhad Əliyevin qətlə yetirdiyinə inana bilmir. Ona görə də gözləməyi təklif edir: «Fərhad Əliyev də dindirilməlidir, məhkəməyə gəlməlidir».


Amma Sabir Hüseynov deyir ki, məhkəmə açıq keçirilməlidir ki, oğlunun həqiqi qatillərinin kimliyi üzə çıxsın.



Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyevin qənaətincə isə, Hacı Məmmədovun bəyanatı əsassızdır və bu açıqlama Fərhad Əliyevə təzyiq göstərmək, ictimaiyyətin gözündən salmaq üçün verilir. Vəkil hesab edir ki, Fərhad Əliyevin Elmar Hüseynovu öldürtməsi üçün heç bir səbəbi olmayıb. «Fərhad Əliyev bu deyilənləri qəti rədd edir. Bu, nə onun tərbiyəsinə, nə cəmiyyətdəki mövqeyinə uyğun gəlir».Vəkilin sözlərinə görə, bu bəyanatsa sadəcə, sabiq nazirin həbsxanada bir az daha uzun müddətə saxlanmasına səbəb olacaq.


Maraqlı nüanslardan biri də odur ki, indiyədək Hacı Məmmədovun da, Elmar Hüseynovun da istintaqını MTN aparıb. Amma indiyədək bu istintaqlarda bu barədə heç nə deyilməyib. MTN bildirib ki, Elmar Hüseynovu Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov qətlə yetirib, onlar da axtarışdadır. Birdən-birə Hacı Məmmədovun belə ifadə verməsi və hətta bu qətli necə icra etdiyi haqda açıqlama verəcəyi haqda anonsu da bəzi suallar doğurur. Əgər Hacı Məmmədov bu haqda təfsilatlı danışmaqdan çəkinmirsə, bəs Temyruz Əlyievlə Tahir Xubanov kim imiş? Və qətlin sifarişçisi Fərhad Əliyevin olması haqda niyə susurdu? Axı sabiq nazir bir ilə yaxındı ki, həbsdədir. Bu suallara isə yəqin ki, iyulun 27-dəki məhkəmə prosesi zamanı qismən də olsa cavab almaq mümkün olacaq.


XS
SM
MD
LG