Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

«Ət və ət məhsulları bazarındakı şirkətlər iflic olub»


Ət məhsulları bazarındakı böhran davam edir
Ət məhsulları bazarındakı böhran davam edir
Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov deyir ki, bu sahə üzrə işləyən şirkətlər son bir neçə ayda iflic olub. Buna əsasən «donuz qripi»nin yayılması səbəb olub.

Bu səbəbdən şirkətlər istehsal gücünü 50-60 faiz azaltmalı olublar. Fuad Qulubəyovun sözlərinə görə, alimlər «donuz qripi»nin heyvandan insana keçməsinin mümkünsüzlüyünü artıq bir neçə aydır təsdiq etsələr də, ölkənin ət məhsulları bazarındakı böhran davam edir. Çünki yerli telekanallar Azərbaycan kolbasalarının xərçəng xəstəliyi yaratması haqda xəbər yayıblar.

«BİZ ƏTİ BAZAR QİYMƏTLƏRİ İLƏ ALMIRIQ»

«SAB» firmasının direktoru Elşən Rüstəmov isə deyir ki, onlar ən keyfiyyətli ərzaqlardan istifadə edir və heç bir xəstəlik yaymırlar. Kolbasa və kolbasa məmulatlarının qiymətinin ətin bazar qiymətindən ucuz olmasına gəlincə, sahibkar bildirir ki, buna səbəb ətin bazardan deyil topdansatış məntəqələrindən alınmasıdır:

- Biz əti bazar qiymətləri ilə almırıq. Topdansatış məntəqələrində ətin qiyməti bazar qiymətlərindən 2 dəfə aşağıdır.

«Səhliyalı» firmasının sahibi İlham Bəşirov isə deyir ki, ölkədə kolbasının keyfiyyətsiz ətdən hazırlanması ilə bağlı təəssürat yanlışdır. Onun sözlərinə görə, şirkətlər əti həm yerli, həm də dünya bazarından birbaşa dövlət nəzarəti altında alırlar:

- MDB dövlətlərinin heç biri ətə olan tələbatı daxili imkanlar hesabına ödəmir. Xammalı almamışdan öncə Dövlət Baytarlıq Xidmətinə müraciət olunur. Onların icazəsindən sonra hər hansı xarici firmadan ət alınır. Bu proses ən azı 2 ay çəkir.

Sahibkarlar deyirlər ki, mal ətini Braziliyadan, Hindistandan, quş ətini Türkiyədən, donuz ətini isə daha çox İspaniyadan alırlar. Beynəlxalq qida təhlükəsizliyi sertifikatı olmayan şirkətlərin heç birindən məhsul alınmır. Ölkəyə gətirilərkən gömrük orqanları, ət açılarkən isə Dövlət Baytarlıq Xidməti məhsula nəzarət edir.

«HƏTTA ÖLÜ HEYVANIN ƏTİNDƏN YARARLANMA HALLARI DA İSTİSNA DEYİL»

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə deyir ki, ölkədə 21-22 şirkət kolbasa və kolbasa məmulatları istehsal edir. Onların içərisində keyfiyyətsiz ətdən istifadə edənlər var. Hətta ölü heyvanın ətindən yararlanma halları da istisna deyil.

İ.Abdullayevin sözlərinə görə, Hindistandan, Braziliyadan alınan ətin genetik modifikasiyaya uğraması haqda xəbərlər də yanlışdır:

- Ölkəyə gətirilən bütün məhsulların genetik modifikasiyaya uğrayıb-uğramadığı sertifikatlarında görünür. Bu gün ölkəyə belə məhsullar gətirilmir. Təbii ki, heç bir şirkət ölkəyə belə ət məhsulu gətirib insanların sağlamlığına və işgüzar nüfuzuna ziyan vurmaq istəmir.

«ANCAQ FƏHLƏLƏR, ÇOX KASIB TƏBƏQƏ ALIR»

Satıcılar isə deyirlər ki, yerli məhsullara tələbat yüksək deyil. Səbəb isə onların aşağı keyfiyyətidir:

- Yerli istehsal olan kolbasaların dadı yoxdur. Ancaq fəhlələr, çox kasıb təbəqə alır.

Mağazalardan birində alıcılar da deyirlər ki, yerli kolbasa və sosiskalarda ehtiyat edirlər:

- Yerli kolbasa məmulatlarından istifadə edirsiniz?

- Yox.

- Səbəb nədir?

- Ona görə ki, keyfiyyətsiz ətdən hazırlanır. Hamısı ucuz ətlərdir, içərisinə min cür qatqı qatıb satışa çıxarırlar.

- Mən də istifadə eləmirəm. Etibarım yoxdur.

«BURADA HƏTTA 1 MANATA DA ƏT TAPMAQ MÜMKÜNDÜR»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da deyir ki, monitorinqlər ət və ət məhsulları bazarında durumun pis olduğunu göstərir:

- Bizə həm yerli, həm də xarici istehsal olan kolbasa məhsulları ilə bağlı aramsız şikayətlər daxil olur. Səbəb isə onların keyfiyyətsiz ətdən hazırlanmasıdır. 10 ildən artıqdır «Təzə bazar»da və dəmir yol vağzalının ətrafında gecədən səhər 6-ya qədər işləyən qanunsuz ət bazarı var. Burada hətta 1 manata da ət tapmaq mümkündür. İndi rayonlardan insanlar peyda olub ki, xəstəlikdən və başqa səbəblərdən ölən heyvanların ətini toplayırlar. Bunların hamısı kolbasa, sosiska sexlərinə verilir. Elə bu səbəbdən kolbasa ətin özündən ucuz alınır. Həm də buna çoxlu arzuolunmaz qatqılar – kartof qabığı, soya unu, heyvan dərisi qatılır.

Eyyub Hüseynovun sözlərinə görə, şirkətlərin çoxu istehsal prosesində şəffaflığa nəzarət etmir. Bu isə onların işlərində baş verən nöqsanlarla birbaşa bağlıdır. Onun sözlərinə görə, harda şəffaflıq yoxdursa, orda problem var.

YALNIZ BİR ŞİRKƏT…

AzadlıqRadiosunun şirkətlərin istehsal prosesinə baxış istəyinə isə yalnız bir firma müsbət cavab verdi. Almaniya istehsal modelini seçən şirkət bütün avadanlığını bu ölkədən gətirdiyini, istehsal prosesini avtomatlaşdırdığını, ət məhsullarını isə daha çox xaricdən gətirdiyini deyir. Ancaq bu, ölkədə kolbasa və kolbasa məmulatları istehsal edən 22 şirkətdən yalnız 1-dir. Ekspertlərin istədiyi şəffaflıqdan isə ancaq bütün şirkətlər qapılarını media nümayəndələrinin üzünə açanda danışmaq olar.
XS
SM
MD
LG