Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Qaz yox, siyasət daşıyan kəmər


«Bu gün keçirilən görüş və danışıqlar Türkrməsitan-İran dost münasibətlərinin daha da dərinləşməsinə xidmət eləyəcək»
«Bu gün keçirilən görüş və danışıqlar Türkrməsitan-İran dost münasibətlərinin daha da dərinləşməsinə xidmət eləyəcək»
Türkmənistandan İrana yeni qaz kəmərinin açılışı böyük təmtəraqla keçirildi. İran prezidenti Mahmud Əhmədinejat bu kəmərin açılışında iştirak eləmək üçün bir gün əvvəldən şəxsən Türkmənistana gəlib. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov həmkarıyla təkbətək görüşdən sonra iki ölkə arasındakı əməkdaşlığın bundan sonra da dərinləşəcəyindən danışıb:

«Bu gün keçirilən görüş və danışıqlar Türkrməsitan-İran dost münasibətlərinin daha da dərinləşməsinə xidmət eləyəcək».

182 kilometrlik Dövlətabad-Xangiran qaz kəməri tam gücüylə işləsə, ildə 20 milyard kubmetrə qədər qaz ixrac edə bilər.

Ancaq Türkmənistanla İranı birləşdirən, sovetlərdən qalma bir kəmər də var idi. Amma, Kopeje-Kordköy kəməri də tam dolmurdu, İran ildə sadəcə 6.8 milyard kubmetr qaz alırdı.

Bir çox ekspertlərin fikrincə, müəyyən faktları nəzərə alanda, yeni kəmərin iqtisadi önəmindən çox, siyasi əhəmiyyətinə görə şişirdildiyi aydın olur.

«RUSİYA OLMASIN, BU OLSUN»


Məsələ bundadır ki, Türkmənistanın hələ ötən ilin əvvəlinə kimi – 2009-cu ilin yanvarına kimi əsasən Rusiya ilə ildə 50-60 milyard kubmetr qaz satmaqla bağlı müqaviləsi var idi. Ancaq dünya bazarında qazın qiymətləri düşəndən və ixrac kəmərində parltlayışdan sonra «Qazprom» eyni həcmdə, eyni qiymətə türkmən qazını almaqdan imtina elədi.

Türkmənistan da Rusiyaya acıq eləyib, başqa müştərilər axtarmağa başladı. Düzdü, 2009-cu ilin dekabrında Rusiya yenidən Türkmənistanla qaz müqaviləsi imzaladı, ancaq 60 yerinə 30 milyard kubmetr qaz almaqla bağlı.

Türkmənistan indi Rusiyaya qaz satdığı yataqdan birbaşa İrana kəmər çəkməklə məhz «Qazprom»un atdığı qaza müştəri tapmış olub.

Üstəlik, ötən ay Türkmənistandan Çinə çəkilən və 40 milyard kubmetr keçiriciliyi olan başqa bir kəmərin də açılşı oldu. Yəni ötən il ancaq uzağı 50 milyard kubmetr qaz satmaq üçün kəməri olan Türkmənistanın bu il artıq 100 milyard kubmetr qaz satmağa 4 alternativ kəməri var.

İstanbul Ticarət Universitetində beynəlxalq əlaqələr professoru olan Nadir Dövlət deyir ki, açılan yeni kəmərin İrana bu baxımdan böyük əhəmiyyəti var: «Bu, Türkmənistan üçün, öz qazını müxtəlif yollarla satmaqdan ötrü yaxşı bir imkandır, xüsusən də Rusiyayla münasibəltərdə anlaşılmazlığın olduğu bir vaxtda».

ÖZÜ DÜNYAYA QAZ VERƏN İRAN TÜRKMƏN QAZINI NEYLƏYIR?

Türkmənistan öz yerində, ancaq, dünyanın ikinci ən böyük qaz ehtiyatlarına malik olan İrana bu kəmər nə verir?

Məsələ ondadır ki, İranın nəhəng qaz ehtiyatları olsa da, ölkə iqtisadiyyatı da tamamilə qazdan alınan enerjinin üzərində qurulub. Üstəlik, İrandaxili qaz nəqli infrastrukturu da istənilən səviyyədə deyil. Odur ki, xüsusən də qış aylarında İranın Türkmənistanla sərhəddəki şimal regionlarında qaz qıtlığı yaranır. İrana ölkənin cənubundan şimalına qaz kəməri çəkməkdənsə, Türkmənistandan qaz almaqla bu ehtiyacı ödəmək daha sərfəlidir.

Üstəlik, Türkmənistandan çəkilən kəmər ancaq iki qonşu dövlətin imkanı hesabına çəkilib və İran üçün bu daha əhəmiyyətlidir. Bunu elə İran prezidenti Mahmud Əhmədinejat özü də bu gizlətməyib:

«Bu gün açılışını elədiyimiz İrana ikinci qaz kəməri texniki məsələlərin həli baxımından böyük inkişafı göstərir. Bu kəmər İranın və Türkmənistanın yüksək səviyyəli texniki əməkdaşlığının məhsuludur».

HƏM İRAN, HƏM DƏ TÜRKMƏNISTAN ÜÇÜN REKLAM KƏMƏRİ?

Bir çox ekpertlərin fikrincə, Qərb tərəfindən nüvə proqramına görə sanksiyalarla üzləşdiyi bir vaxtda İran qonşularıyla yaxşı münasibətlərdə olduğunu göstərmək üçün daha çox can atır.

Üstəlik, son vaxtlar İran mediası iddia edir ki, Tehran nə az, nə çox, düz 35 milyard kubmetr türkmən qazını Türkiyəyə satmağa hazırdır. İran daxilində belə bir qaz nəqli kəməri mövcud olmasa da, çoxları fikirləşir ki, bu «Nabukko» kimi layihələrdə iştirak istəyini gizlətməyən İranın növbəti mesajıdır.

İndi bu kəməri çəkməklə İran həm də beynəlxalq aləmin gözündə etibarlı iqtisadi tərəfdaş olduğunu da göstərmək istəyir.

Xülasə, Qərbdəki bir çox ekspertlərin fikrincə, Tükrmənistan-İran qaz kəməriylə tərəflər «qaz vurub-qazan doldurmasa da, qazanacaqlar».
XS
SM
MD
LG