Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Susuzluqdan yanan şəhər


Maydan sentyabradək Balaxanı su deyib yanır
Maydan sentyabradək Balaxanı su deyib yanır
Yay ola, temperatur Bakıda 40 dərəcəyə yaxınlaşa. Dilin-dodağın quruya, istidən də tər tökəsən. Bu istidə bircə istək keçər adamın ürəyindən. Bir azca su. Əlini-ayağını yuyub sərinləyəsən. Bircə stəkan su içib rahatlayasan. Amma «yerin-göyün od ələdiyi» bu günlərdə Bakının bəzi yerlərində bir içim suya həsrət qalanlar var. Məsələn, Rəsulzadə və Balaxanı qəsəbələrində…Özü də bu susuzluq beş gün deyil, təxminən bir aydır davam edir…

«Dəhşətdi, dəhşətdən də dəhşətdi. Bir aydır bizə su gəlmir. Tək bizə yox. Bütün Balaxanı susuz qalıb. Biz Dirçəliş küçəsi 61-də yaşayırıq. Bu cür olmaz axı…Su çox bahadır. Özümüz də işləmirik. Bir aydır su yoxdur. Deyirlər ki, xətdə su yoxdur, haçan olsa onda verəcəyik».

SU QİYMƏTİNƏ? BƏLKƏ OD QİYMƏTİNƏ?

Sevda Yarməmmədovadır danışan. Deyir hər il yay gəlməmiş bu əziyyət başlanır. Maydan sentyabradək Balaxanı su deyib yanır. Ümid qalır maşınlara. 8 ton su 20, 12 tonluq su isə 30 manatdır. Balaxanılılar suyu az qala od qiymətinə alırlar. İşdi onu da tapa bilsən. Rahib Qədimov küçəsində yaşayan Səadət Əliyeva deyir ki, bir maşın su gətirtmək üçün gərək günlərlə növbədə dayanasan:

«Su maşını da ki dəhşət bahadır. Həm də gərək növbəyə neçə gün əvvəldən yazılasan. Üç-dörd gün çəkir. Camaatın suyu yoxdur deyə hamı növbəyə yazılır. Yay gəldi su problemdir bizə. Baha qiymətə almaq da olmur. 30 manata su al, o da bizi bir həftə görür. Çətindir vallah…».

Balaxanı camaatının su problemi təzə məsələ deyil. Düz doqquz il əvvəl də mən bu qəsəbənin aylarla susuz qalmasından yazmışdım. Üstündən illər keçir, amma hələ də vəziyyət dəyişmir. Camaat əlacsız qalıb bələdiyyədən, kənd nümayəndəliyindən çarə istəyib.

SƏBR ETSƏN…

Bakının bəzi yerlərində bir içim suya həsrət qalanlar var
Balaxanı qəsəbəsinin bələdiyyə başqanı Malik Novruzovun dediyinə görə, bu birbaşa onların işi olmasa da, əllərindən gələni edirlər:

«Bələdiyyə bir aydı bununla məşğuldur, nəticə yoxdur. Hara zəng vururuq deyirlər ki, bu axşam su olacaq, sabah günorta olacaq. Suyu biz saatnan yox, 40-50 dəqiqəynən alırıq. Düz «Azərsu»ya kimi çıxmışıq, nəticə yoxdur hələ…».

Sabunçu rayon Su Satışı İdarəsində isə telefon günboyu sadəcə, məşğul göstərdi deyə, onların cavabını ala bilmədik.

…Deyəcəyim xəbər balaxanılıların ürəyini bu istidə nə dərəcədə soyudacaq deyə bilmərəm. Amma üçcə il səbr etmək lazımdır. Bələdiyyə başqanı deyir ki, dövlət proqramına əsasən 2013-cü ilə kimi qəsəbənin işıq, qaz, kanalizasiya xətti kimi su xətti də yenilənməlidir. Beləliklə, qəsəbənin su problemi də birdəfəlik o zaman qapana bilər.

RƏSULZADƏNİN SUYUNU YENİ GÖYDƏLƏNLƏR «İÇİR»?

Bakının Rəsulzadə qəsəbəsi Əli Məmmədov küçəsində yaşayanlar da suya təşnədirlər. Bu ünvanda yaşayanlardan biri Elçin Rüstəmov:

«Ümumiyyətlə, iki ay yuxarı mərtəbələrə su çıxmırdı, təzyiq yoxuydu. Ona görə bir xeyli adam məcbur olub yüz manat xərc çəkdi və su nasosu aldı. İndisə iyirmi gündür ki, bu əraziyə su verilməsi tamamən dayandırılıb. Ona görə də camaat suyu ya əllə daşıyır, ya da maşınla gətirdirlər. Bir maşın su 30-40 manatdır. Heç kim də demir ki, problem necə həll olunacaq, həll olunacaqmı ümumiyyətlə…».

Elçin Rüstəmov bunu da deyir ki, ərazidə yeni göydələnlərin sayı artandan bəri suyu fasilələrlə, az-az verməyə başlayıblar.

Camaat suyu ya əllə daşıyır, ya da maşınla gətirdirlər
Binəqədi rayon Su Satışı İdarəsindənsə deyilənləri təkzib etdilər. Bildirdilər ki, əraziyə su iyirmi gün yox, cəmisi üç-dörd gündür gəlmir. Bu da mövsümlə bağlıdır. Səbəbi də belə izah etdilər ki, tələbat artdığından suyun təzyiqi də azalıb. Amma bununla belə, iyunun 16-da axşam saat 7-də binalara su vurulanda bu məsələni birdəfəlik həll etməyə çalışacaqlar.

DÖNÜŞ İLİ OLACAQMI?

Əslində, su problemi təkcə Balaxanı və Rəsulzadəni yaxıb yandırmır. Bakının çox yeri susuz qalıb. «Azərsu» Açıq Səhmdar Cəmiyyətindən bu vəziyyətlə açıqlama verməsini çox istədik. Gün ərzində qurumun informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmova dəfələrlə zəng etsək də, dəstəyi qaldırmadı və nəhayət telefonu söndürdü…

Amma məsələylə bağlı bu yaxınlarda mətbuata açıqlamasında o deyib ki, supaylayıcı şəbəkənin bəzi yerlərində istismar müddətinin bitməsi, binaların su xətlərində böyük həcmli su itkisi, paytaxtdakı su anbarlarının kiçik tutumlu olması və bir sıra başqa səbəblər su təchizatında problem yaradır. Bu problemsə tamamən Bakıya yeni çəkilən su kəməri istismara verilən zaman bitə bilər. Elə yüksək çinli rəsmilər də dəfələrlə deyiblər ki, 2010-cu il Bakının su təchizatında dönüş ili olmalıdır. Oğuz-Qəbələ-Bakı su kəməri bu il istismar verilməlidir. Bundan sonra paytaxta saniyədə 5 kubmetr su gələcək.
XS
SM
MD
LG