Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Müdafiə Nazirliyi ictimaiyyətə cavab verir


«Son zamanlar baş vermiş olaylar sanki orduya hücum üçün bir fürsət oldu. Tənqidlə yanaşı Azərbaycan ordusunu aşağılayan və onu təhqir edən bəyanatlarla çıxış etdilər. Ordu böyük bir ailədir və burda da hər bir hadisə baş verə bilər». Azərbaycanm ordusunun vəziyyəti ilə bağlı Media Mərkəzində təşkil olunmuş müzakirədə Müdafiə nazirliyinin sözçüsü Eldar Sabiroğlu belə deyib. O bildirib ki, nazirlik bu cür hadisələrə biganə yanaşmır və belə halları aradan qaldırmaq üçün ciddi tədbirlər görür: «Hazırda bir neçə iş respublika hərbi prokurorluğunda istintaqdadır».

DÖRD ƏSGƏR BİR SÖZÜN QURBANI OLUB

Nazirlik rəsmisi mayın 23-də Silahlı Qüvvələrin Seyfəli poliqonunda bir əsgərin dörd hərbçini öldürməsi məsələsinə də toxunub: “Seyfəlidəki hadisə adicə bir sözdən – bir əsgərin digər əsgərə dediyi sözü həzm edə bilməməsindən əmələ gəlib. Hələ istintaq getdiyindən bəzi məsələləri açıqlaya bilmərəm. Məndə olan məlumata görə, bir əsgər Orxan Səfərova bir söz deyib, o birilər də bu sözə gülüşüblər və o da qəzəblənib bu hadisəni törədib”. Eldar Sabiroğluna görə, mətbuat bu hadisəyə hərtərəfli yanaşmayıb: “Mənim üçün ağrılı məqam odur ki, bir sıra mətbuat yalnız öldürən haqqında danışır, onu müdafiə edir, yazırlar ki, əsgəri bu həddə çatdırıblar. Amma dörd oğul itirmiş ana-atadan bir kəlmə soruşulmadı, onlar məcbur oldular ki, özləri mətbuat konfransı keçirsinlər. Bu axı düzgün deyil. Hadisəyə hər tərəfli yanaşmaq lazımdır.”

«ADLAR ÇƏKİLMƏMƏLİYDİ»

Eldar Sabiroğlu son günlər mətbuatda ordudakı neqativ hallarla bağlı istintaq materiallarının dərc olunmasını da pisləyib: «Qəzetlərdə son vaxtlar acınacaqlı məlumatlar dərc olunub. Bu hadisə bir bizim ordumuz üçün xarakterik ola bilməz, bu daha çox Ermənistan ordusu üçün xarakterikdir, amma inandırım sizi, onlar heç vaxt belə məsələləri öz mətbuatına çıxarmazdılar. Elə məsələlər var ki, onları ictimailəşdirmək doğru deyil».

Jurnalistlərin suallarına cavab verərkən orduda işgəncə və zorlama qalmaqalı ilə bağlı istintaqın getdiyini nə təsdiq, nə təkzib edən sözçü bununla belə, həmin mövzuda dərc olunan yazılara münasibətini bildirərkən, hadisənin baş verdiyini dolayısı ilə təsdiqləyib. «Yazıda konkret adlar çəkilir, heç olmasa onların ailələri nəzərə alınaraq o adlar olduğu kimi çəkilməməliydi».

ZƏHƏRLƏNMƏ, YOXSA SOYUQDƏYMƏ

Müdafiə Nazirliyinin rəsmisi mayın 26-da Qaraheybət Təlim-Tədris Mərkəzində hərbçilərin xəstəxanaya düşmə səbəbinin heç də zəhərlənmə yox, soyuqdəymə olmasına şübhə ilə yanaşmaqda da məntiq olmadığını deyir:
«Bir məntiq var ortada - 164 əsgəri hərbi hospitala gətiriblər. 158-i həmin gecə geri qaytarılıb. Əgər onların həyatı təhlükə altında olmuş olsaydı onları taleyin hökmünə buraxmaq olardımı? Yoxlanıldı, heç bir zəhərlənmə olmadığına görə, həmin 158 əsgər öz hərbi hissəsinə qaytarıldı. 6 nəfər isə mədənin funksional pozğunluğu ilə əlaqədar hərbi hospitalda tədavü aldı».
Eldar Sabiroğlu onu da bildirdi ki, bir-iki hərbi hadisədə baş vermiş hadisəni ümumiləşdirib bütövlükdə ordunu aşağılamaq, onun haqqında nəticə çıxarmaq düzgün deyil.

Ordu haqqında debatlar
Gözlə
Embed

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid
XS
SM
MD
LG