Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:47

Aprel niyə Maydan sonra gəldi?


Qırmızı ordu, 1919
Qırmızı ordu, 1919
«Tarixə bu günün nəzərindən baxanda, nəinki Azərbaycan Cümhuriyyəti, Gürcüstan və Ermənistan respublikaları da 20-ci ilin əvvəllərindən süquta məhkum edilmişdilər».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına tarixçi alim Solmaz Rüstəmova-Tohidi söylədi:

«Bu dövlətlər hansı mühitlə əhatə olunmuşdu, hansı siyasi şəraitdə yaşamağa və öz varlıqlarını sürdürməyə məcbur idilər - sualına biz bu gün aydın cavab verə bilirik».

NEFT, NEFT, NEFT!


Solmaz xanımın fikrincə, bu ilk növbədə Cümhuriyyətə qarşı yönəlmiş xarici təcavüz idi və bu təcavüz bolşevik Rusiyasından gəlirdi: «Həm də 1920-ci ilin Rusiyası 17-ci ilin Rusiyasından fərqlənirdi. Bu ölkədə vətəndaş müharibəsi bitmişdi. Bolşeviklər qalib gəlmişdilər. Daxili düşmən hesab etdikləri, müttəfiqləri olan eserlərlə haqq-hesabı çürütmüşdülər».

Qarşılarında Rusiyanın pozulmuş təsərrüfatını qaldırmaq duran bolşeviklərin yeganə istəyini qonağımız üç sözlə ifadə etdi: Neft, neft, neft!

Başda M.Ə.Rəsulzadə və F.X.Xoyski olmaqla Milli hökumətin təcavüzün ciddiliyini yaxşı anladığını deyən Solmaz xanım bu şəxsiyyətlərin bolşeviklərin ultimatumunun qəbul olunmasına etiraz etdiyini də vurğuladı: «Bu baxımdan, «Cümhuriyyət ömrü gödək doğulmuşdu» - deyənlərin sözlərində həqiqət var».

ƏBƏDİ ƏSARƏT OLMUR!

İndi ABŞ-da yaşayan, telefonla söhbətə qoşulan tarixçi alim Altay Göyüşov isə,
«90 il əvvəl ola bilsin ki, Azərbaycan istiqlaliyyətini qorumaq mümkün deyildi. Amma o da məlum idi ki, Azərbaycan xalqını əbədi olaraq imperiyanın əsarətində saxlamaq olmayacaq» fikrini dəstəklədi.

A.Göyüşova görə, bu nöqteyi-nəzərdən yanaşanda, o dövrdə Azərbaycan istiqlaliyyətinin əleyhinə çalışan, onun yıxılması üçün əlindən gələni əsirgəməyənlərə heç cür haqq qazandırmaq mümkün deyil.

ADR parlamentinin deputatları, 1918
Solmaz xanım Aprel işğalını şərtləndirən mühüm məqama diqqət çəkdi. Rusiyanı dəstəkləyən azərbaycanlıların içərisində N.Nərimanovun da olduğunu deyən xanım qonağımız bildirdi: «Aprel işğalı zamanı irəli sürülən bir şüar vardı, o da müstəqil Azərbaycan Sovet Sosialist Respublikası şüarı idi». Tarixçi alimə görə, bu şüarı yerli kommunistlər müdafiə etsələr də, Stalin kimi liderlər ona taktiki şüar kimi baxırdılar. Müsavatla haqq-hesab çəkəndən sonra müstəqillik elə şüar olaraq da qalacaqdı:

«Onlar deyirdilər ki, istiqlal aradan getməyib, müstəqillik durur, inqilabın sosial xarakteri dəyişib. Milli hökumət dönüb olub sosialist hökuməti, fəhlə-kəndli hökuməti».

S.Tohidiyə görə, ikinci tərəfdən, Cümhuriyyət parlamentinin tərkibi müxtəlif idi. Azərbaycanın gələcək inkişaf yolunu sosialist ideyaları ilə bağlayanlar vardı: «Onları xainlikdə suçlamaq, gördülər Rusiya gəlir, onun tərəfinə keçdilər söyləmək—məsələni bəsitləşdirmək deməkdir».

SİYASİ UZAQGÖRƏNLİK OLMADI

Tarixşünaslıqda bu nüansın həmişə müzakirə edildiyini deyən Altay Göyüşov Solmaz xanımla razılaşmadı: «Bu, həmin adamların siyasi uzaqgörənliliyinin olmamasının sübutudur. Bunun əksini düşünənlər də vardı. Məsələn, Rəsulzadə. Gələn hakimiyyətin nələr yapacağını əvvəlcədən söyləyirdi».

N.Nərimanovu 1918-ci il mart hadisələrindən dərs almamaqda günahlandıran A.Göyüşov dedi: «O hadisələri törədənlər başında erməni duran bolşevik hakimiyyətiydi. Əgər o, bu hadisələri görmüşdüsə, gərək biləydi ki, iki ilə bu hakimiyyətin mahiyyəti dəyişməyib. S.Şaumyan aradan getmişdisə də, KP-nin bölgə rəhbərlərindən biri, bəlkə də birincisi A.Mikoyan idi. Bunu N,Nərimanov bilməliydi».

Sosialistlərin içərisində satqın, istiqlal barədə düşünməyənlərin olduğunu da dedi A. Göyüşov: «N.Nərimanov Azərbaycanı sevən bir insan olduğu üçün sözsüz ki, istiqlal barədə düşünürdü, amma siyasi uzaqgörənliyin olmaması öz sözünü dedi.
Osmanlı ordusu Bakıda, 1918
O bilməliydi ki, Sovet hökuməti Azərbaycanın istiqlaliyyətinin qorunub saxlanılmasında maraqlı olmayacaq».

BOLŞEVİKLƏR MÜSAVAT PARLAMENTİNİ TANIMAQ İSTƏMİRDİLƏR

Altay Göyüşov Solmaz Tohidinin parlamentdə sosialistlərin olması fikriylə razılaşdı:

«Amma N,Nərimanov, ümumiyyətlə bolşeviklər Müsavat parlamentini tanımaq istəmirdilər. Bu, Azərbaycan Respublikasının demokratik quruluşunu qəbul etməmək demək idi».

Altay Göyüşov qeyd etdi ki, «biz Azərbaycanın təkcə istiqlaliyyəti ilə fəxr etmirik, biz həm də ölkənin iki il demokratik respublika olması ilə fəxr edirik».

A. Göyüşov bu iki məsələni N.Nərimanovun mövcud siyasi situasiyada bəraət verilməsi istəyinə qarşı çıxan çox ciddi arqument hesab etdi.

Solmaz Tohidiyə görə isə ki, N.Nərimanov elə şəxsiyyətdir ki, onun bizim bəraətimizə ehtiyacı yoxdur. Çünki M.Ə,Rəsulzadə özü onu «Böyük Nəriman» adlandırırdı. «Biz dövrü qiymətləndirəndə, tarixi gerçəkliklərdən çıxış etməliyik» -deyərək, sosializmin kökündə humanist ideyaların olduğuna da diqqət çəkdi.
XS
SM
MD
LG