Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

«Söküləcək məscidlərin uzun siyahısı var»


«İlahiyyat» məscidi
«İlahiyyat» məscidi
«Yeni Müsavat»: Çox qəribədir, ölkə başçısının sərəncamı ilə 2009-cu ildə Bakını İslam Mədəniyyəti paytaxtı elan edib, ardınca şəhərdə məscidləri bağlamağa, sökməyə başlayıblar. «Əbu-Bəkr», «İlahiyyat», «Şəhidlər» məscidləri qapadıldı, Yasamalda «Peyğəmbər» məscidinin inşası dayandırıldı. Bir neçə gün öncə isə Yeni Günəşlidə «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qərar verilib. Müsəlman ölkəsində hər hansı bir bəhanə ilə Allah evlərinin sökülməsi, qapadılması adi hal sayıla bilməz.

Hacı İlqar İbrahimoğlu isə bildirdi ki, məscidlərlə bağlı uzun müddətdir aparılan kampaniya durdurulmasa, bunun çox ciddi fəsadları olacaq: «Mənim şeyxə müraciətimin də mahiyyətində o durur ki, Azərbaycanda İslam və inancla bağlı ciddi təhlükə görürəm. Düşünürəm ki, bu məscid sökülərsə, onun ardınca çox ciddi şəkildə İslama və inanca qarşı basqılar başlayacaq. Mən «Fatimeyi-Zəhra» məscidi ilə bağlı məsələni strateji mövzu kimi dəyərləndirirəm. Hətta mən haqsız olaraq zindanda saxlanıldığım dönəmdə bununla və ya hansısa bir fərdi işimlə bağlı heç kimə müraciət etməmişəm. İndi ölkədə İslamla bağlı situasiya təhlükəli həddə çatdığından QMİ sədrinə müraciət etmək qərarına gəldim».

«Bizim Yol»: «İnsanın gözündə başqasının həyatı o vaxt dəyərsizləşir ki, onun öz həyatı əhəmiyyətsizdir. Buna sosioloqlar «atomlaşma» deyirlər. Baxın bina mənzillərindəki bağlı eyvanlara - qonşu qonşudan bu cür gizlənir. Baxın həyət evlərini ayıran ifrat uca divarlara - biri digərini görmək istəmir». Məmməd Süleymanov «Öldürən biganəlik» sərlövhəli köşə məqaləsində belə yazır.

«Etoloq və nobeliat Konrad Lorents özünün «Sivilizasiyalı insanın 7 ölümcül günahı» əsərində atomlaşmanı bu günahlardan biri sayırdı. Bəşər tənhalara bölünüb və hər kəs də tənhalığında insanlığını itirməkdədir. Fərdlər kütlədə də tənhadırlar. Və başqasının uğuru - paxıllıq, başqasının faciəsi - şüuraltı dominantlıq hissi yaradır (Yəni, «mən ondan yuxarıdayam»). Burada Nitsşenin «Düşəni itələ» prinsipinə şah hakimiyyəti statusu verilib. Və biganəlik rəsmi ideologiyanın ayrılmaz hissəsinə çevrilib».

«Azadlıq»: «Qrant alan KİV-lərdən kim neçə bal toplayıb?» KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu elan etdiyi qrant müsabiqəsində iştirakçıların hansı istiqamətlər üzrə qalib elədiklərini və neçə bal topladıqlarım açıqlayıb: 1-ci istiqamət fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsidir. Bu istiqamət üzrə 93 balla «Müstəqil Hüquq Mərkəzi» İctimai Birliyi öndədir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi adlı 2-ci istiqamət üzrə 80 balla «Mövqe» qəzeti qabağa çıxıb. 3-cü istiqamət - İctimai maraqlan və dövlət maraqların müdafiəsi adlanır. Bu istiqamət üzrə qaliblər 79 balla Jurnalistlərin Həmkarlar İttifaqı, 79 balla «Olaylar» İnformasiya Agentliyi öndə olub və s.

«Yeni Azərbaycan»: Mənzil Məcəlləsi mənzil təhlükəsizliyinə əsaslı təminat verir.
Məcəllə vətəndaşların mülkiyyət hüquqlarının qorunması və mənzil münasibətlərinə dair bütün məsələləri özündə əks etdirir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Yeni Mənzil Məcəlləsi mənzil hüquqi ilə bağlı bütün məsələləri özündə əks etdirir və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasını nəzərdə tutan mühüm müddəalarla zəngindir. Sənəd mənzil qanunvericiliyi ilə bağlı təfərrüatları özündə əks etdirməklə yanaşı, beynəlxalq hüquq sisteminin tələblərinə tam cavab verir. Məcəllə dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, əsassız olaraq mənzil hüququndan məhrumetmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsinin zəruriliyinə ciddi əsaslar yaradır.
XS
SM
MD
LG