Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:34

ABŞ bloqqerlərin azadlığına çalışmaqda davam edir


Bloqqerlər Adnan Hacızadə və Emin Milli
Bloqqerlər Adnan Hacızadə və Emin Milli
ABŞ dövlət katibi köməkçisinin müşaviri Ceremi Şapironun AzadlıqRadiosuna müsahibəsi. "Azadlıq"ın əməkdaşı cənab Şapiro ilə bu günlərdə keçirilmiş NATO-nun Riqa konfransı zamanı söhbətləşib.

- Rusiyanın qonşuları olan kiçik dövlətlərdə bəzilərində belə narahatlıq yaranıb ki, Amerika Rusiya ilə yaxınlaşır və regionda Kremlə ciddi güzəştlər edir.

Xüsusən mən Azərbaycan haqda danışıram. Belə narahatlıqlara nə cavab verərdiniz?


- Əlbəttə, bizim Rusiyaya yanaşmamızda dəyişiklik olub. Amma Rusiyanın qonşuları adlandırdığınız həmin ölkələrə münasibətimiz - istər Latviya olsun, istərsə də Azərbaycan - əvvəlki kimi qalır.

Biz düşünürük ki, Rusiya ilə münasibətlərimizin istiləşməsi ümumilikdə region üçün xeyirlidir.

Rusiya ilə yaxınlaşmağımız heç də başqa ölkələrlə əlaqələrimizin zəifləməsi hesabına baş vermir.

Bizim onlara münasibətdə bütün öhdəliklərimiz də dəyişməz qalır.

Düşünürük ki, hər bir ölkənin öz suverenliyini qoruyub saxlamaq, özü istədiyi xarici siyasəti yürütmək haqqı var və biz Rusiya ilə kontaktlarda bu prinsipi müdafiə etdiyimizi mümkün olduqca qeyd edirik.

- Bakıda bəziləri hesab edir ki, Azərbaycanla Amerikanın münasibətləri soyuyub. Düzdür, ABŞ-ın dövlət katibi regionda oldu, prezident Əliyevlə də görüşdü.

Amma bəzilərində münasibətlərin hələ də soyuq olaraq qalması ilə bağlı narahatlıqlar var.


- Azərbaycanla indiki münasibətlərimizin əvvəlki münasibələrimizdən ciddi fərqləndiyini düşünmürəm. Bizim münasibətlərdə həmişə problemlər olub, amma biz həmin problemləri həll etmək istiqamətində çalışmışıq.

Və düşünürəm ki, bizim həmin problemləri həll etmək üçün effektiv vasitələrimiz, kanallarımız az deyil. Bizim Azərbaycandakı vəziyyətlə bağlı bir sıra narahatlıqlarımız var.

Məsələn, insan haqları, Qarabağ məsələsi. Amma bunlar çətin məsələlərdir. Bu, çətin regiondur.

Ceremy Şapiro Azadlıq Radiosunun Praqa ofisində (sağda)
Hesab etmirəm ki, Rusiya ilə münasibətlərimizin çətinləşməsi bu problemlərin həllinə mane olur. Əksinə kömək edir. Tam həll etməsə də. Mən Azərbaycanla münasibətlərin axır illərdə soyuması fikrini qəbul etmirəm.

- ABŞ dövlət katibi bir neçə ay qabaq Bakıda olarkən Azərbaycanda media azadlığı, iki gənc bloggerin azadlığa buraxılması məsələsini qaldırdı.

O səfərdən bəri vəziyyət dəyişməyib. Siz bu məsələnin həllinə çalışmağa davam edirsinizmi?


- Əlbəttə. Biz Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmasına çalışmaqda davam edəcəyik. Bu sahədə vəziyyət bizi tam qane etmir, xüsusən də media azadlığı ilə bağlı sahədə.

Azərbaycan xalqının maraqları naminə ölkədə bu sahədə irəliləyişlər baş verməlidir. Ümumiyyətlə biz düşünürük ki, bütün ölkələr bu sahədə vəziyyəti tam şəkildə bəşəri dəyərlərə uyğunlaşdırmalıdırlar.

Dövlət katibinin səfəri də bizim Azərbaycanda insan haqları sahəsində vəziyyətlə bağlı mövqeyimizin davamlı olduğunu göstərdi.

- Hesab edirsinizmi ki, Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi region üçün təhlükəlidir?

- Bir tərəfdən bu hər bir ölkənin – Rusiyanın da, Ermənistanın da legitim hüququdur ki, kiminlə müttəfiqlik münasibəti qursun, hərbi qüvvələrin yerləşdirilməsi haqda qərar qəbul etsin.

Amma o biri tərəfdən qonşu ölkələr və Amerikanın legitim hüququ var ki, “bu nədən ötrüdür” sualı versin.

Sual versin ki, bu, Ermənistanın və regionun təhlükəsizliyinə nə töhvə verəcək, regiondakı başqa tərəfdaşlarla, digər oyunçularla koordinasiya edilibmi?

Düşünürəm ki, burada müəyyən suallar var.

Amma hələ ki saziş təzə bağlanıb, mən hansısa bəyanatlar vermək istəmirəm.

Amma bu bizim izlədiyimiz bir məsələdir.
XS
SM
MD
LG