Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

40 min avroluq ianə


«Bizim ledi» kilsəsi
«Bizim ledi» kilsəsi
Heydər Əliyev Fondu Strasburq kafedral kilsəsinə - «Bizim ledi» kilsəsinə 40 min avro bağışlayıb. Fonddan «Azadlıq» radiosuna bildirilib ki, ianə «Tolerantlığın ünvanı - Azərbaycan» adlı layihə çərçivəsində edilib:

«Heydər Əliyev adına Fondun beynəlxalq əməkdaşlıq təcrübəsi var, Pakistanda orta məktəb də tikib».

Bəs başqa şəhərlərdəki kilsələrə də belə yardım göstəriləcəkmi?

Fonddan deyirlər ki, yaxın vaxtlarda bu, gözlənilmir, amma Azərbaycandakı xristian kilsələrinə belə yardımlar göstərilib.

BƏS NİYƏ MƏHZ STRASBURQ?

Heydər Əliyev Fondunda bunun səbəbini bilmirlər. Amma politoloq İlqar Məmmədov hesab edir ki, Strasburqun seçilməsi təsadüfi deyil:

«Starsburq Avropanın mədəni paytaxtlarından biri və Avropa demokratiyasının ürəyidir. Bu şəhərdə demokratik təsisatlar yerləşir. Yəqin ona görə də qərara alınıb ki, bu fondun təbliği üçün Strasburq daha əlverişli yerdi».

Amma İlqar Məmmədov layihənin adıyla razı deyil. Onun fikrincə, Azərbaycan nəinki tolerantlığın ünvanıdır, əksinə, azadlıqların, insan haqlarının boğulduğu bir məkandır:

«Azərbaycan indiki siyasi durumda heç bir tolerantlığın nümunəsi deyil. Bu ölkədə insanlar təqib olunurlar, həm siyasi, həm də dini mənsubiyyətinə görə incidilirlər».

Politoloqa görə, tolerantlıq imici qazanmaq və ya bunu təbliğ etmək üçün böyük məbləğdə pul xərcləməkdənsə, ölkədə insan haqları qorunmalı, azadlıqlar boğulmamalıdır:

«Nə qədər pul xərclənirsə, xərclənsin. Ola bilsin ki, bir-iki nəfər pulun üzünə baxsın, amma geniş beynəlxalq ictimaiyyət faktlara daha çox önəm verir, nəinki o vəsaitə».

«BU MÜNASİBƏT MƏSCİDLƏRƏ DƏ BƏSLƏNSƏYDİ…»

40 min avronun kilsəyə köçürülməsini bəyənən və bu addımı təqdir etdiyini deyən Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun fikrincə, bu addımla Azərbaycan başqa dinlərə öz tolerantlığını göstərir:

«Amma mən çox istərdim ki, bu tolerantlıq, yüksək münasibət bizim məscidlərə də olaydı. Cox təəssüf ki, Bakı islam mədəniyyətinin paytaxtı elan edildiyi ildə iki məscid sökülüb, hal-hazırda «Günəşli» ərazisində «Xanım Fatimeyi-Zəhra» adlı məscidin fəaliyyəti dayandırılıb».

Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda dini etiqad azadlığıyla bağlı narahatçılığın olduğunu, o cümlədən bəzi xristian icmalarının qeydiyyatında problemlər yaşandığı barədə dəfələrlə açıqlama veriblər.

O ki qaldı Strasburqdakı «Bizim ledi» kilsəsinə verilən ianəyə, icma rəhbərliyi bildirib ki, 40 min avro kilsənin iki böyük pəncərəsinin təmirinə istifadə ediləcək.

Heydər Əliyev Fondu vəsaitin mənbəyini açıqlamır. Ümumiyyətlə, Fond indiyə kimi gördüyü xeyriyyə layihələrindən heç birinin maliyyə mənbələrini açıqlamayıb.
XS
SM
MD
LG