Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Kitabi-Dədə Qorqud (Salur Qazanın dustaq olduğu və Uruzun onu xilas etdiyi boy)


əvvəli

Deyilənə görə, xanım, Trabzon təkuru bəylər bəyi olan Qazan
xana bir şahin göndərmişdi. Bir gecə yeyib-içib oturarkən şahinçibaşıya
deyir: “Əyə, sabah şahinləri götür, xəlvətcə ova çıxaq!”
Səhər erkən atlara minib, ov yerinə getdilər. Bir sürü qaz gördülər.
Qazan şahini buraxdı, qazları ovlaya bilmədi. Şahin uçub göyə qalxdı.
Gözlədilər, şahin Tumanın qalasına endi. Qazan çox pərt oldu. Şahinin
ardınca düşdü, dərə-təpə aşdı. Kafir elinə gəldi. Gedərkən Qazanın
gözünü yuxu tutdu. Bəylər dedilər: “Ay xan, qayıdaq!”. Qazan dedi: “Bir
az da irəli gedək!”. Baxdı, bir qala gördü. Dedi: “Bəylər, gəlin yataq!”.
Qazanı “kiçik ölüm” tutdu, uyudu. Oğuz bəyləri yeddi gün yatardı,
ona görə də yuxuya “kiçik ölüm” deyirdilər.
Sən demə, o gün Tumanın qalasının təkuru ova çıxıbmış. Casus
gəlib deyir: “Bir bölük atlı gəldi, bəyləri yatdı, yuxuya getdi”. Təkur
adam göndərdi ki, kim olduğunu bilin!
Gələnlər bildi ki, bunlar oğuzlardandır. Gəlib təkurə xəbər verdilər.
Təkur da dərhal qoşunu yığdı, bunların üzərinə gəldi. Qazanın bəyləri
baxıb gördülər ki, düşmən gəlir, dedilər: “Qazanı qoyub getsək,evində
bizi qırarlar. Yaxşısı budur ki, burada qırılaq!”. Kafiri qarşıladılar,
döyüşdülər. Qazanın iyirmi beş bəyini həlak etdilər. Qazanın üstünə
düşdülər. Yatdığı yerdə tutdular. Əl-ayağını bərk bağladılar, bir arabaya
qoyub, örkənlə möhkəm sarıdılar. Arabanı çəkib, yola düşdülər.
Gedərkən araba qıcırtısından Qazan oyandı, gərnəşdi, qollarındakı
örkəni tamam qırdı. Arabanın üstündə oturdu. Əlini əlinə çalıb, qahqahla
güldü. Kafirlər dedilər: “Nə gülürsən?” Qazan dedi: “Ay kafirlər,
bu arabanı beşiyim sandım. Sizi yamrı-yumru dayəm sandım”.
Qazanı bu cür gətirdilər. Tumanın qalasında bir quyuya atdılar.
Quyunun ağzına bir dəyirman daşı qoydular. Yemək-içməyini dəyirman
daşının deşiyindən verirdilər.
Bir gün təkurun arvadı deyir: “Gedim, Qazanı görüm, necə kişidir
ki, bu qədər adamlara zərbə vururmuş?”. Arvad gəlib zindançıya qapını
açdırdı. Çağırıb deyir: “Qazan bəy, halın necədir? Güzəranın yer
altında xoşdur, yoxsa yer üzündə? İndi nə yeyirsən, nə içirsən və nəyə
minirsən?”. Qazan deyir: “Ölülərinə xörək verdiyin vaxt əllə-
rindən alıram. Həm də ölülərinizin yorğasını minirəm, tənbəllərini
yedəkləyirəm”.
Təkurun arvadı deyir: “Qazan bəy, səni dininə and verirəm, yeddi
yaşında bir qızcığazım ölmüşdür, rəhm eylə, ona minmə!”.
Qazan deyir: “Ölülərinizin arasında ondan yorğası yoxdur, elə ona
minirəm!”. Arvad deyir: “Vay, sənin əlindən nə yer üzündə dirimiz, nə
də yer altında ölümüz xilas olurmuş!”. Gəldi, təkurə dedi: “Rəhm eylə,
o yad oğlunu quyudan çıxar. Yer altında qızcığazımı minirmiş; qızcığazın
belini üzər. Qalan ölülərimizi bir yerə yığıb, onlar üçün verdiyimiz
xörəyi-yeməyi əllərindən çəkib alır, yeyirmiş. Onun əlindən nə ölümüz,
nə dirimiz xilas olurmuş! Dinin eşqinə, o kişini quyudan çıxar”.
Təkur bəylərini topladı. Deyir: “Gəlin Qazanı quyudan çıxarın,
bizi tərifləsin, oğuz elini pisləsin. Bundan sonra şərt qoysun ki, bizim
elimizə düşmənçiliyə gəlməyəcək”.
Getdilər, Qazanı quyudan çıxarıb gətirdilər. Dedilər: “And iç ki,
bizim elimizə düşmənçiliyə gəlməyəcəksən. Həm də bizi təriflə, oğuz
elini xəcil elə, ucuz tut; səni buraxaq, çıx get!”. Qazan deyir: “Vallah,
billah, doğru yolu görürkən əyri yoldan gəlmərəm!”. Dedilər: “Vallah,
Qazan yaxşı and içdi”. “İndi, Qazan bəy, di, bizi təriflə!” – dedilər.
Qazan deyir: “Mən yer üstündə adam tərifləmərəm. Bir adam gətirin,
minim, sizi tərifləyim”. Getdilər, kafirlərdən bir kişini gətirdilər. “Bir
yəhər, bir yüyən”, – dedi, gətirdilər. Qazan, kafirin belinə yəhər saldı,
ağzına yüyən vurdu. “Qolanını” çəkdi, sıçrayıb belinə mindi. Dizlərini
onun dizlərinə vurdu. Qabırğasını qarnına yapışdırdı. Yüyənini çəkdi,
ağzını ayırdı, kafiri öldürdü. Əyilib üzərində oturdu. Deyir: “Ay kafirlər,
qopuzumu gətirin, sizi tərifləyim!”.
Getdilər, qopuzu gətirdilər. Qazan qopuzu əlinə alıb burada
soylamış, görək, xanım, nə soylayıb demişdir:
On min düşmən gördümsə, “oyunum” dedim.
İyirmi min düşmən gördümsə, qaçmadım.
Otuz min düşmən gördümsə, ot saydım.
Qırx min düşmən gördümsə, qıya baxdım.
Əlli min düşmən gördümsə, əl vermədim.
Altmış min düşmən gördümsə, dindirmədim.
Səksən min düşmən gördümsə, səksənmədim.
Doxsan min düşmən gördümsə, silahlanmadım.
Yüz min düşmən gördümsə, üz döndərmədim.
Üzü dönməz, kütləşməyən qılıncımı ələ aldım.
Məhəmmədin dini eşqinə qılınc çaldım.
Hündür yerdə yumru başı top tək kəsdim.
Onda belə “ərəm, bəyəm” deyə öyünmədim.
Çox öyünən kişilərdə bir kişilik görmədim!
Əlinə düşmüş ikən ey kafir, öldür məni,
Böyük qılıncını sal boynuma, kəs başımı,
qılıncından qorxan deyiləm!
Öz əslimə, öz kökümə xain çıxan deyiləm!
Bir soy da soylayıb demişdir:
Yüksək-yüksək böyük dağdan daş yuvarlansa,
Öz dizini – oyluğunu qarşısına tutan mənəm.
Fironun sütunu tək yerdə yüklər qalansa,
O tayları dizi ilə tutub duran Qazan mənəm.
Böyük-böyük bəylərin oğlanları dalaşanda
Qamçı altına salıb döyən-vuran Qazan mənəm.
Uca dağda dolu yağsa, qara-qatı duman dursa,
Qaracıq atın qulaqları çovğunluqda görünməsə,
Bələdçisiz qorxu çəkən igidlər də yol yanılsa,
Bələdçisiz yol tanıyan, yol bacaran Qazan mənəm.
Yeddi başlı əjdahaya rast gəlib yetişdim.
Heybətindən, qorxusundan bu sol gözüm yaşardı.
“Hey gözüm? Bir ilanda nə var belə, qorxdun!” – dedim.
Mən onda da “ərəm, bəyəm” deyə öyünmədim,
Çox öyünən kişilərdə bir kişilik görmədim.
Əlinə düşmüş ikən, ay kafir, öldür məni,
Çək qılıncı, kəs başımı, mən ki qorxan deyiləm!
Öz əslimə, öz kökümə xain çıxan deyiləm!
Oğuzun igidləri dura-dura mən sənin
Şərəfinə, şəninə tərif yaxan deyiləm!
Qazan burada bir daha soylamışdır:
Qayalıqda salınmışdır kafirin bir şəhəri,
Əmmanın sularında yuyunur sahilləri.
Sağa-sola çırpınıb baş vurur üzgüçülər,
Su dibində fırlanıb dönürdü dənizçilər.
“Tanrı mənəm!” deyirlər su dibində azğınlar.
Düzü qoyub, tərsini söyləyir qız-gəlinlər.
Qızıl aşıq oynadır Sancıdanın bəyləri;
Altı dəfə oğuzlar getdi, ala bilmədi.
Altı nəfər igidlə ora mən Qazan getdim.
Altı gündə qalanı mən aldım, məğlub etdim.
Kilsəsini yıxaraq, yerində məscid tikdim,
dua-namaz oxutdum.
Qızını-gəlinini ağ köksümdə oynatdım,
bəylərini qul etdim.
Mən onda da “ərəm, bəyəm” deyə öyünmədim!
Çox öyünən kişilərdə bir kişilik görmədim!
Əlinə keçmiş ikən, ey kafir, öldür məni,
Çal qılıncı, kəs başımı, mən ki, qorxan deyiləm!
Öz əslimə, öz kökümə xain çıxan deyiləm!
Qazan yenə soylayıb demişdir:
Dağda-daşda qabağımdan çox qaçıbdır,
ey kafir, atan sənin.
Oynatmışam qabağımda, çox fırlanıb
qız-gəlinin...
Ağca qala Sürməlidə at oynatdım.
Atla Harun elinə çapdım, çatdım.
Ağ hasarın qalasının bürcünü yıxdım.
Ağ gümüş gətirdilər, “heçdir, puçdur” söylədim.
Qızıl-altun gətirdilər, adicə “misdir” dedim.
Ala gözlü qız-gəlini gətirdilər, aldanmadım.
Kilsəsini yıxıb orda məscid tikdim,
Qızılını-gümüşünü talan etdim.
Onda da mən “ərəm, bəyəm” deyə öyünmədim.
Çox öyünən kişilərdə bir kişilik görmədim!
Əlinə düşmüş ikən, ey kafir, öldür məni,
Öz əslimə, kökümə xain çıxan deyiləm!
Şərəfinə, şəninə tərif yaxan deyiləm!
Qazan bəy burada bir daha soylayıb demişdir:
Ağ qayanın qaplanının erkəyində bir köküm var,
Ortac qırda sizin keyik sürünüzü rahat qoymaz.
Ağ sazın aslanından bir köküm var,
Ala qaz tək otlamağa düzlərində bir at qoymaz.
Qorxu bilməz qurd balası erkəyindən bir köküm var.
Qorxusundan çobanların qoyunları otarammaz.
Ağ sunqur quşunun erkəyi tək bir köküm var,
Qorxusundan ala ördək, qara qazın suya qonmaz.
Uruz adlı oğul verdim Qalın Oğuz elinə,
Bir qardaşım var ki mənim, adı igid Qaragünə,
Xəbər tutub, qolundakı şahinini sağ qoymazlar!
Əlinə düşmüş ikən, ey kafir, öldür məni!
Mən ki, sənin qılıncından qorxan deyiləm!
Öz əslimə, öz kökümə xain çıxan deyiləm!
Bir daha soylayıb demişdir:
İt kimi mırıldayan
Çərkəz donuzlusan sən.
Kiçik donuz şülənin,
Torba saman döşəyin,
Yarım kərpic yasdığın,
Yonma ağac tanrındır,
Mənim köpəyim kafir!
Oğuzlar dura-dura,
Səni tərifləmərəm!
Sonra öldürəcəksən,
İndicə öldür məni.
Onsuz da mən ölümdən,
qandan qorxan deyiləm!
Allah qoysa, sağ qalsam,
Mən səni öldürərəm!
Kafirlər dedi: “Bu bizi tərifləmədi. Gəlin, bunu öldürək!”. Kafir
bəyləri yığışıb gəldilər. Yenə dedilər: “Bunun oğlu var, qardaşı var,
bunu öldürmək olmaz”. Gətirib donuz damına saldılar.
At ayağı iti, ozan dili çevik olur. Qazanın öldüyünü-qaldığını heç
kim bilmədi...
Sən demə, xanım, Qazanın kiçik bir oğlu varmış; böyüyüb bir igid
oldu. Bir gün ata minib divana gəlirkən bir kişi deyir: “Məgər sən
Qazan xanın oğlu deyilsən?”. Uruz hirslənib deyir: “Ay yaramaz, mənim
atam Bayındır xan deyildirmi?”. Deyir: “Yox, o, ananın atasıdır,
sənin babandır”. Uruz: “Əyə, bəs mənim atam ölüdür, ya diri?” – deyə
soruşur. Deyir: “Diridir, Tumanın qalasında dustaqdır”. Belə deyəndə
oğlan utanmış halda atını qaytarıb geri döndü, anasının yanına gəldi.
Burada anasına soylamış, görək, xanım, nə soylamışdır:
Ay ana, mən xan oğlu deyiləmmiş,
Qazan xanın oğluyammış...
Bunu mənə niyə əvvəl demirdin?
Ana haqqı – Tanrı haqqı olmasaydı,
Qara polad iti qılıncı çəkərdim,
Qəfilcədən gözəl başını kəsərdim,
Al qanını yer üzünə tökərdim!
Anası ağlayıb deyir: “Oğul, atan sağdır, amma söyləməyə qorxurdum,
kafir elinə gedəsən, özünü vurdurub həlak olasan. Canım oğul, ona
görə sənə demirdim; ancaq əmin üçün adam sal, gəlsin, görək, nə deyir”.
Adam göndərdi, əmisini çağırtdırdı; o da gəldi. Uruz deyir: “Mən
atamın dustaq olduğu qalaya gedirəm”. Birlikdə danışdılar. Bütün
bəylərə xəbər çatdı: “Uruz atası üçün gedir, yaraqlanıb gəlin!”.
Qoşun toplanıb gəldi. İgid Uruz qurduğu çadırları açdırdı, silah
yüklərini hazırlatdırdı. Qaragünə qoşunun başçısı oldu. Boruları göyə
ucaldıb köçdülər. Yola düşdülər.
Yol üzərində kafirin Aya Sofya adlı kilsəsi vardı. Keşişlər qoruyur,
nəzarət edirdilər. Çox keçilməz-alınmaz kilsə idi. Atdan düşüb tacir
donu geyindilər. Tacir qiyafəsində qatır-dəvələrini çəkib gəldilər.
Kafirlər gördülər ki, gələnlər tacirə bənzəmir, qaçıb qalaya girdilər,
qapılarını bağladılar. Bürcə çıxıb “kimlərsiz?” – dedilər. Bunlar:
“Tacirlərik” – dedilər. Kafirlər “Yalan söyləyirsiz” – deyə daşa tutdular.
Uruz atdan düşüb deyir: “Atamın qızıl qədəhindən şərab içən,
məni sevən kimdirsə, atdan düşsün! Bunların qapısına bir-bir gürz vuraq!”.
On altı igid sıçrayıb atdan düşdü. Qalxan tutdular. Gürzlərini çiyinlərinə
saldılar. Qapıya gəldilər, bir-bir gürz vurub qapını sındırdılar,
içəri girdilər. Kafirlərin hamısını qırdılar, bir nəfəri sağ qoymadılar
ki, gedib özününkülərə xəbər versin. Malını talan etdilər. Öz
qoşunlarının üzərinə qayıtdılar.
Kafirlərin bir malotaranı vardı. Gördü ki, qalanı aldılar. Qaçıb
təkurun yanına getdi, Aya Soyfanın alındığını xəbər verdi: “Nə oturursuz,
üzərinizə düşmən gəlib, başınıza çarə eləyin!” -dedi.
Təkur, bəyləri bir yerə yığdı. “Bunlarla neyləyək?”- dedi. Bəylər
dedilər: “Bunun yolu odur ki, Qazanı onların qabağına çıxaraq”. Bu
fikri bəyəndilər. Gedib Qazanı çıxartdılar, təkurun qabağına gətirdilər.
Təkur dedi: “Qazan bəy, üstümüzə düşmən gəlib. Bizi bu düşməndən
qorusan, səni buraxarıq. Həm də xərac verməyə razı olarıq. Ancaq sən
də and iç ki, bizim bu elimizə düşmənçiliklə gəlməyəcəksən”. Qazan
deyir: “Vallah, billah doğru yolu görə-görə əyri yolla gəlmərəm!”.
Kafirlər “Qazan yaxşı and içdi”, – deyə sevindilər. Təkur qoşunun
seçmə dəstələrini yığıb meydana gəldi. Çadır qurdurdu. Kafirin qoşunu
Qazanın ətrafına yığıldı. Qazana geyim-keci gətirdilər; qılınc, süngü
və sair döyüş silahları ilə onu yaraqlandırdılar.
Bu zaman oğuz igidləri alay-alay gəldi, gumbur-gumbur təbillər,
nağaralar çalındı.
Qazan gördü ki, bir ağ-boz atlı, ağ bayraqlı, dəmir donlu bəy oğuz
qoşununun önündə gəldi. Çadırını qurdurdu. Alay bağlayıb durdu.
Onun ardınca Qaragünə gəldi, o da öz dəstəsini düzüb durdu. Elə bu
zaman Qazan atını meydana sürüb, özünə tay döyüşçü istədi.
Boz atlı Beyrək at çapıb meydana girdi. Qazan burada soylamış,
görək, xanım, nə soylayıb, demişdir:
Yerindən qalxaraq duran igid, nə igidsən?
Əyninə bəy dəmir donu geyən igid, nə igidsən?
Adın nədir, igid, söylə mənə!
Beyrək burada soylayıb demişdir:
Aya, kafir, sən məni tanımırsanmı?
Parasarın Bayburd hasarından sıçrayıb uçan,
Adaxlısını ayrısı alırkən tutub alan
Baybörə xan oğlu Bamsı Beyrək deyirlər mənə,
Bəri gəl, ay kafir, döyüşək!
Qazan burada bir daha soylayıb deyir:
İgid, qoşunun önündə ağ bayraqlı alay durdu,
Başçı düzüb dəstəsini, çadırını öndə qurdu.
Ağ-boz ata minən igid nə igiddir, kimlərdəndir?
And verirəm öz başına, igid bunu söylə mənə!
Beyrək deyir: “Ay kafir, kimlərdən olacaq, bəyimiz Qazanın oğludur!”.
Qazan ürəyində dedi: “Allaha şükür, mənim oğlancığım böyük
igid olub”.
Beyrək: “Ay kafir, nə onu-bunu soruşursan məndən?”- dedi. Qazanın
üzərinə at sürdü. Qanadlı gürzünü qaldırıb Qazanı vurdu. Qazan
özünü tanıtdırmadı, qarmalayıb Beyrəyin biləyindən tutdu, dartıb dəyənəyini
əlindən aldı. Beyrəyin ənsəsinə bir dəyənək zərbəsi vurdu.
Beyrək atın boynunu qucaqlayıb, geri qayıtdı. Qazan dedi: “Ey Beyrək,
get, bəyinə de gəlsin!”.
Bunu gördü, İlək qoca oğlu Dönəbilməz Tüləkvuran meydana
girdi. Qazan burada soylayıb deyir:
Sübh tezdən öz yerindən duran igid, nə igidsən?
Bədəvi atını oynadaraq gələn igid, nə igidsən?
İgidin igiddən ad gizlətməsi eyibdir,
Adın nədir, igid, söylə mənə!
Tüləkvuran deyir:
Ay kafir, mənim adımı bilmirsənmi?
Öz adına xor baxıb eldən çıxan,
Əlli yeddi qalanın kilidini alan
İlək qoca oğlu Dönəbilməz Tüləkvuran
mənə deyirlər!
O, süngüsünü əlinə alıb, atını irəli sürdü. “Qazana sancım”, – deyə
fikirləşdi, ancaq sanca bilmədi, yan keçdi. Qazan atla irəli cumdu.
Süngüsünü çəkib əlindən aldı, təpəsinə vurdu. Süngü para-para olub
ovuldu. Dedi: “Əyə, əbləh oğlu, bəyinə de gəlsin!”. O da qayıtdı.
Qazan yenə igid istədi. Dözən oğlu Alp Rüstəm at sürüb meydana
girdi. Qazan burada yenə dedi:
Qalxaraq yerindən durub gələn,
Gözəl Qazlıq atını minən,
Nə igidsən, adın nədir, de mənə!
Alp Rüstəm deyir:
Qalxıb yerindən duran-gələn,
İki qardaş uşağını
öldürüb zəlil gəzən,
Dözən oğlu Alp Rüstəm mənə deyərlər!
O da Qazana hücum etdi. “Məğlub edim” dedi, edə bilmədi. Qazan
bəy buna da bir zərbə vurdu. Dedi: “Ay yaramaz, get, bəyinə de,
gəlsin!”.
O da döndü. Qazan yenidən igid istədi. Uruzun atının yüyənini
əmisi Qaragünə tutmuşdu. Uruz yüyəni çəkib bir anda əlindən aldı,
qılınc çəkib, atasının üzərinə at saldı. Durmayıb çiyninə qılınc endirdi.
Qılınc Qazanın geyimini kəsib, çiyninə dörd barmağadək yara vurdu.
Al qanı şoruldayıb qoynuna axdı.
Uruz yenə döndü ki, bir də vursun, Qazan burada çağırıb oğluna
soyladı, görək, xanım, nə soyladı:
Uca dağımın zirvəsi, qüruru oğul!
Qaranlıq çökmüş gözlərimin
işığı, nuru oğul!
İgidim Uruz, aslanım Uruz,
Ağ saqqallı atana qıyma, oğul!
Uruzun damarlarındakı qan şəfqətlə qaynadı. Qara qıyma gözləri
qan-yaşla doldu. Atdan yerə düşüb, atasının əlini öpdü. Qazan atdan
endirildi. O, oğlunun boynunu öpdü. Bəylər Qazanla oğlunun yanına at
sürüb, onları çevrəyə aldılar. Hamı atdan düşüb, Qazanın əlini öpdü.
Hücum edib kafirlərin üstünə at saldılar, qılınc çaldılar. Dərələrdətəpələrdə
kafirlərə qırğın düşdü. Qalanı aldılar. Kilsəni yıxıb, məscid
tikdilər. Uruz qanlı kafir əlindən atasını xilas etdi.
Qalın Oğuz elinə gəlib çıxdılar. Uruz ağca üzlü anasına muştuluqçu
göndərdi. Qaza bənzər qız-gəlin Qazanın qarşısına gəlib, əlini
öpdülər, ayağına düşdülər.
Qazan gözəl çəmənlikdə çadırlar-otaqlar qurdurdu. Yeddi gün
yeddi gecə toy-düyün etdilər, yemək-içmək oldu.
Dədəm Qorqud gəldi, qopuz çaldı. İgid döyüşçülərin başına nə
gəldiyini söylədi:
Hanı o tərifli bəy igidlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya!
Son ucu ölümlü dünya!
Ölüm gəldikdə səni təmiz imandan ayırmasın!
Allah səni namərdə möhtac etməsin!
Beş kəlmə dua etdik, qəbul olunsun!
“Amin! Amin!” deyənlərin üzünü görəsən!
Günahınızı adı gözəl Məhəmməd Müstafaya
bağışlasın, xanım, hey!

davamı
XS
SM
MD
LG