Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

«Bir allahdır, bir prezident!»


Hikmət İsmayılov
Hikmət İsmayılov
Birinci yarım saatda Füzuli küçəsində salınması planlaşdırılan şəhər parkının doğurduğu çıxmazlardan danışdıq. Orada yaşayan sakinlərdən biri Hikmət İsmayılov qonağımız oldu. «SalamNews» agentliyinin əməkdaşı Gülnaz Qəmbərli də söhbətimizə qatıldı.

Hikmət İsmayılov hələlik əsaslı bir dəyişikliyin olmadığını bildirdi. Sakinlərin hamısının qeyri-normal şəraitdə yaşadıqlarını, əslində süründüklərini dedi:

«Əgər evdə uşaq ekskavatorun, polis maşınlarının səsindən vahimələnib, qaça-qaça gəlib deyirsə ki, geyinin çıxaq, müharibədir - buna yaşamaq demək olarmı? Suyu kəsib ağbirçəkləri küçəyə tökürlərsə, bu yaşamaqdırmı? Əgər demokratik ölkədə yaşayırıqsa, bizim səsimizə cavab verilməlidir!».

H.İsmayılov üç gün Prezident Adminstrasiyasının qarşısına getdiklərini, öz haqlarını tələb etmək üçün çalışdıqlarını diqqətə yetirdi:

«Yaşadığımız mənzilləri siçan yuvası, it damı, toyuq hini adlandırıb bizi ordan atmaq istəyirlər. Düzdür, elə evlər də var. Amma o ərazidə qədimi binalar da çoxdur. Dünyanın bütün ölkələrində belə binalara necə münasibət göstərirlər? Onlar bəyəm sökülüb tullanılır?».

H.İsmayılov Topçubaşov-69 ünvanında yaşadığını, 3 otaqlı, bağçalı, rahat evi olduğunu söylədi:

«Deyirlər ki, sizinkini uçurmuruq, qonşu divarı sökürük. Mənim həyat yoldaşım astma xəstəsidir. Necə ola bilər ki, yanımızda söküntü getsin, bizə təsiri olmasın?».

Bu söküntüdən hamının əziyyət çəkdiyini söyləyən Hikmət İsmayılov dünən İnternetdə Yəhudi İcmasının ölkə prezidentinə bununla bağlı müraciət ünvanladığını da dedi:

«Müraciət məktubunda deyilir ki, bu söküntüdə tək azərbaycanlıların deyil, əsrlərdir bu torpaqda yaşayan yəhudilərin də hüquqları tapdanır».

BİRYOLLUQ İTƏCƏKSƏN!

Qonağımız bir polisin ona dediyi sözü də xatırlatdı: «Mənə deyir evdən çıxıb bura gəlmisən, amma geri qayıtmayacaqsan. Elə bilmə ki, təcridxanaya (KPZ) gedəcəksən. Biryolluq itəcəksən! Nəyə görə? Mən sadəcə konstitusion haqqımı qoruyuram. Şəxsi mülkiyyət toxunulmazdır».

H.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətində olduqlarını da dedi:

«Birinci gün oranın rəhbəri qadınları təhqir edib qovmuşdu. Prezident Aparatına müraciət edəndən sonra bizimlə normal söhbət eləməyə məcbur oldu».

Söhbətin heç nə ilə nəticələnmədiyini söyləyən qonağımız, onlara cəmi 1500 manat təklif edildiyini, şəxsən sədrin bundan artıq verməyin mümkün olmadığını dediyini söylədi:

«Dedi ki, mən hələ sizə yardım edirəm, hörmət edirəm - bu qədər verirəm. Əlini atıb cibindən «Qurani-Kərim» çıxardı, o biri cibindən də Mir Möhsün Ağanın şəklini. Dedi bunlarla gəzirəm. Onsuz da bilirəm ki, bu söküntüdən sonra mən cəhənnəmdə də rahat otura bilməyəcəyəm. Demək, özü bilir camaata nə qədər haqsızlıq etdiyini. Sonda da dedi ki, məndən heç nə asılı deyil».

YUXARIDA KİM VAR?

AzadlıqRadiosunun: «Bəs kimdən asılıdır?» sualını qonaq belə cavabladı: «Əlini yuxarı qaldırdı. Yuxarıda da bir allahdır, bir prezident. Allaha səsimizi dualarımızla, ibadətlə çatdırırıq. Prezidentin yanına da gedirik, buraxmırlar. Bəs biz neyləyək?».

Hikmət İsmayılov dəfələrlə (10 dəfə) ölüm təhlükəsi ilə təhdid edildiyini də söylədi: «4 gün qabaq sökülən evlərin məzarlığında yığışıb söhbət edirdik. Gəldilər ki, dağılın. Yoxsa qarşıdurma olacaq.
Gülnaz Qəmbərli
10 nəfər bizdən ölsə, 20-si sizdən öləcək. Deyirəm, qardaşım, bizim orda Qarabağımız qalıb. Siz bizi öz evimizin içində niyə öldürürsünüz? Hər haqqını tələb edənin başına güllə çaxsaq, yer üzündə adam qalar?».

NEFTİN QİYMƏTİ DÜŞÜB!

İkinci qonağımız – «SalamNews» agentliyinin əməkdaşı Gülnaz Qəmbərli bir neçə gün öncə sakinlərdən birinin çəkdiyi mesajdan sonra hadisə yerinə getdiyini və günlərcə orada növbə çəkdiyini dedi. Sakinləri Prezident Adminstrasiyasının qarşısında da, Bakı şəhər İH-nin qəbulunda da müşahidə etdiyini söyləyən xanım jurnalist onlarla konstitusion qaydada deyil, fərqli bir şəkildə danışıldığının şahidi olub:

«Mən sakinlərin yaşadıqları ünvanlarda da oldum. Söküləcək evlərin çoxu nəinki hazırkı dövrdə, heç sovet dövründə də yaşamaq üçün yararlı sayıla bilməz. Amma bu adamların da səhvi var. Vaxtilə 4 min manat təklif olunanda, imtina ediblər, 5 min istəyiblər. İndi də Hacıbala müəllim deyəndə özüm eşitdim, dedi ki, keçən il neftin qiyməti yüksək idi, bu il aşağı düşüb, ona görə də, sizə veriləcək məbləğ budur, götürməsəniz, daha aşağı məbləğlə razılaşmalı olacaqsınız».

BİR JURNALİSTİN QULAĞINDAN TUTUB APARDILAR!

Çox pis qarşıdurmalarla rastlaşdığını söyləyən Gülnaz xanım polislərin heç kəsi yaxına buraxmadığını vurğuladı: «Hətta bir jurnalistin qulağından tutub apardılar. Təkcə mən orda qala bildim. Bir nəfər mənə kömək elədi».

Bakı şəhər İH-nin azsahəli (8-10 kv.) evlərə yaxınlıqda əlavə 10 kv. artıq yer təklif etdiklərini deyən jurnalist, çoxsahəli evlərə də böyük sahə verdiklərini gözləri ilə gördüyünü dedi: «O vaxt istəmədilər. İndi də o evlər artıq yoxdur».

Gülnaz xanımın müşahidəsinə görə, «bu işdən yaralananlar da oldu, haqqını tələb edib əliboş qalanlar da. Kiçik evlərdir. 3 ailə üçün veriləcək evə hər biri üçün mənzil almaq mümkün deyil. Elə adamlar da var ki, ev verirlər, pul istəyir. Özü istədiyini almaq istəyir. Bax, qarşıdurmanı yaradan budur».

Gülnaz xanım sökülməyən evlərin dövrələnməsini də pislədi: «İnsanlar özünü gettodakı kimi hiss etməməlidir. Nə zaman sökülər, o zaman da dövrələnər».

AVROPA SEÇİMİ QAÇILMAZDIR!

İkinci yarım saatda Azərbaycanın Avropa seçimi: problemlər və perspektivlər mövzusunu müzakirə etdik. Qonağımız proffessor Rəhman Bədəlov oldu. Rəhman müəllimin təzəcə bu adda kitabı çıxıb və o bu mövzuda fikirlərini bizlərlə bölüşdü.
Bütün dünya üçün universal olmuş «Avropa» anlamının tarixi mədəni mahiyyətini izah etdi. «Avropa nə vaxtdan Azərbaycan üçün seçim kimi görünməyə başladı?» sualına R.Bədəlov belə cavab verdi: «Əvvəla o seçim XIX əsrdən başlayır. Axundovdan Zərdabidən Demokratik Cümhuriyyətə qədər. O dövrün biliciləri aralarında ziddiyyət, müxtəliflik olsa belə, bu seçimdə eyni mövqedən çıxış edirdilər. Mənim fikrimcə, o seçim artıq qaçılmaz bir seçimdir. Bu yolda büdrəmələr də ola bilər, geriləmələr də, amma magistral budur!».

ƏSAS İNSANDIR!

Rəhman Bədəlov
Rəhman Bədəlov hər zaman keçirilən görüşlərdə, müzakirələrdə bir fikri xüsusi vurğuladığını bildirdi: «Dədə-baba qaydaları ilə yaşaya bilərsən. Heç kəs səni əksinə məcbur etmir. Söhbət ondan gedir ki, bəşər tarixinin magistral yolu var. Avropa qitə deyil, dəyərlər sistemidir. O dəyərlər sistemində əsas insandır. Hər şey insanın üstündə qurulub, kollektivin yox, millətin yox, dövlətin yox. Düzdür, onlar da istədiklərinin hamısına çatmayıblar. Amma söhbət ondan gedir ki, o vektor, o magistral, prinsip, dəyər budur».

Professor qədim sivilizasiyalı, amma insanı alçaldan ölkələri misal gətirdi: «İnsana dəyər verməyən sivilizasiya mənə gərək deyil. Mən istəmirəm ki, nəvələrim-nəticələrim belə sivilizasiyada yaşasın. Varlı, ya kasıb yaşasın—fərqi yoxdur, ona insan kimi dəyər verilsin».

QONŞU NƏ DEYƏCƏK, BAŞQASI NƏ FİKİRLƏŞƏCƏK...

R.Bədəlov kənd düşüncə və həyat tərzindən şəhər düşüncə və həyat tərzinə keçid , ənənəvi cəmiyyətdən postənənəvi cəmiyyətə keçiddən bəhs etdi. Həm də bu keçidlərin mühüm komponenti kimi azadlığın zəruriliyini də vurğuladı: «Qonşu nə deyəcək, başqası nə fikirləşəcək kimi fikirlər bizim fərdi azadlığımıza qarşı çıxan ciddi bir amildir. İkincisi, insanın dərinliyində olan problemlər bizdə yoxdur. Bizim ədəbiyyatda məhəbbət yoxdur. Fərdin psixologiyası yoxdur. Mən istəyirəm öz həyatımı yaşayım, özümə oxşayım, özümü dərk edim. Sərbəstlik, daxili azadlıq, təşəbbüskarlıq, dəyişkənlik şəhərə məxsusdur. Şəhəri cazibəli edən nədir? Burda sən özünü ifadə edirsən, insan olursan. Kənddə isə sən kollektivin insanısan. Ona görə də, Avropa şəhərləri insan azadlığına, insan münasibətlərinə, qadın azadlığına və s. gətirdi ki, onlar qaçılmazdır».

«Can Bakı» proqramını bu səhifədə dinləyə də bilərsiniz.

Hər çərşənbə AzadlıqRadiosunun efirindən «Can Bakı» söyləyək!
XS
SM
MD
LG