Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

«Uşaq ili bitdi, uşaqlara qayğı da bitdi»


«Uşaq ilinin sonuncu günü tanımadığımız adamlar uşaq meydançasını basdılar».

Bunu Bakının 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 37- saylı binanın sakini Gülnaz Qənbərli söyləyir.

Onun sözlərinə görə, 2009-cu ilin son günü onları yuxudan ekskavator səsi oyadıb. Gülnaz Qənbərli danışır ki, tanımadıqları adamlar binanın ətrafındakı ağacları qırıblar. Bir müddət sonra isə sakinlər görüblər ki, bu iki bina arasında yerləşən uşaq meydançasındakı karusellər sökülür və qazma işləri aparılır. Sakinlər buna etiraz etsələr də, xeyri olmayıb.

Gülnaz Qənbərlinin sözlərinə görə, burda yeni binanın tikilməsi qeyri-mümkündür:

«Bu binaların arasındakı məsafə 50 metr olsaydı, tikə bilərdilər. Amma bu iki binanın arasında məsafə elə 15 metrdir. Gedib kağıza yazdırıblar ki, yeni tikili ilə bina arasında məsafə 7 metrdır. Gözlərinin qabağında ölçdük, məsafə 3 metr bir neçə santimetrdir. Bura uşaq meydançasıdır. Orda karusellər vardı, ağaclar vardı. Bir gecənin içində qırdılar-dağıtdılar».

BİNA SÜRÜŞƏ BİLƏR
« Bura uşaq meydançasıdır. Orda karusellər vardı, ağaclar vardı. Bir gecənin içində qırdılar-dağıtdılar»


Başqa bir sakin Naibə Əliyeva deyir ki, binanın zirzəmisi su ilə doludur. Qazma nətiçəsində o su üzə çıxır. Bununla da yeni təhlükə yarana bilər: binanın sürüşmə təhlükəsi.

Sakinlərin dediyinə görə qazma işlərinə başlandığı gündən artıq binada çatlar da əmələ gəlib:

«Biz evdə otura bilmirik ki, bu saat ev uçacaq. Ona görə ki, bünövrənin altından su gedir. Su gedirsə, deməli torpaqdan gedir. Torpaq bünövrənin altından getsə bizim evlərimiz necə olacaq? Bünövrə düşəcək aşağı, ev də uçacaq».

2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 35-37-ci binalara nəzarət edən Mənzil Kommunal İstismar Sahəsinin sahə nəzarətçisi Cəfər Cəfərov bu binaların zirzəmisinə yığılan sudan xəbərsiz olduğunu dedi:

«Orda kanalizasiya sistemində axıntılar var idi. Bir müddət əvvəl o su turbası dəyişdirildi. İndi yoxlatdırarıq, görək, nə var».

MASAJ SALONU, BAR, YOXSA OFİS?

Bəs sakinləri təlaşa salan bu yeni tikilinin təyinatı nədir? Bu suala onlar cavab tapa bilmirlər. Daha doğrusu, kimisi deyir, masaj salonu olacaq, kimisi burada bar açılacağını söyləyir. Tikintinin iş icraçısı Oqtay Qurbanov da tikilən binanın təyinatından xəbərsizdi. Onun dediyinə görə, ərazidə tikinti aparılması üçün onların lazımi sənədləri var, amma bizə ofisin eskiz layihəsindən başqa möhürlü bir sənəd göstərmədi:

«Qanuni sənədləri də var. Rəsmi şəkildə icazəsi də var. Bakı şəhər İcra Hakimiyyətinin də, Nəsimi rayon İcra Hakimiyyətinin də, bütün nə qədər əlaqədar orqan var, hamısının icazəsi var».

Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Zemfira Xələfova isə AzadlıqRadiosuna deyir ki, sakinlər haqlı deyil, ərazidə nə oyun meydançası olub, nə də ağaclar. Şöbə müdirinin sözlərinə görə,
yeni tikilinin bütün sənədləri qaydasındadır:

ŞƏXSƏN HACIBALA MÜƏLLİMİN RAZILIĞI…

«Orda, onların yeri baxılanda oyun meydançası orda olmayıb. Bəlkə, onlar indi oranı zəbt eliyiblər, bilmirəm? Orda balaca hasara alınmış yer var idi. Biz onlara kənara çıxmağa icazə verməmişik. Tikinti aparanlar getdilər Ekologiyadan da razılıq gətirdilər. Bakı şəhər İcra Hakimiyyətinin, şəxsən Hacıbala müəllimin razılığından sonra bütün distansiyaların hamısından gətiriblər. Yox, orda mən karusel görməmişəm. Mən ora gedib baxmışam, şəkillərin çəkmişəm. Orda bütün təşkilatlardan icazə alıblar. Köklü ağac olmayıb, orda olub sarmaşıq. Yalan söhbətdir».

TƏK YOL - MƏHKƏMƏ

Vəkil Azər Nağıyev isə hesab edir ki, burada sakinlərin hüququ pozulub:

«Əlbəttə, qeyd etdikləri kimi onların yaşadıqları binanın özülündə çatlar əmələ gəlirsə, qrunt suları üzə çıxırsa, onların yaşadıqları ümumi binaya xəsarət yarada biləcək hallar aşkara çıxırsa bu, onların hüquqlarına toxunmadır».

A.Nağıyev deyir ki, sakinlər buna görə məhkəməyə də müraciət edə bilərlər:

«Bu, sırf mülki qaydada ola bilən bir işdir. Mülki qaydada məhkəməyə iddiayla müraciət etməlidirlər. Özü də bir nəfər yox, bina sakinlərinin əksəriyyəti müraciət edib həmin tikintinin dayandırılması ilə bağlı iddia qaldıra bilərlər».
XS
SM
MD
LG