Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

«Hündürmərtəbəli binaların qazla təminatı təhlükəlidir»


Bakıda bəzi yeni tikilən binalara təbii qaz verilmir
Bakıda bəzi yeni tikilən binalara təbii qaz verilmir
- O gecə işıqlar yanmasaydı, körpə uşaqlar soyuqdan donub öləcəkdi.

- Mən uşaqlarımı aparıb qohumumgilə qoymuşam. Bu dəqiqə mümkün deyil, burda qalmaq.

«KAŞ HEÇ KÖÇMƏYƏYDİM»

Mənzilsizlikdən əziyyət çəkənlər bəlkə də şəhərin mərkəzi rayonlarının birində yerləşən, müasir layihəli binanın yanından keçəndə həsədlə köks ötürürlər. Bina sakinləri Lütfü və Aqşin isə vaxtilə yaşadıqları mənzili satıb bura köçməklərinə peşmandıhlar:

- Mərkəzi Univermağın yanında yaşayırdım. Şəraitim pis deyildi, otaqların genişliyinə görə satıb bura köçdüm. Kaş heç köçməyəydim.

- Mən isə Xəzər Dəniz Gəmiçiliyinin ailəvi yataqxanasında yaşamışam. İndi ora həsəd aparıram. Düzdür, otaq balacaydı, amma istiydi.

Bakıda bəzi yeni tikilən binalara təbii qaz verilmir. Bu da soyuq aylarda sakinlərin əsas probleminə çevrilir. Elə həmsöhbətlərim Aqşin Eyvazov və Lütfü Əliyev də bu problemin girovuna çevrildiklərini deyirlər. Fevralın 9-da yaşadıqları binada elektrik xətlərində baş verən yanğın zamanı canlarını güclə ölümdən qurtarıblar.

Lütfü Əliyev deyir ki, əgər binaya təbii qaz verilsəydi, elektrik xətləri yüklənməzdi, nəticədə yanğın da olmazdı.
Kamandar Eyvazov
Sakinlərin mənzili isitmək üçün yeganə yolları elektrik enerjisindən istifadədir:

«QAZ VERMİRLƏR»


- Qaz xətti çəkilib, hətta qaz sayğacı da qoyulub, smart kartla işləyən. Amma qaz vermirlər. Elə bu il, gələn il deyirlər.

Bəs «Azəriqaz» Bakıda yeni tikilən çoxmərtəbəli binaları niyə təbii qazla təmin etmir?

«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazov deyir ki, əgər bina sahibi müvafiq qurumun binanı təhvil almasıyla bağlı aktı onlara göstərərsə, binanın qazla təminatında heç bir problem yoxdur:

- Dövlət Komissiyası qəbul eləməyibsə, biz ora qaz çəkə bilmərik. Elə problemli binalarımız var ki, 8-10 ildir qazsızdır.

Binanın sahibi «Qələbə-İnşaat» Mənzil Tikinti Kooperativinin rəhbərliyi ilə danışmaq istədik. Ancaq nə onların ofisində kimisə tapdıq, nə də gün ərzində telefonu götürən oldu. Sakinlər dedilər ki, yanğın olandan sonra işçilər ofisin qapısını bağlayıb. Elə Dövlət Qəbul Komissiyası ilə də əlaqə yaratmaq mümkün olmadı.

İnşaatçı Emil Axundov isə deyir ki, əslində, hündür mərtəbəli binaların qazla təminatı təhlükəlidir.
Emil Axundov
Ən yaxşı yol elektrik enerjisindən istifadədir. Amma elektrik xətləri çəkilən zaman işığa tələbat maksimum hesablanmalı və bu gücə uyğun xətt quraşdırılmalıdır:

«ƏN UCUZ MATERİALDAN İSTİFADƏ EDİRLƏR»

- Belə şey olmaz ki, düzgün hesablansın, amma kabel yansın. Mən dəfələrlə görmüşəm, evi tikənlər su, işıq xətləri çəkəndə ən ucuz materialdan istifadə edirlər.

Tikinti şirkətlərindən birinin adının çəkilməsini istəməyən meneceri isə deyir ki, bir neçə dövlət qurumunun daxil olduğu Dövlət Qəbul Komissiyası binaya baxış keçirəndə bildirdiyi iradlar aradan qaldırılmır. Çünki şirkət mənzillərini satandan sonra tikdiyi binanın problemlərini həll etməyə maraq göstərmir. Müsahibimiz binanın təhvil alınması üçün qeyri-rəsmi rüsum istənilməsini də istisna etmir. Binaların qazla təchizatına gəlincə, menecer deyir ki, əslində, bir çox yeni tikililərdə binalarda boş mənzil daha çox olur, buna görə də ora qaz vermək təhlükəli sayılır. «Azəriqaz» rəhbərliyi də dəfələrlə bildirib ki, binaya təbii qaz verilməsi üçün mənzillərin 70 faizində yaşayış olmalıdır.

Yerli mətbuat isə yazır ki, yeni tikilən binaların qəbul edilməməsi sakinlərə bir çox problemlər yaratdığı və Bakı Şəhər İcra Hakimiyyəti saysız-hesabsız şikayətlər aldığı üçün tikinti şirkətlərinə bir sıra təkliflər hazırlayıb.
XS
SM
MD
LG