Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

«Gələn il maaş və pensiyaların artımı gözlənilmir»


Zöhrab İsmayıl və Nazim Məmmədov
Zöhrab İsmayıl və Nazim Məmmədov
«Gələn il maaş və pensiyaların artımı gözlənilmir».

Bunu «Panorama» verilişində 2010-cu ilin dövlət büdcəsi layihəsini dəyərləndirən Milli Büdcə Qrupun üzvü Zöhrab İsmayıl deyir. O qeyd edir ki, maaş və pensiyaların artırılması büdcə layihəsində öz əksini tapmayıb.

İqtisadçı düşünür ki, büdcə layihəsində inflyasiyanın 3 faiz götürülməsi də real proqnozlara söykənmir. Çünki dövlətin infrastruktur layihələri gələn il də davam etdiriləcək. Bu da inflyasiyanın artımına səbəb olacaq.

Zöhrab İsmayıl deyir ki, idxaldakı monopoliya da inflyasiyanı artıran səbəblərdəndir. Ancaq o, layihədə neftin qiymətinin 45 dollar götürülməsini müsbət qarşılayır:

«Bu, soyuq məntiqin isti baş üzərində qələbəsidir. Builki büdcədə neftin qiymətinin 70 dollar götürülməsi avantüra idi».

Gələn ilin büdcəsində 1 milyard manatdan çox kəsir proqnozlaşdırılır. Zöhrab İsmayıl bunu ziyanlı amil kimi dəyərləndirir. Onun fikrincə, bu, dövlətin borclarını artıracaq.

Millət vəkili Nazim Məmmədov isə düşünür ki, büdcə yenə sosial yönümlüdür. Üstəlik, az da olsa, keçən illə müqayisədə sosial sahəyə ayrılan vəsaitlərin həcmində artım var.

Millət vəkili maaş və pensiyaların artırılmayacağı haqda təxminlərlə də razılaşmır:

«Dövlət başçısının siyasəti var. Əhalinin rifah halı yaxşılaşdırılmalıdır. Üstəlik ehtiyat fondlar da var. Mən maaş və pensiyaların artımına inanıram…».

Nazim Məmmədov hesab edir ki, əsas məsələlərdən biri inflyasiyanın qarşısını almaqdır. Çünki əhalinin rifah halı bu amildən çox asılıdır.

Millət vəkili inflyasiyanın da 3 faiz götürülməsini real proqnoz sayır: «Onsuz da bu il inflyasiya yüksək olmadı».

Nazim Məmmədov deyir ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatındakı dinamika nəzərə alınıb...
XS
SM
MD
LG