Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Erməni, gürcü, azərbaycanlı hüquq müdafiəçilərinin şəbəkəsi yaranır


AzadlıqRadiosunun suallarını Osloda mənzillənmiş İnsan Haqları Evi Fondunun Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ane Bonde cavablandırır.

Bir neçə gün əvvəl bəyanat yaydınız ki, Azərbaycanda söz azadlığının vəziyyəti pisləşir. Bu baxımdan Bakıya dair strategiyanızda hansısa dəyişiklik etmək planınız varmı?

Bizim strategiyamız Azərbaycanda institutlara malik olmaq, jurnalistləri və insan haqları müdafiəçilərini qorumaqdır. Odur ki. Bakıda İnsan Haqları Evi yaratmışıq. Bura həm də müdafiə etdiyimiz adamların görüş yeridir. Bir müddət əvvəl həbs olunan bloqqerlərin əhvalatı da göstərdi ki, əgər sən ictimai fəalsansa və hakimiyyətə qarşı tənqidi fikirlərin varsa, Azərbaycanda hansısa kafedə oturub müzakirə aparmaq təhlükəli haldır.

ERMƏNİ, GÜRCÜ, AZƏRBAYCANLI HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN ŞƏBƏKƏSİ YARANIR

Amma bəli, bir strategiyamızı bir qədər dəyişmişik. İndi Cənubi Qafqazın hüquq müdafiəçilərinin şəbəkəsini yaratmaq istiqamətində işləyirik. Bura, Azərbaycan, Ermənistan və Gürcüstan hüquq müdafiəçiləri daxildir. Qonşularından həmrəylik görmək Azərbaycan üçün də çox mühümdür. Bu həftə sonu regional şəbəkənin liderləri Tbilisidə görüşüb əsas məsələləri müzakirə edəcəklər.

Bu görüşdən başqa Azərbaycanla bağlı hansısa bir fəaliyyət, ya da kampaniya planlaşdırırsınızmı?

Bizim Gürcüstanda bloqçular Adnan və Emin barədə bəzi tədbirlərimiz var. Amma həmçinin istərdik ki, insan haqları müdafiəçiləri üçün daha çox treyninqlər təşkil edək ki, onlar öz narahatlıqlarını daha yaxşı ifadə edə bilsinlər, məsələn, BMT kimi təşkilatlara daha aktiv çıxış imkanları olsun. Bizim başqa bir treninq proqramımız Beynəlxalq Hüquq Vəkilliyi adlanır. Bu proqram çərçivəsində yerli hüquqşünaslara treyninq keçməyi planlaşdırırıq. Bizim müşahidəmizə görə, Azərbaycanda belə təlimə ehtiyac var, çünki çox az hüquqşünas mürəkkəb hüquqi işlərin öhdəsindən gələ bilir. İnsan Haqları Evi Fondu həmçinin çalışır ki, Rafto Fondu və Norveç Helsinki Komitəsi Azərbaycanda işləyən neft şirkətlərindən, məsələn, Statoil və Norveç Neft Şirkətini insan haqları ilə bağlı daha çox iş görməyə çağırsın.

«STATOİL AZƏRBAYCANDA İNSAN HAQLARINI DAHA ÇOX MÜDAFİƏ ETSİN»

Sizcə, sizin insan haqları müdafiəçiləri şəbəkəsi və Statoil arasında uzunmüddətli əməkdaşlıq mümkündürmü?

Biz Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı Statoil-a məlumat vermişik. Məncə, bu çox mühümdür ki, onların bizimlə əməkdaşlıqdan savayı yerli təşkilatlarla da işləmək imkanları var. Mən bilirəm ki, Statoil bəzi layihələrə, məsələn, Transparency İnternational –ın işinə dəstək verir, amma hesab edirəm ki, belə layihələrin sayı daha çox ola bilər. Ümid edirəm ki, Azərbaycana növbəti səfərimizdə biz Statoil ilə görüşəcəyik və bu tipli əməkdaşlığı müzakirə edəcəyik. Burada söhbət təkcə iqtisadi dəstəkdən getmir, müzakirə həm də onların proseslərdən nə dərəcədə xəbərdar olmaları və bizim gördüyümüz işlərə bağlı olacaq.

Statoil artıq bloqqerlərin işi ilə bağlı öz narahatlığını ifadə edib. Amma digər tərəfdən baxsaq, insan haqlarının qayğısına qalmaq neft şirkətinin vəzifəsidirmi?
Məncə, çox yaxşı haldır ki, Statoil bu işi görür. Çünki Azərbaycanda söz azadlığı, informasiya əldə etmək hüququ pozulursa, bu, hansısa formada Statoil –un da işinə təsir edir. Bu şirkət öz işində şəffaflığa etibar edir. Amma əgər tənqidi fikrə yer yoxdursa, informasiya qaynaqları bağlıdırsa, deməli məsələ korrupsiyaya gəlib çatacaq və bu da Statoil-un işinə problem yaradacaq.

Hesab edirəm ki, Statoil özəl mətbuata daha çox reklam verməlidir, təkcə hökumət mətbuatı ilə kifayətlənməməlidir. Reklam vermək özü də vətəndaş cəmiyyətinə dəstəyin bir üsuludur.

«BU DA GÖSTƏRDİ Kİ, AZƏRBAYCAN TƏNQİDLƏRƏ AÇIQ DEYİL»

Bu arada Azərbaycanın Xarici İşlər Nazirliyi Norveç və Almaniya səfirliklərini Bakının daxili işlərinə qarışmaqda günahlandırdı.

Məncə, Norveç və Almaniya səfirlikləri çox doğru iş görüblər ki, insan haqları məsələsini qaldırıblar. Onlar müdaxilə etmirlər. Bu, ədalətli məhkəmə məsələsidir. Azərbaycan özünün beynəlxalq öhdəliklərinə əməl etmir. Bu isə yalnız daxili yox, həm də beynəlxalq problemdir, belə vəziyyətin Azərbaycanın Avropa Şurası və BMT-yə üzvlüyü məsələsinə də dəxli var.

Siz Azərbaycan hökumətinin Almaniya və Norveç səfirliklərinin tənqidi bəyanatlarına reaksiyasından təəccübləndinizmi?

Məncə, belə reaksiyaya ehtiyac yox idi. Bu o deməkdir ki, Azərbaycan bu tipli tənqidlərə açıq deyil. Əslində cəmiyyət bu cür fəaliyyət göstərməlidir, yəni, hökumətlər insan haqlarını pozanda beynəlxalq ictimaiyyət bunu tənqid etməlidir.

«HƏMYERLİMİZDƏN XAHİŞ EDƏCƏYİK Kİ, AZƏRBAYCANA DAHA ÇOX DİQQƏT AYIRSIN»
Bir çox tənqidçilər deyirlər ki, Avropa Şurası öz missiyasını və prinsiplərini gərək daha qətiyyətlə müdafiə etsin, daha aktiv olsun. Siz bu fikirlə razısınız?

Avropa Şurasının Parlament Assambleyası daha fəal olmalıdır. Bizim mükafatın laureatı, AzadlıqRadiosunun əməkdaşı Məlahət Nəsibova da Norveç Parlamentində çıxışında bunu dedi - Parlament Assambleyası son iki ildə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə etməyib və Azərbaycanın məsələsini müzakirəyə çıxarmayıb. Bizim vəzifəmiz Norveç deputatlarına bu məsələləri qaldırması üçün daha çox lobbiçilik etməkdir. Avropa Şurasının yeni baş katibi Thorbjorn Jagland norveçlidir, biz bu imkandan da yararlanacağıq və ondan xahiş edəcəyik ki, Azərbaycana daha çox diqqət ayırsın.
XS
SM
MD
LG