Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Gürcüstanda korrupsiya varmı?


Gürcüstan hökumətinin aktiv şəkildə apardığı ideoloji təbliğat öz nəticəsini verdi - kütləvi rüşvətxorluq dayandı
Gürcüstan hökumətinin aktiv şəkildə apardığı ideoloji təbliğat öz nəticəsini verdi - kütləvi rüşvətxorluq dayandı
Gürcüstanda korrupsiya varmı? Əgər bir neçə il əvvəl Gürcüstan vətəndaşına bu sual verilsəydi bir çoxları düşünmədən deyərdi ki, var. Bu günsə mənzərə dəyişib.

«Yox, korrupsiya yoxdur. Az-maz... Yox, əslində köklü şəkildə yoxdur»- 57 yaşlı Eter Çxobrebadze belə deyir.

«ƏN YAXŞI GÖSTƏRİCİ 10 BALDIR»
«Qızılgül» inqilabından sonra hökumətin qarşısında dayanan əsas məsələlərdən biri korrupsiya ilə mübarizə olub. Beynəlxalq araşdırmalar göstərir ki, korrupsiyanın səviyyəsi Gürcüstanda azalıb. «Transparency İnternational»ın apardığı təhlillərə görə 2003-cü ildə Gürcüstanda korrupsiya indeksi mümkün 10 baldan 1,8 bal təşkil edib. Təşkilatın icraçı direktoru Tamara Karosanidze deyir ki, 2003-cü ildən bu göstərici dəyişib – artıb:

«2008-ci ilin sonunda təhlillər aparılanda Gürcüstanın korrupsiya göstəricisi 3.9 bal olub. Fakt odur ki, vəziyyət hökumətin təqdim etdiyi qədər yaxşı deyil. Çünki ən yaxşı göstərici 10 baldır».

Ekspertlər bir ağızdan etiraf edir ki, korrupsiya transformasiyaya uğrayıb, onun səviyyəsi minimuma endirilib, ancaq bu korrupsiyanın tamamilə olmadığı anlamını vermir.

İqtisadçı ekspert Qiya Xuxaşvili bəyan edir ki, korrupsiya ilə mübarizə məqsədilə çox işlər görülüb, ancaq bu onun miqyasının azaldığı demək deyil:

«Hökumət böyük vahid kassa yaratmağa qərar verib. Əhalidən aşağı vəzifəli məmurların pul almasının qarşısını aldı, əvəzində bu işi yuxarıların üstünə qoydu və onu da bir kassaya topladı. İdeya ondan ibarət idi ki, bütün pulları büdcədə toplansın, daha sonra onu istəklərinə uyğun sərf etsinlər. Korrupsiya pulun bir cibdən - başqasına keçməsi demək deyil, başqa formalar da mövcuddur. Biz elit korrupsiyadan danışanda məhz bunu nəzərdə tuturuq. Ona görə büdcə pulları iqtisadi səmərə əldə etmək məqsədilə deyil, «haradan daha çox qoparmaq» prinsipi ilə xərclənir».

Xuxaşvili xatırlayır ki, hökumətin aktiv şəkildə apardığı ideoloji təbliğat öz nəticəsini verdi - kütləvi rüşvətxorluq dayandı, polis xalqın inamını qaytardı.

«Biz birinci patrulun necə işlədiyini xatırlayırıq, onların maddi marağı yox idi, onlar yaxşı maşınlar, geyimlə, cəmiyyət üçün xidmət göstərmək ideyası ilə həvəslənmişdilər və gülümsəyirdilər. Çox böyük iş görülmüşdü. Eyni hal vergi xidmətində də baş verdi. Bu gün vergi işçiləri rüşvət götürmür, amma bu orada korrupsiyanın olmadığı mənasını vermir. Vergi xidmətinin əməkdaşları bu və ya digər şirkətə müəyyən vəsaiti müsadirə etmək tapşırığı ilə gedəndə, yaxud hansısa biznesi məhv etmək tapşırığı alanda – bu bəyəm korrupsiya deyil?!»

Xuxaşvili hesab edir ki, ola bilsin hökumət əvvəldən bu pulları öz cibinə qoymağı düşünməyib.

Korrupsiyanı yox etmək, rüşvətxorluq qarşısında qorxu tumu səpmək üçün hansı işlər görülüb.

ƏSAS MOTİV NƏ OLUB?
Tamara Karosanidze hökumətin gördüyü səmərəli tədbirlərdən danışır: «Əsas istiqamətlərdən biri dövlət işçilərinin əmək haqlarının artırılması olub. Biz anlayırıq ki, Şevarnadzenin dövründə onların maaşları az olub, hətta pullarını aylarla ala bilməyiblər. Bundan savayı 2-ci səbəb də vardı –qorxu yaranmışdı ki, əgər səni korrupsiyada ifşa eləyiblərsə, cəzalanacaqsan. Və bu prinsip işə yaradı».

Karosanidze hökumətin korrupsiyanın səviyyəsini azalda bildiyi 2 sahəyə işarə edir – bunlar yol polisi və qəbul imtahanlarıdır. Ancaq bu günə qədər elə sahələr də var ki, onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir, bax bunu - elit korrupsiya adlandırırlar.

«Dövlət satınalmalarında çətin vəziyyət yaranıb, belə ki, dövlət satınalmalar üzrə agentlik siyasi cəhətdən asılıdır və müxtəlif nazirliklərin satınalmasının qanuniliyinə nəzarət edə bilmir. Çox vaxt tender elan etmək yerinə, onlar dövlət sifarişlərinin yerinə yetirməsi üçün konkret şəxslərlə müqavilə bağlayırlar. Şevarnadzenin dövrü ilə müqayisədə indi məhkəmələrdə rüşvətxorluğun səviyyəsi xeyli azalıb, ancaq yenə də tam müstəqil deyillər. 2004-cü ildən məhkəmə - Dövlət institutu kimi tanınıb, cəmiyyətdə bu orqana inam azdır».

Ehtiyat fondları isə başqa mübahisəli və problemli məsələdir. Bir neçə ildir büdcə vəsaitlərinin bölüşdürülməsinin monitorinqini aparan, Gənc Hüquqşünaslar Assosiasiyanın nümayəndəsi Tamara Qurçiani deyir ki, onlar hətta məhkəməyə qədər getsələr də, reaksiya – sıfırdır:

«Uzun illərdir biz prezident və hökumət fondundan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini deyirik. Yerli özünü idarəetmə təşkilatları əsasında yaradılmış fondlar merin sərəncamındadır. Bir neçə belə faktı biz məhkəmədə qaldırmışıq, bu cür administrativ aktların qanuna zidd olmasının tanınmasını tələb etmişik, ancaq nəticəsi olmayıb».

Tbilisi sakinləri ilə korrupsiya barəsində söhbət edəndə isə bir çoxları hökumətə loyal yanaşdıqlarını desələr də, bəziləri hələ də həll olunası çox problemin olduğunu deyir.
XS
SM
MD
LG