Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Bloqqerlər Yeni İli həbsdə qarşılayacaqlar…


Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər
Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər
Dekabrın 22-də Apellyasiya Məhkəməsində bloqqerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılması üçün proses keçirilib.

Bloqqerlər Adnan Hacızadə ilə Emin Milli Bakı Apellyasiya Məhkəməsinə qolları qandalları gətirildi. Nəzarətçilər qollarındakı qandalları onları məhkəmə zalındakı iri dəmir qəfəsə salanda açdılar.

Emin Milliylə Adnan Hacızadənin vəkilləri onların haqqında 2 il və 2 il yarımlıq iş kəsmiş Səbail rayon məhkəməsinin qərarından şikayət vermişdilər.

Məhkəmə başlayan kimi vəkil İsaxan Aşurov bloqqerlər haqqındakı həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət qaldırdı. Vəkil dedi ki, gənclərin həbsdə saxlanması ciddi qanun pozuntusudur. Vəkil girov kimi gənclərin hərəsi üçün 5 min manat girov da təklif etdi.

Hakim vəsatətin müzakirə olunması üçün qısa fasilə elan edəndə Emin Milliylə Adnan Hacızadədən indiki prosesdən nə gözlədikləri və saxlanma şəraitləri, səhhətləri haqqında soruşdum.

Adnan Hacızadə: «Biz artıq heç nə gözləmirik. İnanırıq ki, hər şey yaxşı olub. Bundan yaxşı da heç nə gözləmirik…»

Emin Milli: «Bundan da böyük şərəf ola bilməz. İdeyalar uğrunda, dəyərlər uğrunda... Ona görə heç nə gözləmirik. Sadəcə hesab edirik ki, Avropa Məhkəməsinə getmək bizim borcumuzdur».

Bloqqerlər saxlanma şərtlərindən şikayətləri olmadıqlarını və səhhətlərinin qaydasında olduğunu bildilər.

Müşavirədən sonra hakim Qail Məmmədov vəkilin vəsatətinin təmin olunmadığını elan etdi.

Vəkil İsaxan Aşurov vəsatətin təmin olunmamasını ədalətsiz adlandırır:

«Hakim heç demədi ki, vəsatət nəyə görə təmin olunmadı, vəsatətin təmin olunmamasının bir dənə də olsun ağlabatan izahını vermədi. Biz girov da təklif etdik, istənilən şərti qəbul etməyə hazır olduğumuzu bildirdik. Vəsatətin təmin olunmaması qanunsuz və əsassızdır».

Məhkəmə prosesi yanvarın 8-də saat 11-də davam edəcək.

Gənc bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Bloqqerlər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.


XS
SM
MD
LG