Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Azərbaycanda heyvanların hüquqları necə qorunur?


Mənsurə Rəsulzadə
«Əgər ölkədə heyvan haqları qorunursa, onda orda insan haqları da müdafiə olunacaq. Azərbaycan Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyanı təsdiqləsə də, hələ də heyvanlar qəddarcasına məhv edilir».

Bu sözləri «Hər kəsin haqqı var» proqramının qonağı «Alyans» canlı aləm və etika xeyriyyə cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə deyir. AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatının və Avropa Komissiyasının dəstəyi ilə hazırladığı bu proqramda bu dəfə ölkədə heyvan hüquqlarının hansı dərəcədə qorunduğu müzakirə edilib.

İT ÖLDÜRÜB EVƏ QANLI ÇÖRƏKPULU APARIRLAR

Mənsurə Rəsulzadə deyir ki, Azərbaycanda sahibsiz itləri küçələrdə öldürənlər bu yolla çörəkpulu qazanırlar:

«Bu adamlar fərqində deyillər ki, ailəsinə qanlı çörəkpulu aparırlar. Humanistcəsinə davranmaq əvəzinə onlar daha qısa, daha gəlirli yolu seçirlər. Bizim şəhərdə səhər erkəndən vurulan heyvanın çığırtılarının səsinə oyanmaq mümkündür».

BİR İLDƏ 53 MİN HEYVAN MƏHV EDİLİB

Statistikadan danışan M.Rəsulzadə qeyd edir ki, 2009-cu ildə Bakı şəhəri kommunal-təsərrüfat idarəsinin sahibsiz heyvanlarla mübarizə departamenti 53 min sahibsiz heyvanı məhv edib. Və onların hesablamalarına görə, hər bir heyvanın öldürülməsinə təxminən 30 manata qədər pul ayrılır.

İTLƏRƏ PNEVMATİK TAPANÇADAN İYNƏ VURURUQ

Bakı şəhər Mənzil Kommunal İdarəsinin sahibsiz heyvanlarla mübarizə idarəsinin keçmiş əməkdaşı Mübariz Əliyev isə deyir ki, sahibsiz heyvanların tutulmasında xüsusi metodlardan istifadə olunur:

«Pnevmatik tapança ilə keyləşdirici iynələr vurulur. Bundan sonra heyvan 15 dəqiqə ərzində yatır. Onları xüsusi təyinatlı maşınla xüsusi müəyyənləşdirilən yerlərə aparırlar. Ən sivil metod – heyvanın nəsil vermə qabiliyyətinin
Sahibsiz heyvanların tutulmasında xüsusi metodlardan istifadə olunur
dayandırılmasıdır».

M.Əliyev deyir ki, Azərbaycanda bəzi könüllülər, həmçinin QHT-lər bu prosesə nəzarət edirlər:

«Azərbaycanda heyvaların saxlanması üçün yerlər çox deyil. Amma var. Sahibsiz heyvanları ancaq çıxılmaz vəziyyətdə qalanda son variant kimi öldürürlər».

İTLƏRİ «KALAŞNİKOV»LA ELƏ KÜÇƏDƏ GÜLLƏLƏYİRLƏR

Mənsurə Rəsulzadə isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, Azərbaycanda sahibsiz heyvanları, xüsusilə də küçə itlərini hər kəsin gözünün qabağında vurub öldürürlər. Öz də pnevmatik tapançadan yox, «Kalaşnikov»dan:

«Bəzən uşaqlara da deyirlər ki, sən ordan qov, mən burda vurum. İtlərin küçədə güllələnmiş vəziyyətdə şəkilləri var. Bu heyvanlar humanist yollarla yatızdırılmır, qısır edilmir. Niyə yalan danışaq? Amma qısırlama, vaksinləmə əməliyyatı keçirilsə, 7-8 il ərzində bu problemi həll etmək olar. Burda dövlət heç nə itirmir».

M.Rəsulzadə deyir ki, sahibsiz heyvanlar Azərbaycanın canlı aləmidir, bioloji müxtəlifliyidir. Əgər dövlətin ailə proqramı varsa, təbiət proqramı da olmalıdır. Ailəyə tələb olunan övlad sayı planlaşdırılırsa, heyvanlarla bağlı da elə olmalıdır:

Serbiyada itlər üçün sığınacaq
«Bizdə bəzi insanlar öz malikanələrində vəhşi heyvanları acınacaqlı şəraitdə saxlayırlar. Sonra öhdəsindən gəlməyəndə öldürürlər. qəfəsdə saxlanılan vəhşi heyvanı meşəyə buraxsan, yenə də insan əlinə baxacaq və bu da fəlakətə gətirib çıxara bilər».

CÜCƏLƏRİ SIX QƏFƏSDƏ SAXLAMAQ OLMAZ

Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya Konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək qadağandır: əgər çəkilişlər onlara əziyyət verərsə. Avstriyada hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu yaxud da qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu hesab edilir. Qanuna görə, şir və digər yırtıcıları sirkdə saxlamaq olmaz.

İTİNİ ZƏNCİRLƏYƏN 15 MİN DOLLAR CƏRİMƏ OLUNUR

Bu ölkədə itləri zəncirləmək də qadağandır. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.
XS
SM
MD
LG