Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:52

İslam ölkədən mühacirət edənlərə necə baxır?


Saleh Kazımov
Saleh Kazımov
Hicrətin baş verdiyi tarixdən 1400 il keçməsinə baxmayaraq, bu gün də müsəlmanlar yaşadıqları ərazidə müəyyən təzyiqlərə məruz qalırlar. Bu, onların yaşadığı dövlətdən asılıdır».

AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birlikdə hazırladığı «İslam və demokratiya» verilişinin növbəti buraxılışında bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Saleh Kazımov səsləndirib.

Hicrətin tarixindən danışan S.Kazımov bildirib ki, bu söz «bir yeri tərk etmək», «qoyub getmək», «başqa bir yerə köçmək» mənasını verir. Digər tərəfdən, İslam tarixində hicrətin özünəməxsus anlamı var:

«Əvvəllər müsəlmanlar Məkkədə yaşayıblar. Sonradan orada elə bir vəziyyət yaranıb ki, müsəlmanlar inandıqları dinə sərbəst ibadət edə bilmədiklərinə görə ilk olaraq Həbəşistana hicrət ediblər. Sonra da Mədinəyə gediblər».

İlk hicrətin 622-ci ildə reallaşdığını deyən Saleh Kazımov müsəlmanların ilk köçünün 12 il müddətində davam etdiyini söylədi:

«Qurani-Kərimdə bildirilir ki, hicrət edənlərin, öz dinini qoruması məqsədilə Məkkədən Mədinəyə gedənlərin günahları bağışlanacaq, Allahdan bir mükafat olaraq onlar cənnətə göndəriləcək».

«BURDA MƏSCİDLƏRİ SÖKMÜRLƏR, YALNIZ VERGİSİNİ İSTƏYİRLƏR»

Verilişə müsahibə verən, Almaniyada yaşayan həmyerlimiz Faiq bəy dini inancına görə yox, digər problemlərlə əlaqədar ölkəni tərk edib. Amma deyir ki, bu ölkədə yalnız müsəlmanlara yox, istənilən dinin nümayəndələrinə hörmət var:

«Burada məscidləri sökmürlər. Yeganə tələb odur ki, bu qurumlar vaxtında vergilərini ödəsinlər. Berlində sinaqoq da var, kilsə də, məscid də. İstənilən şəxs də istənilən vaxt ora gedir. Məncə, əsl azadlıq budur».

Müasir dünyada müxtəlif səbəblər üzündən yaşayış yerini dəyişənlərin çox olduğunu deyən ekspert bildirdi ki, rifah naminə mühacirət edənlərin hicrət etdiyin demək olmaz:

«Bunu hicrətlə eyniləşdirmək olmaz. Lüks həyat üçün ölkəsini tərk edənlərin dinlə əlaqəsi yoxdur. Hicrət – müsəlmanın dini inancını normal şəkildə yaşaya biləcəyi bir məkana getməsi deməkdir. Biz müstəqil ölkədə yaşayırıq. Biz öz dini ibadətlərimizi yerinə yetirə bilirik, bunun üçün hər cür imkanlar yaradılır. Amma elə yerlər ola bilər ki, orda ibadətləri yerinə yetirmək üçün imkan verilməsin».

«RÜŞVƏT ALAN ELƏ AVROPADA DA ALACAQ»

Əgər bir cəmiyyətdə əxlaqsızlıq yayılırsa, əsas dəyərlər yalan üzərində qurulursa, bu cür şəraitə dözməyib gedənlərin hərəkəti hicrət sayıla bilərmi? Bu sualı cavablandıran S.Kazımov deyir ki, dini inanc tək ibadətdən asılı deyil:

«Bu, həm də həyat tərzidir. O ki qaldı rüşvət və korrupsiyanın yayıldığı cəmiyyətə, bu faktorlar əsasən insanın özündən asılıdır. Rüşvət alan kəs Avropada da alacaq, istənilən yerdə də. Odur ki, harasa getməkdənsə, yaşadığın yerdə dürüst olmaq və insanları da buna çalışmaq lazımdır».
XS
SM
MD
LG