Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42

Kanadalı model Çeçenistanda televiziya aparıcısı işləyir


Hər bazar günü axşam Çeçenistanın dövlət televiziyasında qeyri-adi bir veriliş efirə gedir. Aparıcı – kanadalı modeldir. Kristal Kallahan podiumu – müharibənin viran qoyduğu bir bölgədə veriliş aparıcılığına dəyişib.

Onun apardığı veriliş həftənin əsas hadisələri haqqındadır. Daha çox mədəni hadisələr qabardılır. Arada Çeçen musiqisi də səslənir.

Çeçenistan prezidentinin quruculuq işləri haqda süjetlər verilir. Kadırov məktəblər, xəstəxanalar açır...

Verilişə baxan heç deməz ki, söhbət iki müharibənin viran qoyduğu bölgə haqqındadır. Günü bu gün də müharibənin yüzlərlə qurbanı itkin düşmüş sayılır, onların basdırıldığı kütləvi məzarlıqlar tapılmayıb.

Adam oğurluğu, hüquq müdafiəçilərinin qətli isə Çeçenistanda adi haldır.

Kanadalı model Kristal Kallahan isə Azadlıq Radiosuna müsahibəsində deyir ki, özünü Qroznıda çox rahat hiss edir. Onun fikrincə, cinayətkarlığın səviyyəsinə görə

ÇEÇENİSTANDA VƏZİYYƏT ÇİKAQO, YAXUD MEXİKODAN PİS DEYİL

"Mən özümü tam təhlükəsiz hiss edirəm. Məncə bəzi insanların Çeçenistana gəlməkdən qorxmalarının kökündə mətbuatdakı neqativ məlumatlar dayanır. Çeçenistandakı müsbət hadisələr haqda mediada heç nə yazılmır”.

Kallahan deyir ki, buna görə o öz verilişində qəsdən ancaq müsbət hadisələrdən danışır.

20 dəqiqəlik veriliş ingiliscədir, rusca subtitrlərlə verilir.

Veriliş peyk vasitəsilə bütün dünyaya yayınlanır.

Kallahan Çeçenistana 2007-ci ildə gəlib – o vaxt o, müharibənin dağıtdığı bölgədə gənc güləşçilərin arzuları haqda film çəkirdi.

Deyir ki, Çeçen mədəniyyəti, rəqsləri, musiqisi onun ürəyini elə ovsunlayıb ki, burada veriliş aparmaq təklifinə razı olub.

O artıq

ÇEÇENİSTANDA MƏŞHUR BİR ŞƏXSDİR

və bir çox insanların ona böyük simpatiyası var.

Amma opponentləri Çeçenistanın avtoritar lideri Ramzan Kadırovun kanadalı modeldən öz qəddar siyasətini pərdələmək, özünün xaricdəki imicini yaxşılaşdırmaq üçün istifadə etdiyini söyləyir.

Kallahan isə Kadırov haqqında ancaq xoş sözlər deyir.

"Mən onu ilk dəfə görəndə təəssüratım bu oldu ki, nə sadə adamdır. Çox incə zarafat edir, əsl centlmendir. O öz ölkəsi və milli mədəniyyətiylə fəxr edir. Açığı mən heç vaxt belə cazibəli adam görməmişəm".

Kallahan artıq Çeçen dilində mahnı albomu da buraxdırıb.

Bir neçə ay qabaq Çeçenistanda Kadırovu ən çox tənqid edən hüquq müdafiəçisi Natalya Estemirova qətlə yetirildi, onda Estemirovanın işlədiyi "Memorial" hüquq müdafiə təşkilatı qətlə görə Kadırovu günahlandırdı.

Kadırovu tənqid edən mühacirlərin də bəzisi Avropada öldürülüb, buna görə də Kadırovu ittiham edənlər var. Prezident isə bu ittihamları rədd edir.
XS
SM
MD
LG