Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

«Göyçayda meyitdən də pul qazanırlar»


Nəriman Ağayev deyir ki, qızının cəsədini yarılmadan geri almaq üçün elə o vaxt müstəntiqə 1000 dollar ödəməli olub
«Bizdə prokurorluğun qərarı var ki, guya qızımın meyiti daxili müayinə olunub, halbuki belə bir müayinə olunmayıb və məhz olunmaması üçün məndən 1000 dollar pul alınıb. Eksqumasiyaya razılıq verməyimizdə də məqsəd məhz bunu sübut etməkdir».

Göyçay rayon sakini Nəriman Ağayevin 17 yaşlı qızı Zümrüd Ağayeva ötən ilin noyabrında anadangəlmə tromb-damar xəstəliyindən vəfat edib. Nəriman Ağayev iddia edir ki, o zaman Göyçay Rayon Prokurorluğunun müstəntiqi Aftandil Babayev meyitin yarılaraq üzərində daxili müayinə aparılmaması üçün ondan 3 min manat rüşvət tələb edib. Halbuki Respublika Baş Prokurorluğunun qərarı var ki, xəstə kimi qeydiyyatda olanlar vəfat edərkən ölümün səbəbini müəyyənləşdirmək üçün onun daxili müayinəsinə ümumiyyətlə ehtiyac yoxdur.

Nəriman Ağayev deyir ki, qızının cəsədini yarılmadan geri almaq üçün elə o vaxt müstəntiqə 1000 dollar ödəməli olub. Bundan sonra isə ondan rüşvət tələb olunmasından ölkə prezidentinə və Respublika Baş Prokurorluğuna şikayət edib. Amma nə rüşvət verdiyini, nə də ümumiyyətlə qızının meyitinin daxili müayinə olunmamasını sübut edə bilməyib. Baş Prokurorluq ictimaiyyətə açıqladığı rəyində bildirib ki, müraciət araşdırılıb və təsdiqini tapmayıb.

SON ƏLAC - EKSQUMASİYA


Son əlac meyitin eksqumasiyasına qalıb. Nəriman Ağayev məhz rüşvət alınmasını sübut etmək və buna görə müstəntiqin cəzalandırılmasına nail olmaq üçün meyitin eksqumasiyası ilə bağlı Göyçay Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmənin qərarı ilə iyulun 12-də meyit çıxarılaraq müayinə olunub. Hadisə yerində olan Baş Prokurorluq, Göyçay rayon Prokurorluğu və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndələri jurnalistlərə eksqumasiya bitəndən sonra açıqlama verəcəklərini desələr də
Vidadi İsgəndərli
sonradan fikirlərini dəyişiblər. Bircə onu deyiblər ki, eksqumasiya ilə bağlı rəsmi rəy təxminən iki həftə sonra açıqlanacaq. Prosesdə iştirak edən hüquq müdafiəçisi Vidadi İsgəndərlinin dediyinə görə isə meyitə ilkin baxış artıq Ağayevlər ailəsinin şikayətinin əsaslı olduğunu üzə çıxarmağa kifayət edirdi:

«Meyitə baxış göstərdi ki, həm kəllə beyin nahiyəsində, həm də sinədə heç bir daxili müayinə aparılmayıb, yəni bununla bağlı heç bir iz yox idi. Əgər daxili müayinə aparılmış olsaydı, meyitdə yarılan yerlər həm də çürüməli idi, amma heç bir çürümə əlaməti də yox idi. Bizim və hadisə yerinə yığılmış çoxsaylı kənd camaatının təkidi ilə onlar bu faktı akta daxil etdilər. Amma yenə də saxtakarlığa yol verdilər, akta həm də yazdılar ki, guya göbək nahiyəsində kosmetik yaranın olması ehtimal olunur. Bunu müəyyənləşdirmək üçün nümunə götürdülər ki, müayinə edib yekun rəy bildirsinlər».

«MEYİTDƏN DƏ PUL QAZANMAĞA BAŞLAYIBLAR»

Vidadi İsgəndərli deyir ki, hətta meyitdə kosmetik yaranın olması ilə bağlı rəy verilsə belə, yenə də ilkin rəydə saxtakarlığa yol verildiyi aydındır, çünki kosmetik yara daxili müayinə demək deyil. Hüquq müdafiəçisi iddia edir ki, prokurorluq bununla sadəcə məsuliyyəti təkcə o zaman meyiti müayinə etməli olan ekspertin üzərinə atmaq, prokurorluğu isə bu işdə sudan quru çıxarmağa çalışır. Halbuki Vidadi İsgəndərli təkcə Göyçay rayonunda prokurorluğun ölü sahiblərindən rüşvət alması ilə bağlı əlində 15 şikayətin olmasını deyir.

«Yeganə məqsədimiz bu işdə əli olan Göyçay rayon Prokurorluğunun müstəntiqi ilə məhkəmə ekspertinin məsuliyyətə cəlb olunmasına nail olmaqdır. Artıq təcrübədə meyitdən də pul qazanmağa başlayıblar. Prezidentə də müraciət edəcəyəm ki,
Respublika Baş Prokurorluğu
baş prokuror və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevlə bağlı tədbir görülsün».

BAŞ PROKURORLUQ SUSUR, ŞİKAYƏTÇILƏR ISƏ BAKIYA YÜRÜŞÜ GÖTÜR-QOY EDİR

Hadisə və ümumiyyətlə prokurorluğun rüşvət alması ittihamı ilə bağlı Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bir saat ərzində mövqe bildirəcəyini vəd etsə də, sonradan telefon zənglərimizə cavab vermədi.

Baş prokurorluğun eksqumasiyada iştirak etmiş nümayəndəsi Elsevər Abdullayev isə bu barədə müsahibə vermək səlahiyyəti olmadığını dedi.

Şikayətçi Nəriman Ağayev isə məqsədlərinə çatanadək – rüşvət alan məsuliyyətə cəlb olunanadək bütün addımları atacağını deyir. Kənd camaatının da onunla həmfikir olduğunu və bu cür haqsızlıqla Göyçay rayonunun digər sakinlərinin də rastlaşdığını deyən Nəriman Ağayev onu da bildirdi ki, yaxın günlərdə Bakıya gəlib şikayətləri ilə bağlı prezident administrasiyasının binası qarşısında etiraz aksiyası da keçirəcəklər.
XS
SM
MD
LG