Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Ayda 1 milyon manat «yeyən» bayraq


 Dövlət Bayrağı Meydanının tikintisiylə bağlı işlərə 2007-ci ildən başlanıb. Ümumi torpaq sahəsi ilə birlikdə ərazisi təxminən 60 hektara yaxındır
Dövlət Bayrağı Meydanının tikintisiylə bağlı işlərə 2007-ci ildən başlanıb. Ümumi torpaq sahəsi ilə birlikdə ərazisi təxminən 60 hektara yaxındır
- Yenicə 10 milyon manat ayrılması üçün prezident fərmanı verilən Dövlət Bayrağı meydanındayam.
- Ay xanım, burda çəkiliş etmək olmaz, qadağandır.
- Mən ki, tikinti meydançasına girməmişəm, kənardayam, siz mənə niyə mane olursuz?
- İstəyirsiz bizi işdən çıxarsınlar? Olmaz, çəkiliş aparmayın.

Dövlət Bayrağı meydanının tikinti ərazisi hasara alınıb, amma mühafizəçi heç kənarda da dayanmağa icazə vermir. Onunla danışa-danışa diqqət yetirirəm ki, deyəsən, iş heç nahar fasiləsində də dayanmır, fəhlələr nahara növbəylə çıxır. Onların əynində heç bir xüsusi geyim yoxdur, elə köhnə, kir-pas içində olan şalvar-köynəkdədirlər. Amma onların heç biriylə danışa bilmədik, daha doğrusu, nahardan qayıdan türkiyəli fəhlə ayaq saxlayıb söhbətə yenicə başlamışdı ki, bayaqkı mühafizəçi ildırım sürətilə onu bizdən uzaqlaşdırdı. Ancaq iki daşın arasında fəhlə yaxşı maaş aldığını, əsasən dəmir işlərinə baxdığını söylədi. Dedi ki, tikintidə təkcə türkiyəlilər yox, yerlilər də çalışır.

Meydanda bayrağın qülləsi hazırdır və hündür divarlardan birinə «Dövlət Bayrağı Meydanı» sözü yazılıb. Tikintinin isə hara qədər uzandığını gözlə görmək çətin idi, çünki sütunun yanı yoxuş olduğundan qabağı görmək olmurdu.

TƏKCƏ DİRƏYİN QİYMƏTİ 2-4 MİLYON DOLLAR ARASINDADIR

Şirkətin meneceri bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək
Dövlət Bayrağı Meydanının tikintisiylə bağlı işlərə 2007-ci ildən başlanıb. Ümumi torpaq sahəsi ilə birlikdə ərazisi təxminən 60 hektara yaxındır. Burda parkların salınması, otellərin tikilməsi nəzərdə tutulur.

Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək.

Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı.
Avqustun 3-də isə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyat fondundan meydandakı tikinti işlərinin başa çatdırılması üçün əlavə 10 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb.

«BU MƏBLƏĞƏ KƏNDİMİZİN YOLUNU DÜZƏLDƏRDİM»

Astara rayonundan Bakıya ezamiyyətə gəlmiş Əlihüseyn Əliyev deyir ki, bayraq meydanı olması pis ideya deyil, amma o, atalar məsələni misal gətirir ki, düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız?

«Başqa tikintilər, iş yerləri də olsa, yaxşı olar».

Bəs 10 milyon manata sərəncam vermək ixtiyarı olsaydı, Əlihüseyn Əliyev bu məbləği fikirləşmədən ölkənin hansı probleminin həllinə xərcləyərdi?

«Mən kənddənəm. Ağlıma gələn kəndin problemləri olardı».

Saatlıdan olan Bəhruz Məmmədovun ağlına ilk gələn yol çəkməkdir:

«Bizim rayona, kəndə yol çəkdirərdim, su çəkdirərdim. Qaz yoxdur. Əvvəllər olub, indi dağılıb bunlar. Qalıb camaatın ümidinə. Camaatın da gücü çatmır».

Qubad İbadoğlu
Məcburi köçkün olan Əkbər 10 milyona məcburi köçkünlərin mənzillə təminatını yaxşılaşdırmağa xərcləyərdi.

ÜNVANLI SOSİAL YARDIMI, PENSİYANI ARTIRMAQ OLARDI

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə Prezident Ehtiyat Fondundan üst-üstə 20 milyon manat ayrılmasına diqqət çəkib deyir ki, bu vəsait irimiqyaslı layihələrin fonunda kiməsə az görünə bilər, amma bu məbləğ ölkədəki 190 mindən çox təqaüdçünün bir aylıq təqaüdüdür:

«Orta aylıq pensiyanı bir ay üçün iki dəfə artırmaq mümkündür. O cümlədən, ünvanlı sosial yardım alan 14 min ailənin yardımına bir il ərzində hər ay 115 manat da əlavə etmək olardı. 120 minə yaxın məcburi köçkünün çörək pulunu – indi onlar 14 manat alırlar, - iki dəfə artırmaq mümkündür».

Qubad İbadoğlunun hesablamasına görə, muzey və sərgiylə məşğul olan işçilərin orta aylıq maaşını 4, kitabxana işçilərinin 2, 5 dəfə artırmaq mümkündür. O cümlədən, yeni doğulan uşaqlara verilən 75 manatlıq müavinəti bir neçə dəfə artırmaq imkanı var. Ekspert əlavə edir ki, həmin vəsaitə bir-iki ay əvvəl sel daşqınlarıyla üzləşmiş rayondakı ailələrə 500 manatlıq kompensasiyanın iki dəfə qaldırmaq olardı.

«BAYRAQ HƏR AY 1 MİLYON MANAT «YEYİR»

Dövlət Bayrağı Meydanının tikintisinə ayrılan bu vəsait axırıncıdır, yoxsa axarıncı olacaq? Ekspertin fikrincə, indi aya orta hesabla bir milyon manat «yeyən» Dövlət Bayrağı Meydanına ayrılan vəsait bununla yekunlaşmayacaq:

Tikintidə təkcə türkiyəlilər yox, yerlilər də çalışır
«Birinci 10 milyon manat ayrılmasından 10 ay sonra yenə də bu qədər vəsait ayrıldı. Çox güman ki, 10 aydan sonra bayraq yenə pul istəyəcək. Hörmətli prezidentimiz də bayrağın ehtiyaclarını ödəmək üçün yəqin ki, səxavətli fondundan xəsislik eləməyəcək. Amma bayrağın hər ay «yediyi» pulun məbləğində dəyişiklik də ola bilər, çünki iştaha diş altındadır».

«BAYRAQ FUTBOL MEYDANÇASI BOYDADIR»

Ölkə prezidenti İlham Əliyev isə özünün sədrliyi ilə keçən Nazirlər Kabinetinin son iclasında bayrağın tikintisinə indiyə kimi nə qədər vəsait xərclənməsinə toxunmayıb, amma bildirib ki, bu, dünyada nadir bir memarlıq abidəsi olacaq:

«60 hektar ərazidə böyük abadlıq, quruculuq işləri aparılır. Parklar salınır, yollar çəkilir, dənizkənarı bulvarlar salınır. Çox nəhəng layihədir. Meydanın özünün alt hissəsinin ölçüləri təxminən 6 hektardır. Bayraq yerləşən meydanın ölçüləri isə, təxminən 3 hektara bərabərdir. Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü dünyada ən hündür səviyyədə olacaqdır. Bayrağın ölçüləri, müqayisə üçün deyə bilərəm ki, bir futbol meydançasının ölçülərinə bərabərdir. Yəni, sözün əsl mənasında, nadir memarlıq abidəsi olacaqdır. Çox sevindirici haldır ki, baxmayaraq, bu layihəni xarici şirkətlər təqdim etmişlər, bütün işləri yerli şirkətlər icra edirlər. Bu, onu göstərir ki, bizdə həm texnika, həm də peşəkarlıq vardır. Bütün lazımi tədbirlər görülür. Ümid edirəm ki, bayraq meydanı bu il hazır olacaq, müstəqilliyimizi, müstəqil həyatımızı əks etdirən ən önəmli rəmzlərdən birinə çevriləcəkdir».
XS
SM
MD
LG