Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

Dövlətin təbii fəlakətdə yardım etmək öhdəliyi varmı?


Adamlar onlara vaxtında yardım göstərilmədiyini deyirlər.
Adamlar onlara vaxtında yardım göstərilmədiyini deyirlər.
«Gətirib özlərini reklam edirlər, amma qara millətin qeydinə qalan yoxdur. Bura yardıma gələnlərdən yox, yerli məmurların hansını danışdırırlar, hamısı deyir hər şey qaydasındadır. Nə çay var, nə qənd var, nə yatacaq var. Bu pullar kimə ayrılıb, niyə ayrılıb?».

Bu, mayın 12-də su altında qalan Sabirabad rayonunun Şıxlar kəndinin sakinlərindən birinin narazılığıdır. Belə narazılıqları daşqınlardan zərər çəkən bütün kəndlərdə eşitmək olar. Adamlar əsasən onlara vaxtında yardım göstərilmədiyini deyirlər.

YARDIMLAR NECƏ GƏLDİ PAYLANIR

Yardımlardan söz düşmüşkən, Vətəndaş Nəzarəti Şəbəkəsi QHT Koalisiyasının Şirvan şəhəri üzrə əlaqələndiricisi Kazım Kazımlı bu sahədə xeyli problemlərin olduğunu bildirir:

«Yardımlar necə gəldi, siyahı olmadan paylanır, qocalara, xəstələrə baxan yoxdur, kartof, soğan, şəkər tozu və s. ərzaq malları paylamaq üçün icra nümayəndəsinə verilir, o da bir az paylayandan sonra qapıları açıb deyib kim nə qədər istəyir götürsün».

Təbii fəlakətlər zamanı zərərçəkənlərə ayrılan kompensasiya hansı mexanizmlə hesablanmalıdır? Yardımları hansı qurum və necə paylayır? «İnternyus-Azərbaycan» təşkilatının AzadlıqRadiosu ilə birgə layihəsi və Avropa Komissiyası tərəfindən maliyyələşən «Hər kəsin haqqı var» proqramında bu dəfə məhz bu mövzu araşdırılıb.

FƏLAKƏTİ 6 İL ƏVVƏL PROQNOZLAŞDIRMAQ OLARDI

«EkoAləm» İctimai Birliyinin sədri Sevil Yüzbaşova deyir ki, bölgələrdə belə vəziyyətin yaranacağını hələ 6 il əvvəldən proqnozlaşdırmaq olarmış. 2004-cü ildə qışın sərt keçməsi

Salyan və Neftçalada problemlərin üzə çıxacağını labüd edirdi:

«Mən bu fəlakətin səbəbini çayın dibinin tutulmasında və deltanın bağlanmasında görürəm. Artıq Kür və Araz o qədər lillənib ki, öz məcrasından çıxaraq səthlə axır».

S.Yüzbaşovanın dediyinə görə, fəlakətin zərərlərinin aradan qaldırılmasına 400 milyon manat vəsait ayrıldığı söylənilir. Amma bu vəsaitin hara və necə sərf olunması haqda məlumatlar verilmir. Ekspert hesab edir ki, ayrılan vəsaitin hesabına Fövqəladə Hallar Nazirliyi çayın deltasını və dibini təmizləmək üçün avadanlıq, müasir texnika ilə təchiz olunmuş gəmi almalıdır.

DÖVLƏT ÖZ ÖHDƏLİYİNİ YERİNƏ YETİRİR

Sevil Yüzbaşova və Nazim Məmmədov
YAP-çı deputat Nazim Məmmədov isə fəlakət zonasında şəxsən olduğunu və hökumətin öz öhdəliyini yüksək səviyyədə yerinə yetirdiyinin şahidi olduğunu deyir:

«İnsanlar evakuasiya olunur, ərzaq və suyla, tibbi xidmət və digər zəruri məsələlərlə təmin olunur».

«HƏR ŞEYİ DÖVLƏTDƏN UMMAQ DÜZ DEYİL»

İqtisadçı millət vəkili düşünür ki, bu məsələdə sığorta şirkətlərinin də məsuliyyəti olmalıdır. Əgər vətəndaşlardan kimsə öz əmlakını sığortalayıbsa, onlar sığorta pulunu almalıdırlar:

«Hər şeyi dövlətdən ummağı düzgün saymıram. Dövlət öz üzərinə götürdüyü konstitusion öhdəlikləri yerinə yetirir. Bəzən belə fəlakətlər insanların öz günahları ucbatından da baş verir. Kimsə ev tikəndə icazə almır, həmin yerin geoloji tərkibinə, yerləşdiyi əraziyə baxmır. Bu da onun şəxsi fəlakətinə gətirib çıxarır».

NİYƏ HƏR ŞEYDƏ ƏHALİNİ GÜNAHKAR SAYIRLAR?


Sevil Yüzbaşova isə N.Məmmədovu hər şeyi əhalinin üstünə atmaqda günahlandırır. Ekspert deyir ki, adətən məmurlar belə edir:

«Hardasa qaz partlayır, deyirlər vətəndaş günahkardır, ev dağılır, deyirlər, özü tikib ona görədir. Bəs onu tikənə kim icazə verib? 2004-cü ildən başlayaraq deltada iş gedirdi, yeni qol çəkilir. Bəs niyə o məmurlardan soruşmurlar ki, hanı o pullar? Adətən icra başçıları ayrı rayondan seçilir, onlar problemi bilmirlər, əhali ilə işləmirlər. Açıqca deyirlər ki, bura pul qazanmağa gəlmişik. Onları cəzalandıranda da, bir rayondan digərinə göndərirlər».

MƏMURLUQ DA, DEPUTATLIQ DA MÜVƏQQƏTİDİR

Nazim Məmmədov isə məmurların hamısını müdafiə etmək fikrində olmadığını, amma onlar arasında iş görənlərin də çox olduğunu söylədi:

«Digər tərəfdən, məmurun özünün daxili zənginliyi, ziyalılığı, məsuliyyəti olmalıdır. Hər kəs bilməlidir ki məmurluq da, deputatlıq da müvəqqətidir. Heç bir vəzifə heç kəsə ömürlük yazılmayıb».

ADƏTƏN ZƏRƏRÇƏKƏNLƏRƏ ÇOX AZ VƏSAİT ÖDƏNİLİR


Qeyd edək ki, Azərbaycanda təbii fəlakətdən zərər əkənlərə kompensasiya ayrılması qaydaları Nazirlər Kabinetinin 2005-ci il iyunun 24-də qəbul edilən qərarı ilə müəyyənləşir.

Müzəffər Baxışov
Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışovun sözlərinə görə, pul kompensasiyalarının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir və Maliyyə Nazirliyi tərəfindən vətəndaşların adına müvəqqəti yaşadığı ərazi üzrə açılmış bank hesabına köçürülür. Mütəxəssis praktikadan çıxış edərək deyir ki, çox hallarda zərərin hesablanması dəyən zərərə tam adekvat olmur:

«Bir qayda olaraq çox aşağı preyskurantlar qiymətləndirilir. Zərərçəkənlərə çox az vəsait ödənilir. Əgər şəxs ona ödənilən kompensasiyanın miqdarı ilə razılaşmırsa, onda bu məsələni mübahisələndirə bilər. Amma məhkəmə onu xeyrinə qərar çıxarıb-çıxarmayacaq – bu, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti ilə bağlı problemlərdən biridir».

Dünya praktikasına müraciət etsək, müxtəlif dövlətlərdə təbii fəlakətlər zamanı zərər çəkən şəxslərə yardımı müxtəlif cür hesablayırlar. Bəzi ölkələr fəlakətlərdən, yanğından sığortası olan şəxslərə dövlət yardımı ödəmirlər. Yardımın miqdarı da təbii fəlakətin miqyasından asılı olur. Məsələn, Amerikada adi bir bardakı yanğına görə 176 milyon dollar miqdarında kompensasiya ölən 82 nəfərin ailəsinə paylanmışdı. Cənubi Koreyada isə sel zamanı həlak olan 6 nəfərin ailəsinə ümumilikdə 2,6 milyon dollar kompensasiya verilmişdi.

MÜƏYYƏN ƏYİNTİLƏRƏ YOL VERİLƏ BİLƏR

YAP-ın təmsilçisi Nazim Məmmədov hesab edir ki, hazırkı fəlakətdən zərər çəkənlərə yardımın paylanması yerlərdə ictimaiyyətin iştirakı ilə həyata keçirilməlidir. Yerli komissiyalara kənd ağsaqqalları, bələdiyyələr üzv olmalıdır:

«Azərbaycanda kənd təsərrüfatı qurumları vergidən azad olduğuna görə, onların nə qədər mal-qarası, nə qədər təsərrüfatı olduğu haqqında dəqiq məlumat yoxdur. Burada müəyyən qədər məsələlərdə əyintilərə yol vermək ehtimalı ola bilər. Güman edirəm, müxtəlif yollarla bu məsələdə də şəffaflığa nail olmaq mümkündür».

Sel nəticəsində əhaliyə 2 milyard manatdan çox ziyan dəydiyi bildirilir. Vətəndaş cəmiyyəti nümayəndələri dövlətin ayırdığı vəsaitin ünvanına çatması üçün komissiyaların işinə QHT-lərin də daxil edilməsini vacib sayır.
XS
SM
MD
LG