Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Oqtay Şirəliyev kənd xəstəxanalarını bağlayıb


Oqtay Şirəliyev
Oqtay Şirəliyev
- Hörmətli prezidentimiz gündə bir yerdə xəstəxana açır, bizim kənddəsə xəstəxana bağlanır. Biz istəyirik ki, bizim xəstəxana bərpa olunsun. Bizə həkimlər göndərilsin. Ucqar kəndik, sanki bu kəndi yer üzündən silmək istəyirlər, bütün qanun-qaydalar elə bu kənddə pozulur. 60 kilometr rayon mərkəzindən kənarda yerləşən bir kənddə yaşayırıq. 35 çarpayılıq xəstəxanamız fəaliyyət göstərirdi. Heç kimi xəbərdar eləmədən xəstəxananı bağlayıblar.

Sabirabadın Moranlı, Azadkənd, Muğangəncəli, Çölbeşdəli, Ulacalı, Qasımbəyli, Quruzma, Qaralı və Cavad kəndlərindəki xəstəxanalar bağlanıb. Moranlı kənd sakinləri xəstəxanaların bağlanmasından narahatdırlar. Onlar hesab edirlər ki, Sabirabadın rayon mərkəzinə yaxın kəndlərin xəstəxanalarını saxlayıb ucqar kənddəki xəstəxanaları ləğv etmək düzgün deyil. Çünki kəndlilərin rayon mərkəzinə uzun yol qət etmək imkanları yoxdur:

- 60 kilometr aralıda olan xəstəxanalar bağlanır, rayona yaxın yerlərdə olan xəstəxanaların isə hamısı fəaliyyət göstərir.

«9 KƏNDİN XƏSTƏXANASINI BİR GÜNÜN İÇİNDƏ BAĞLADILAR»

Moranlı kənd xəstəxanasının baş həkimi Qara Qarayev deyir ki, bu barədə onlara yanvarın sonlarında məlumat verilib və bir günün içərisində 9 kəndin xəstəxanası bağlanıb. Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, kənd xəstəxanaları həkim məntəqələri ilə əvəz olunacaq. Xəstəxanalarda çalışanlardan bir neçə nəfəri həmin məntəqələrdə işləyəcək. Qalan işçilərin aqibəti isə hələlik qeyri-müəyyən qalıb:

- Yanvarın 1-dən xəstəxanalar bağlanıb. Gizlədiblər. Ayın axırında dedilər ki, sizin xəstəxanalar bağlanıb, özünüz məsləhətləşin, 5-6 nəfər saxlayın, qalanları qaldı çöldə. Məsələn, Moranlıda 17 nəfər işçi var idi, ondan 6-ı qalıb, 11-i gedib. Azadkəndin 22 işçisi var idi, 14-ü gedib, 8-i qalıb və sair. 70 nəfər saxlanılıb, 121 nəfər çıxıb.

«RAYON XƏSTƏXANASINA GETMƏYƏ NƏ YOLPULU VAR, NƏ DƏ YOL»


Baş həkim deyir ki, xəstəxanaları bağlanan kəndlər rayon mərkəzindən 60-70 kilometr aralıda yerləşir. Yol uzaq olduğundan həmin kəndlərdə yaşayanların demək olar ki, rayon mərkəzi ilə əlaqələri yoxdur. Kəndlilərin rayon mərkəzinə getmələri üçün nə yolpulları var, nə də asfalt yolları.

Qara Qarayev
Baş həkimin sözlərinə görə, təkcə Moranlının 3 mindən artıq əhalisi var. Digər kəndlərdə də əhalinin sayı bundan az deyil. Baş həkim də ucqar kəndlərdəki xəstəxanaların həkim məntəqələri ilə əvəz olunmasının əleyhinədir.

Moranlı kənd sakini Ənvər Təhməzov da deyir ki, bir neçə gün əvvəl gəlini Nüşabə Kərimovanı rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmədiklərindən o, bətnindəki 3 aylıq körpəsini itirib.

KƏNDDƏ XƏSTƏLƏNƏN RAYON MƏRKƏZİNDƏ SAĞALACAQ

Sabirabadın kəndlərindəki xəstəxanaların bağlanmasını Səhiyyə Nazirliyi də təsdiqləyir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova deyir ki, həmin kəndlərdə bağlanmış xəstəxanaları yaxın vaxtlarda ambulator mərkəzlər əvəz edəcək:

- Kənddə olan, lazımsız, uzun illər qalan çarpayı fondu ixtisara salınıb. Stasionar müalicə xidmətləri ləğv olunub, standartlara uyğun, müasir avadanlıqlarla təmin olunmuş ambulator mərkəzlər yaradılacaq.

- Həmin kəndlər rayon mərkəzindən kifayət qədər kənarda yerləşir. Xəstələrin vəziyyəti necə olacaq?

- Stasionara ehtiyacı olan adamlar mərkəzi rayon xəstəxanasında yatacaqlar.

KƏND HƏKİMLƏRİ İŞSİZ QALMAQDAN NARAHATDIRLAR

Moranlı kənd xəstəxanasının baş həkimi Qara Qarayev isə deyir ki, kənd xəstəxanasının maaş cədvəlində hazırda 17 işçidən yalnız 6 işçinin adı var. Digər 11 işçi isə işsiz hesab olunur. Onların işlə təmin olunub-olunmayacağı bilinmir. Ümumilikdə isə 9 kənd xəstəxanasının 70 işçisi saxlanılıb, qalan 121 işçinin aqibətinin necə olacağı isə sual altındadır.

Nazirlik sözçüsü Səfayə Məmmədova isə deyir ki, bağlanmış xəstəxanaların işçiləri ixtisar olunmayıb:

- Həkimlərin, tibb bacılarının ixtisarından söhbət gedə bilməz. Əgər belə bir şey varsa, məktubla müraciət etsinlər, araşdıraq.

Bağlanmış kənd xəstəxanalarının hazırda işsiz qalmış keçmiş əməkdaşları həmin xəstəxanaların əsasən sanitar və digər texniki işçiləridir. Onlara fevralın 20-dən sonra digər yerlərdə işlə təmin olunacaqları vəd edilib.

Xəstəxanasız qalmış kəndlilər isə Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etməyə hazırlaşırlar.
XS
SM
MD
LG