Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar?



"Kommunist" qəzeti,
14 iyun 1937-ci il:


AZƏRBAYCAN SOVET YAZIÇILARININ YIĞINCAĞI

Azərbaycan sovet yazıçılarının üç gündən bəri davam edən yığıncağı iyunun 12-də axşam qapanmışdır.

Yığıncaqda çıxışda bulunan yoldaşlar Azərbaycan Sovet Yazıçıları İttifaqının işindəki nöqsanları kəskin bolşevik özünü tənqid atəşinə tutmuşlar.

İttifaqın rəhbərləri S. Şamilovun, Səməd Vurğunun və sabiq rəhbəri M. K. Ələkbərlinin çıxışı qənaətbəxş olmamışdır.

Xüsusilə Şamilov öz səhvlərini bolşevik mərdanəliyi ilə açıb göstərə bilməmiş və bilavasitə onun rəhbərliyi dövründə buraxılan səhvləri obyektiv səbəblərlə izah etməyə çalışmışdır.

Şamilov ittifaqda bolşevik sayıqlığının kütləşməsi, idarə heyətinin kütlədən aralanması, özünütənqidin və tənqidin boğulması, ailəçilik, yerliçilik, yaltaqlıq, düşmən elementlərlə mübarizə üçün partiyalı və partiyasız yazıçıların səfərbərliyə alınmaması və bir çox bu kimi biabırçılıqların kökünü açıb göstərməmiş və özünün bunlara qarşı mübarizədə zəifliyini ifşa etməmişdir.

ASYİ katibi Səməd Vurğun “Kommunist”də dərc olunan “Averbaxçılığın kökünü kəsməli” adlı məqalənin əhəmiyyətini anlamamış, partiya qrupuna verdiyi bəyanatında bu məqaləni partiya orqanı tərəfindən ittifaq əleyhinə çevrilmiş bir böhtan kimi qiymətləndirmiş və ancaq kəskin tənqiddən sonra öz səhvini etiraf etməyə məcbur olmuşdur.

Azərbaycan xalqının qəddar düşməni Ruhulla Axundov və Mikayıl Hüseynovun yardımı və ittifaq rəhbərliyinin (Nəzərli, Ələkbərli, Şamilov, Səməd Vurğun) sinfi sayıqlığını itirməsi, siyasi korluğu, çürük liberalizmi sayəsində hər boyalı xalq düşməni, yapon- alman-faşist agentləri, trotskist, nasional-uqlonist, müsavatçı, panturkist ünsürlər (Əli Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir, Sanılı, Seyid Hüseyn, Musaxanlı, Müşfiq, Mümtaz, Qantəmir, Sultan Məcid Qənizadə, Talıblı, Qurban Musayev, Tağı Şahbazi, Mikayıl Rəfili, Əli Razi və Zinət Zakirov) Azərbaycan sovet yazıçıları ittifaqına soxulmuşlar.

İttifaq rəhbərliyinin sinfi sayıqsızlığı nəticəsində bu xalq düşmənlərinin bir neçəsi (Cavid, Müşfiq, Seyid Hüseyn, Qantəmir) hətta Oktyabr revolusiyasının XX illiyində əsər yazmaq üçün ittifaqdan min manatlarla pul almışlar.

Şamilov redaktə etdiyi bolşevik prinsipiallığından tamamilə uzaq olan “Ədəbiyyat qəzeti”ndə ikiüzlü, xain və masqalanmağı çox yaxşı bacaran Müşfiqin zərərli şerlərini və son iki ay müddətində iki dəfə şəklini dərc etmişdir.

Səməd Vurğunla Süleyman Rüstəm arasında olan prinsipsiz qruppa mübarizəsi yığıncaqda xüsusilə tənqid və ifşa edilmişdir.

Bundan başqa Səməd Vurğunun loğallığı, ictimai cəhətdən yabançı ünsürləri himayə etməsi qeyd edilmiş, düşmən əlinə silah verən bu zərərli qüsurlardan tez bir zamanda təmizlənmək, onlara qəti sürətdə tapşırılmışdır.

Yığıncaq artıq tamamilə ifşa olunmuş xalq düşmənləri Hüseyn Cavidi, Sanılını və Müşfiqi Azərbaycan sovet yazıçıları ittifaqı sırasından bir səslə kənar etmiş və eyni zamanda xalq düşmənləri Yusif Vəzir, Musaxanlı, Səlman Mümtaz, Qurban Musayev, Seyid Hüseyn, Qantəmir, Zinət Zakirov və Soltan Məcid Qənizadənin ittifaqda qalmasını dözülməz hesab edərək, bunların çıxarılması haqqında idarə heyətinin qərarını təsdiq etmişdir.

Yığıncağın qərarı ilə ittifaqın sabiq sədri S. Şamilov və katibi Səməd Vurğun onlara tapşırılan vəzifələri aparmağı bacarmadıqlarına görə vəzifələrindən azad edilmişlər.

7 nəfərdən ibarət yeni heyət seçilmişdir ki, buraya Əli Məmmədov (sədr), Ağa Hüseyn Rəsulzadə (katib), Süleyman Rüstəm, Səməd Vurğun, Ordubadi, Mıqırtıçyan və Qamski yoldaşlar daxildirlər.

Yeni heyət qarşısında siyasi tərbiyə işlərini qüvvətləndirmək, siyasi sayıqlığı artırmaq, ittifaq sıralarını yenə də gözdən keçirərək masqalanmış hər cür sinfi düşmənləri, yad ünsürləri və ədəbi bədii yaradıcılıqla heç bir əlaqəsi olmayan yalançı yazıçıları ittifaq sıralarından çıxarmaq, kütlə ilə sıkı əlaqə saxlamaq kimi mühüm və məsul vəzifələr durur.

Həmçinin oxu
“Müsavatçıların əl tulası olan Müşfiq...”
Əli Nazimi Yazıçılar İttifaqından necə qovublar?
Hüseyn Cavidi - Cəfər Cabbarlı da "vururdu"...
XS
SM
MD
LG