Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan pullar hanı?


Sabirabad rayonu, 12 may 2010
Sabirabad rayonu, 12 may 2010
Araz çayının suyu artır. Kürün suyu da hələlik azalmaq bilmir. Mingəçevir su anbarının da səviyyəsi qalxır. Çaylar boyu kəndlərdə yaşayan sakinlər isə təbii fəlakətin əlində çar-naçar qalıblar. Saatlı rayonunun sakini Ədalət Mirzəyev deyir ki, rayonun Araz boyu kəndlərində yaşayan insanlar təşviş içində evlərini boşaldırlar:

- Sarısu gölü ətrafında yerləşən Kamallı, Mərzəli, Hacı Qasımlı, Dəllər, Musalı kəndləri, orda olan qaçqın qəsəbəsi boşalır. Deyəsən, su saxlaya bilmirlər, buraxıblar hələlik əkin sahələrinə. Hal-hazırda ordan gəlirəm, camaat yola düşüb gedir. Mal-qaranı çıxarır. Amma kişilər kəndə qayıdır.

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə deyir ki, Sarısu gölünün suyu ətrafdakı kəndləri basmaması üçün tədbirlər görməyə çalışırlar.

Amma elə Kür boyu kəndlərdə də vəziyyət ürəkaçan deyil. Sabirabad rayonunun Mürsəlli kəndinin sakini Akif Qəhrəmanov şikayətlənir ki, vaxtında sahilboyu bəndləmə işləri aparılmayıb, buna görə də indi su altında qalan evinə qıraqdan baxmağa məcburdur.

NEÇƏ DƏFƏ DEMİŞİK Kİ, BƏNDİ BƏRKİDİN

- 2004-cü ildə gəldilər bir az torpaq tökdülər. Vəssalam. Bənd mənim evimin yaxınlığındadır. Neçə dəfə demişik ki, bəndi bərkidin. Torpaq bənddir. 50 yaşım var, indən sonra mən necə ev tikəcəm?

Hökumətin məlumatına görə, 2009-cu ildə Kür-Araz çaylarında sahilboyu 400 km-ə yaxın torpaq bəndləri, 5300 kuba qədər betoniklərlə bərkitmə işləri aparılıb.

Rövşən Ağayev
Amma İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, son üç ildə meliorasiya sahəsinə həm büdcə xərcləri, həm də investisiya proqramı çərçivəsində 750 milyon manata yaxın vəsait xərclənib. Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üstəlik dövlət xəttiylə xarici banklardan 200 milyon dollardan çox kredit götürüb. Rövşən Ağayevin gümanına görə, bu vəsaitin təxminən 20-25 faizinin sahilboyu bəndlərin möhkəmləndirilməsinə, yenidən qurulmasına xərclənməsi nəzərdə tutulub:

BƏS ONDA İŞİN KEYFİYYƏTİ HANI?

- Ən kobud hesablamalara görə, bəndləmə işlərinə 100 milyon manatdan çox vəsait xərclənib. On milyonla manat texnika alınmasına xərclənib. Bəs onda işin keyfiyyəti hanı? Amma yağış normasının əvvəlki illərlə müqayisədə bir o qədər də çox olmadığı bir halda ölkə daşqın fəlakətiylə üzləşib.

Millət vəkili Nazim Məmmədov da vəsaitlərin təyinatı üzrə şəffaf xərclənməsindən şübhələndiyini deyir və onun fikrincə, yəqin ki, fəlakətin fəsadları aradan qaldırılandan sonra bu xərclər araşdırılacaq.

DEPUTAT DA ŞÜBHƏLƏNİR

Nazim Məmmədov bu ilin dövlət büdcəsindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 200 milyon manatdan çox vəsaitin ayrıldığını, o cümlədən, investisiya proqramında da kifayət qədər böyük vəsaitin nəzərdə tutulduğuna diqqəti çəkir:

Nazim Məmmədov
- Mənim şübhələnməyimə kifayət qədər əsasım var ki, tam olaraq yerlərə çatmır, təyinatı üzrə xərclənmir. Hər halda bu araşdırılmalıdır.

Nazim Məmmədov yada salır ki, bu miqyasda daşqın olacağıyla bağlı siqnallar gəlirdi, hər yaz Kür daşırdı və ətraf kəndləri su basırdı.

«Təbii fəlakətin miqyası ona görə belə böyük olub ki, heç vaxt heç kim Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitin təftişini aparmayıb», - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev belə deyir. Onun fikrincə, son olaylar göstərir ki, hökumət Kür-Araz çayının necə fəlakət gətirə biləcəyini hesablamayıb və ona görə də bu sahəyə xərclənən milyonları saf-çürük eləməyib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyilə bu milyonları biz də saf-çürük edə bilmədik, çünki qurumun rəhbərliyi sel basmış bölgədə daşqının fəsadlarını aradan qaldırmaqla məşğul idi.
XS
SM
MD
LG