Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Bağlanan universitetin tələbələri məbləğlər haqqında danışmağa başladı


Bağlanmış Beynəlxalq Universitet, 3 sentyabr 2010
Bağlanmış Beynəlxalq Universitet, 3 sentyabr 2010

NİGARAN TƏLƏBƏ VƏ VALİDEYNLƏRİ MÜHAFİZƏ “QƏBUL EDİR”


Sentyabrın 1-də Azərbaycan Beynəlxalq Universitetinin lisenziyasının Təhsil Nazirliyi tərəfindən ləğv edilməsi bu universitetdə təhsil alan tələbələr, məzunlar və onların valideynləri arasında ciddi narahatlıq yaradıb.

Mən sentyabrın 3-də universitetdə olanda binanın həyətində xeyli tələbə və valideyn toplaşmışdı. Onlar universitet rəhbərliyindən yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün yığışsalar da onları qəbul edən və ya yaranmış vəziyyətlə bağlı bir söz deyən yox idi. Yalnız universitetin qapısında dayanan mühafizəçilər binada rəhbərlikdən heç kimin olmadığını bildirməklə tələbələri içəri buraxmadılar:

- Biz mühafizəçilərik heç bir şey bilmirik. Həm də universitetdə heç kimi yoxdur.

Övladının dördüncü kursda oxuduğunu deyən Həlimə Məmmədova baş verənlərdən prezidentin xəbərsiz olduğunu bildirdi.

- Biz bura pul xərcləməkdən yorulmuşuq, belə şey olar? İndi də deyirlər hara-gedirsiz gedin.


DİPLOMA BEŞ MİN MANAT İSTƏYİBLƏR?

Bağlanmış Beynəlxalq Universitetin nigaran tələbləri, 3 sentyabr 2010

Diplomun dalınca gələn məzunlar isə universitetə gedib-gəlməkdən bezdiklərini bildirdilər. Beynəlxalq Universitetə Rusiya Universitetlərinin birindən köçürülən Röyal Muradovun dediyinə görə, indi diploma görə ondan beş min manat pul istəyirlər. Halbuki idmançı olduğuna görə, ona söz verilibmiş ki, təhsildə hər hansı problemi olmayacaq. Digər tələbə və valideynlər iddia edirlər ki, imtahan və yoxlamalara görə, rüşvət bu universitetdə çox adi, gündəlik bir iş olub.

Binada rəhbərlikdən heç kimi tapa bilmədik. Birinci mərtəbədə özünü tibb fakültəsinin dekanı kimi təqdim edən nəfər universitetdə rüşvətin olması ilə bağlı deyilənlərin yalan adlandırdı. Onların lisenziyalarının ləğv edilməsi məsələsinə isə sentyabrın 15-i dərslər başlayandan sonra aydınlıq gətiriləcəyini dedi.

REKTOR SÖZ VERDİ: İKİ GÜNƏ DANIŞACAM.

Universitetin rektoru Elşad Abdullayev isə hələki məsələyə aydınlıq gətirmək istəmir. Qısa telefon söhbətində o bizə söz verdi ki, baş verənlərlə bağlı iki gün sonra danışacaq:

-Elşad müəllim, sizin universitetdə nə baş verir?
-(Gülə-gülə) Nə mənada soruşursuz?
- Təhsil Nazirliyi sizin universitetin lisenziyasını ləğv edib.
- İndi mən iclasdayam, sonra sizə zəng edərəm, indi tədbirimiz var iki gün sonra danışarıq.
-Universitetin qarşısında xeyli tələbə və valideyn yığılıb, narazılıq var.
-Dünən də, bu gün də işdəyəm, kimin nə sözü var gələ bilər, amma indi iclasdayam. İclası yola verim mən sizə zəng edəcəm.

EKSPERTİN DİAQNOZU – TƏHSİL NAZİRLİYİ HƏR ŞEYDƏN XƏBƏRDAR OLUB
Etibar Əliyev

Təhsil Məsələləri üzrə ekspert Etibar Əliyev deyir ki, Beynəlxalq Universitetdə əsas problem kənardan köçürülən tələbələrlə bağlıdır. O hesab edir ki, Təhsli Nazirliyi təkcə bu universitetə Qəbul Komissiyasının xətti ilə qəbul edilən tələbələrin qeydinə qalmamalıdır. Çünki, həmin universitetə Komissiyanın qərarından kənar, hətta xarici ölkələrdən köçürülən tələbələrə görə də Nazirlik məsuliyyət daşıyır:

- Özəl və ya dövlət ali məktəbi olmasına baxmayaraq Rusiyadan tələbə köçürülməsi Təhsil Nazirliyinin xəbəri olmadan qeyri-mümkündür. Nazirliyin icazəsi olmadan rektor Elşad Abdullayev bir tələbəni belə ora götürə bilməz. Bu mümkün olan iş deyil. Bu baxımdan da, əgər universitet bağlanıbsa, Nazirlik bütün tələbələri digər universitetlərə yerləşdirməlidir, təkcə Qəbul Komissiyasının qərarı ilə qəbul edilənləri yox. Yəni, köçürmə ilə gələn tələbələr çöldə qalmamalıdırlar. İndi Təhsil Nazirliyi yaxasını kənara çəkir, universitet rəhbərliyi də danışmağa qorxur”.

Etibar Əliyevə düşünür ki, indiki halda rektor Elşad Abdullayev mətbuat konfransı keçirib baş verənləri olduğu kimi danışmalıdır. Ekspert hesab edir ki, elə rektorun köçürmələrin Təhsil Nazirliyinin razılığı ilə baş tutması barədə bir kəlmə deməsi hər şeyi həll edə bilər.

TƏHSİL NAZİRLİYİ İSƏ İDDİASI OLANLARA MƏHKƏMƏNİ NİŞAN VERİR


Təhsil Nazirliyinin mətbuat idmətinin rəhbəri Bayram Hüseynzadə isə hesab edir ki, Beynəlxalq Universitetdə baş verənlər hamıya yaxşı bəlli olduğundan, onun bağlanması da anlayışla qarşılanmalıdır. Lisenziyanın vaxtının uzadılmaması barədə Nazirliyin rəsmi izahı belədir ki, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, daha ciddi pozuntulara yol verilib.

Qəbul Komissiyasının imtahalarından kənar bu universitetə tələbə qəbulu və xarici ölkələrdən tələbə köçürülməsi prosesinə Təhsil Nazirliyinin də şərik olması barədə iddiaları isə Bayram Hüseynzadə rədd edir. O deyir ki, Nazirlik dəfələrlə Qəbul Komissiyasının imtahanlarından kənar tələbə qəbulunun qanunsuz olduğunu bildirib, amma valideynlər nəyinsə xatirinə Nazirliyin bu çağırışlarına məhəl qoymayıblar.

Hazırda Beynəlxalq Universitetdə 2700-ə yaxın tələbənin təhsil aldığı bildirilir. Bayram Hüseynzadə deyir ki, lisenziyası ləğv edilən Beynəlcalq Universitetin yalnız test üsulu ilə qəbul olunan 1300 tələbəsi başqa özəl universitetlərə köçürüləcək. Qalan 1400 tələbə öz problemlərini məhkəmə yolu ilə həll etməlidir.
XS
SM
MD
LG