Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

«Əbu-Bəkr»ə əl qumbarasını kim atıb?


Qamət Süleymanov
Qamət Süleymanov
Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Meşə qardaşları» adlı qanunsuz silahlı birləşmə yaratmaqda və «Əbu-Bəkr» məscidində partlayış törətməkdə günahlandırılan 26 nəfərin məhkəməsi davam edib.

Məhkəmə iclasında əvvəlcə Türkiyə vətəndaşı Yaman Əli Dursun oğlu təqsirləndirilən şəxs qismində ifadə verib. O, sərhədi qanunsuz keçməkdə, saxta sənədlər hazırlamaqda və Dağıstanda İlqar Mollaçiyevin rəhbəri olduğu qanunsuz silahlı birləşmə tərkibində fəaliyyət göstərməkdə ittiham olunur. Yaman Əli ittihamlar üzrə özünü təqsirli bilməyib.

Prosesdə daha sonra zərərçəkmişlərin dindirilməsinə başlanılıb. İlk olaraq «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleymanov vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb. Vəkillər ondan təqsirləndirilən şəxsləri tanıyıb-tanımadığını soruşublar. Qamət Süleymanov «mən bu adamların heç birini tanımıram» deyib.

Vəkillər və dövlət ittihamçısı Qamət Süleymanova Azərbaycan ərazisində hər hansı qanunsuz silahlı birləşmənin fəaliyyət göstərməsi barədə məlumatı olub-olmadığına dair də suallar veriblər. Qamət Süleymanov da: «Məndə belə bir məlumat olmayıb»-cavabını verib.

«Əbu-Bəkr» məscidində partlayış 2008-ci ilin avqustun 19-da baş verib. Məscidə atılan əl qumbarasının partlaması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanmışdı. Yaralananlardan biri də Qamət Süleymanov olub.
XS
SM
MD
LG