Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Hammarberq: “Jurnalistin və bloqçuların həbsinə gətirilən arqumentlər qəbuledilməzdir”


Tomas Habbarberq
Tomas Habbarberq
İyunun 29-da Azərbaycana insan haqlarının vəziyyətinə dair tənqidi hesabat yayan Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq AzadliqRadiosuna müsahibəsində bildirir ki, beynəlxalq təşkilatların seçki müşahidəçilərini yubanmadan Azərbaycana göndərməlidirlər. O, müsahibəsində əsas tənqid hədəfləri haqqında suallara cavab verir:


- Cənab Hammerberq, Sizcə, hazırladığınız bu hesabatın konkret nəticələri olacaqmı? Bu, Azərbaycanda insan haqlarının vəziyyətinə təsir edə bilərmi?

- Mən buna ümid edirəm. Bu, ciddi, tənqidi hesabatdır, amma aqressiv deyil, O, konstruktiv, amma tənqidi hesabatdır. Onlar bu sənədi ciddiyə almalıdırlar.

- Amma Azərbaycan hökuməti hesabatda qeyd olunana problemlərin bir çoxunun əsassız olduğunu bildirir...

- Biz bir qayda olaraq, hesabatlarımızda hökumətin reaksiyasına da yer veririk. Ümid edirik ki, onu oxuyanlar hər iki tərəfin fikirləri ilə tanış ola bilirlər. Doğrusunu desəm, onların gətirdikləri bəzi arqumentlər, məsələn, fikrin azad ifadə edilməsi ilə bağlı problemlə izahları o qədər də inandırıcı deyil.

- Sizin müşahidələrinizə görə, konkret hansı arqumentlər inandırıcı deyil?

- Misal üçün, adamların dedikləri fikirlərə, yaxud, mediada yazdıqlarına görə həbsə atılmaları. Məncə, jurnalist Eynulla Fətullayevin hələ də həbsdə saxlanması tamamilə yolverilməz haldır. Strasburqda məhkəmə qərar qəbul edib ki, o, dərhal azad edilməlidir. Onun 8.5 il müddətinə həbsə atılması üçün səbəb kimi gətirdikləri bütün arqumentlər yalnız yazılmış fikirlərdir.

Bundan başqa, medianın “gənc bloqçular” adlandırdığı cavan adamların həbsi üçün göstərilən aruqmentlər də qəbuledilməzdir. Mənim fikrimcə, onlar təhlükəsizlik qüvvələrinin əməkdaşlarının zorakılığına məruz qalıblar, sonra da agentlərin təxribatı ilə tutulublar. Məncə, bu sadəcə olaraq, hər şeyin baş-ayaq göstərilməsidir. Mənim qənaətimə görə bu cavanlar da tamamilə günahsızdırlar. Onların həbsdə saxlanmaları yolverilməzdir.

Azərbaycan hökuməti həmin bloqçuların həbsi ilə bağlı məsuliyyəti öz boynundan atır. Bildirir ki, bu, sadəcə olaraq azad məhkəmənin törədilən cinayətin xarakterinə uyğun bir qərarıdır. Amma bu iş prokurorun izah etdiyi şəkildə baş verməyib. Ona görə, məhkəmələrin də bu izah əsasında verdiyi qərar yanlışdır. Açıq desəm, mənə elə gəlir ki, bu işi təhlükəsizlik qüvvələri qurublar və bu gənclərə qarşı ədalətsizlik edilib.

Bu hadisə həm də Azərbaycan məhkəmələrin fəaliyyəti haqqında təsəvvürlər formalaşdırır, belə qənaət yaradır ki, bu ölkədə hakimlər insan haqları ilə bağlı məsələlərdə öz funksiyalarını tam yerinə yetirə bilmirlər.

- 2001-ci ildə Avropa Şurasına üzv olmuş, doqquz ildir bu qurumun üzvü olan, demokratiya, insan haqları sahəsində öhdəliklər götürmüş Azərbaycanda bunlar niyə baş verir?

- İndiyə qədər Avropa Şurasının müxtəlif qurumları Azərbaycanda vəziyyətə dair araşdırmalar aparıb, hesabatylar hazırlayıblar. Bəzi işlə Avropa İnsan Haqları Məhkəməsində araşdırılıb, onların da bir çoxunda Azərbaycan hökumətinin yanlış davaranışı barədə qərarlar çıxarılıb.

Yəni, vəziyyət incələnib, olduqca tənqidi qeydlər verilib və ümid edirəm ki, insan haqları sahəsində vəziyyət yaxşılaşacaq.

- Bu payız Azərbaycanda parlament seçkiləri keçiriləcək. Eyni zamanda, hesabatlara görə, Azərbaycanda insan haqlarının vəziyyəti beş il əvvəl bundan daha yaxşı olub. Təhlilçilər vəziyyətin getdikcə daha çox pisləşməyə doğru getdiyini deyirlər. Bu vəziyyəti seçki üçün necə qiymətləndirirsiniz. Bu vəziyyəti seçkiöncəsi üçün necə qiymətləndirirsiniz?

- Məncə, həmişə seçkiöncəsi, seçki kampaniyası və seçkidən sonrakı dövrlərdə insan haqları sahəsində vəziyyətin pisləşməsi üçün risklər var. Ona görə hesab edirəm ki, seçkiləri müşahidə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların indidən ölkəyə gedib, prosesləri müşahidə etmələri olduqca vacibdir. Onların yalnız seçkidən bir-iki gün əvvəl ölkədə olmaları, səslərin sayılmasında iştirak etmələri yetərli deyil.

Onlar yoxlamalıdırlar ki, debatlar nə qədər ədalətli aparılır, adamlar öz aksiyalarını keçirə bilirlərmi, tənqidlərə imkan verilirmi, media müxtəlif səslərin eşidilməsinə imkan verirmi, və s.

Beləliklə, bu, ilk növbədə Azərbaycanın özü üçün son dərəcə önəmli dövrdür. Eyni zamanda da beynəlxalq təşkilatlar məsələni ciddiyə almalı, qarşıdakı altı ay ərzində insan haqları sahəsində baş verənləri nəzarət altına almaq üçün Azərbaycan xalqına kömək etməlidirlər.
XS
SM
MD
LG