Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

«Bunu eləsəm, ikimiz də həbsə gedəcəyik»


Stiv Levayn
Steve LeVine bir vaxtlar Azərbaycan neftindən dünyanın ən məşhur qəzetlərində yazılar yazırdı. Sonradan onun «Neft və təmtəraq» kitabı çıxdı.

Azərbaycan oxucusunun neft və onun ətrafında baş verənlərdən, eləcə də öz ölkəsinin liderlərinin gündəlik həyatından və işindən demək olar ki, xəbərsizliyini nəzərə alaraq həmin kitabdan maraqlı parçalarla sizi tanış edirik:

Azərbaycan lideri Heydər Əliyev qonaq gələn amerikalılar üçün dahiyanə ev sahibi idi. Ancaq Klintonun enerji katibi Hazel O’Liriyə xüsusi münasibəti var idi.

Bunu Steve LeVine «Neft və təmtəraq» kitabında yazır.

Müəllif yazır ki, O’Liri 1995-ci il ilin mayında Bakıda olanda Heydər Əliyev ondan komplimentlərini əsirgəmirdi və hətta şam yeməyində görünürdü ki, O’Lirinin əlini əlində daha çox saxlamağa çalışır.

O’Lirini müşayiət eləyən azərbaycanlı diplomatlardan biri deyirdi ki, Heydər Əliyevin O’Lirinin intellektinə böyük hörməti var və onu cazibədar qadın hesab eləyir.

Əliyev Nyu-Yorka gələndə O’Liriyə Azərbaycan xalçası bağışladı və dedi ki, «bunu yataq otağından asın və məni yada salın». Hazırcavab olan O’Liri cavab verdi ki, «mən bunu eləsəm, ikimiz də birlikdə həbsə gedəcəyik».
Amerika qanunlarına görə bu, rüşvət hesab olunacaqdı...

«Neft və təmtəraq» kitabı
...1993-cü ilin iyulunda Amocodan Tom Doss və BP-dən Eddie Whitehead yeni neft razılaşması variantını Azərbaycanın neft rəsmilərinə təqdim edirdilər. Bu vaxt içəri 3 nəfər girdi. Onlardan biri özünü Heydər Əliyevin yeni neft vasitəçisi olduğunu elan elədi.
Ortaya kağızlar qoydu və dedi ki, bu, yeni kontraktın modelidir.

Qərbin neft bossları gördüklərinə inanmayıblar. Prezident aparatına zəng eləyiblər ki, bu, kimdir? Aparatdan təsdiq eləyiblər ki, gələn adam doğru deyir.

Steve LeVine yazır ki, bu, Marat Manafov idi. O özünü keçmiş polis işçisi kimi təqdim edirdi və deyirdi ki, pulu bizneslə, xammal alveri ilə qazanıb, Slovakiyada özünün futbol klubu var.

Manafovun sonrakı gün kontrakt modeli kimi təklif elədiyi, LeVine yazır ki, razılaşmalar üçün yaramırdı və qərblilər fikirləşirdilər ki, bu, yəqin Azərbaycan yumorudur.

LeVine yazır ki, ən maraqlısı həmin toplantıya Manafovun necə başlaması idi. Hamı nəhəng stolun arxasında əyləşdi - Amerikadan, Kanadadan, Britaniyadan və Almaniyadan olan neft rəhbərləri. Çoxusu cibindən biznes kard çıxarıb, bir-birinə verirdi, Manafov isə Hollivud kinolarında Klint İstvud kimi tapançasını çıxarıb, stolun üstə qoydu.

Ondan sonrakı görüşlər də belə başlayırdı - Manafov 9 mm kalibrli tapançasını əvvəl stolun üstə qoyurdu, sonra danışıqlara başlayırdı.

(ardı var)
XS
SM
MD
LG