Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Savaş kimdən utandı?


Bakıda Mixaylonun heykəli
Bakıda Mixaylonun heykəli
İkinci Dünya Savaşının hərbi çağırış vərəqləri Azərbaycana da gəldi... Və sevmək üçün doğulanlar nifrətə kökləndilər. Yaratmaq və can vermək üçün yaşayan insanlar uçurub dağıtmaq və can almaq üçün savaşa yollandılar. Onların arasında bu günün özündə də, adı əfsanə kimi anılan Mehdi Hüseynzadə də vardı. Bu radio dastan onun olsun dedik və İtaliyada, Balkanlarda, hətta Almaniyada indi də dillərdən düşməyən, öldürmək yox, yaşatmaq savaşı verən Mixaylonun - Mehdinin izinə düşdük.

Mehdi Hüseynzadənin bacısı uşaqları Gülarə Əlizadə, Aqşin Əlizadə, Mehdi Əzizbəyov və jurnalist İltifat Hacıxanoğlu bu «İz»də yardımçımız oldu.

S.İ. - Gülarə xanım, Mehdi Hüseynzadədən danışanda, adətən, onun poliqlot olduğunu deyirlər. 30-cu illərin Sovet mühitində bu necə mümkün olub?

G.Ə. - Deyə bilmərəm ki, o hamısını dəqiq bilirmiş. Amma fransız və alman dilini bildiyinə əminəm. Leninqradda fransız dili fakültəsində təhsil almışdı. Alman dilini də ki, orda olanda almanlar özləri dəvət etmişdilər ki, oxusun, işləsin. O da məmnuniyyətlə getmişdi. İtalyan dilinə gəldikdə, İtaliya Sloveniyanın qonşusu idi. Hər halda az-çox bilərmiş.

İ.H. - Mehdinin orta məktəbdə müəllimi alman olub. Çox səlis öyrədib ona bu dili. Maraqlıdır ki, alman dilində şivələr çoxdur. Mehdi şivələri də dəqiqliklə bilirmiş. Bu da onları çaşdırırmış. Poliqlotluq xüsusi istedaddır. Bu da Mehdidə varmış. Almaniyada əsirlikdə də, istər-istəməz, dili daha yaxşı mənimsəyib. Deyilənə görə, qarabuğdayı olduğundan, onu italyana bənzədirmişlər. İtalyanca da səlis danışırmış.

S.İ. - Mehdinin rəssamlığı da olub...


G.Ə. - Elədir, Bakıda rəssamlıq oxuyub. Hətta bir az çalışıb da. Sonra Leninqrada ali təhsil almağa gedib.

S.İ. - Kim olub ata-anası, nəsli-kökü qəhrəmanımızın?

G.Ə. - Atası Hənifə Hüseynzadə indiki «Nizami» metrosunun yanında yerləşən milis idarəsinin rəisiydi. O vaxtlar da vuruşmalar gedirdi. Nənəm danışırdı ki, atlı kazaklar gələndə, mən özüm (Sənəm nənəm) Hənifəylə atışmada iştirak etmişəm. Elə o vuruşmaların birində aldığı yaradan da vəfat etmişdi. Anası Güllü xanım evdar qadındı. Əvvəlcə babam rəhmətə gedir, bir neçə il sonra Güllü nənəm. 3 uşaq qalır Sənəm nənənin- bibinin öhdəsində. O böyüdür üçünü də. Çox istəyirdilər bibini. 90 yaşınacan yaşadı bibi. Çox gözlədi Mehdini. Baxıcı bir dəfə ona demişdi ki, özü gəlməyəcək, böyük xəbəri gələcək. Müharibədən sonra bütün hərbi hissələr Biləcəridən keçirdi. Bibi çıxardı vaqonların dalınca qışqıra-qışqıra qaçardı: Mehdi...Mehdi...Mehdi...Yığdığı şeyləri paylayardı əsgərlərə, evə qayıdardı. Hər dəfə belə. Bir gün kimsə qayıdıb ona ki, Mehdi o biri qatarla gəlir. Sevincək evə gəlir. Mehdi adlı adam nə qədər desən var. Çox gözlədi onun yolunu.

S.İ.- İlk xəbəri necə eşitdiniz?

Sloveniyada Mixaylonun büstü
G.Ə. - Moskvadan xəbər gəldi. Dyaçenko, Ryabçenko xəbər gətirmişdilər ki, Qafqazlı oğlan Sloveniyada, İtaliyada belə işlər görüb. Başlayıblar axtarmağa. Ermənilər təşvişə düşüblər ki, bəlkə bizimkidir. Sonra arxivə baxandan sonra görüblər ki, Bakılıdır. Qəhrəmanlığa vermək üçün bizdən məlumat istədilər. Birinci yazdığımızı bəyənmədilər. Təkrar geniş yazıb göndərdik - onun cəbhə yoldaşlarının dediyini və s. 11 aprel 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adını verdilər. Amma «Uzaq sahillərdə» kitabı ondan əvvəl yazılıb. İlk kitab 1954-cü ildə yazılıb. İmran Qasımov və Həsən Seyidbəyli, demək olar ki, bizim evdən çıxmırdılar. Anamla, xalamla söhbət edərdilər, şəkillərə, məktublara baxardılar. Çox dostlaşmışdıq onlarla. Mehdinin qəbrinin üstünə də getmişdilər - Çepovaniyə. Məzarından torpaq da gətirmişdilər Bakıya. Biz həmin torpağı Hənifə babamın, Güllü nənəmin yanında basdırdıq...Anam da, xalam da qardaşlarını çox gözlədilər, amma qəhrəmanlıq alandan sonra bildilər ki, ümid yoxdur. Günlərin bir günü...1946-cı il idi, həyətdə oynayırdım, iki hərbi paltarlı kişi içəri girdi. Qışqırdım ki, Mehdi dayı gəlib...

- Gələnlər kim idi?

- Mehdi Hüseynzadə necə Mixaylo oldu?

- Stalinqradın alındığı gün Mehdinin əsir düşdüyünü bilməyən bacısı niyə oynadı?

- Mehdinin kəşfiyyat məktəbində oxuduğunu doğmaları bilirdimi?

- Mehdi Heseynzadədən nələr yadigar qalıb?

- Mixaylonun «Uzaq sahillərdə» filmində Nodar Şaşıqoğlunun barmağında olan üzüyü, həmçinin portsiqarı, gödəkçəsi indi hardadır?

- Əlyazmaları, şeirləri dururmu?

- Mehdinin ilk sevgisi kim olub?

- Mixaylonun yerinə yetirdiyi əməliyyatları Gülarə xanım necə sadaladı?

- Onun sonuncu məktubu hardan gəlmişdi?

- Mehdinin komandiri Cavad Həkimli onun ölümünü necə danışdı?

- Mehdini kim satmışdı?

- Sloveniyada - Mixaylonun abidəsinin açılışına qatılan Mehdi Əzizbəyov nələr söylədi?

Və nəhayət, Mehdi Hüseynzadənin artıq «Legion ədəbiyyatı»kimi çap olunan şeirlərini eşitmək, cəbhə məktublarında nələr yazdığını bilmək istəyirsinizsə «İz»i dinləyin.

XS
SM
MD
LG