Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:41

Fransada niqab taxana 150, taxdırana 30 min avro cərimə


İslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtür
İslami geyimlərdən burqa və niqab qadının üzünü tam örtür
Fransanın Ədliyyə naziri Mişel Allio-Mari parlamentdə burqayla bağlı səsvermə başa çatandan sonra sevincini belə ifadə etmişdi: «Fransa Respublikası öz Senatı və senatorları ilə fəxr edə bilər».

Sentyabrın 14-ü axşam keçirilən səsvermədə qanunun lehinə 246, əleyhinə 1 deputat səs verdi.

Qanunun qüvvəyə minməsi üçün Fransa Konstitusiya Şurasının 1 ay ərzində müsbət rəy verməsi tələb olunur. Şura qanunun konstitusiyaya uyğun olub-olmadığını yoxlayacaq. «Uyğundur» rəyini versə, 2011-ci il yanvarın 1-dən qanun qüvvəyə minəcək.

«Amnesty International» təşkilatının Avropada ayrı-seçkilik məsələləri üzrə eksperti Con Dalhuysen isə qanunun qəbulunu belə şərh edir:

««Amnesty» təəssüf hissi keçirir. Biz əminik ki, bu qanun ifadə azadlığı və müsəlman qadının dini etiqad azadlığını, üzünü tam örtən istənilən geyimi taxmaq azadlığını pozacaq».

İNDİ BURQA TAXANLAR EVDƏN ÇIXA BİLMƏYƏCƏK


Sarkozi hökuməti islamı hədəf almadıqlarını deyir
Ekspert deyir ki, bu qanunla qadınların daha zorla burqa geyməyəcəyini düşünmək sadəlövhlükdür. Onlar üçün vəziyyət dəyişməyəcək. Çünki burqa taxıb bayıra çıxa bilmədiklərindən indi evdə oturacaqlar. Yəni, yeni qanun üzündən məhz belələri ikiqat cəzayla üzləşəcək: evdə oturmağa məcbur ediləcək və ya küçəyə çıxsa, burqa taxdığı üçün cərimələnəcək.

Qanunun ən qatı əleyhdarları arasında ABŞ prezidenti Barak Obama və islamçı yaraqlılarının liderlərindən Ayman əl-Zavahiri də vardı. Onlar qanunun müsəlmanları təhqir etdiyini bildirirdilər.

Qanunu dəstəkləyən Fransa prezidenti Sarkozinin hökuməti isə əksinə, islamı hədəf almadıqlarını, qanunun müsəlman qadınların daha sərbəst şəkildə hüquqlarından faydalanması üçün irəli sürüldüyünü deyirlər.

QANUN NƏYİ QADAĞAN EDİR?


Qanunun mətnində həqiqətən də islamın adı çəkilmir, hətta burqa və ya niqabdan da söz açılmır. Sadəcə, qadının üzünü tam örtən geyimlərin ictimai yerlərdə qadağan edilməsindən danışılır. İslami geyimlərdən isə burqa və niqab qadının üzünü tam örtür. Niqabda qadının gözləri üçün kiçik yarıq olsa da, burqada həmin hissəni də xüsusi torla örtürlər.

Qadın ictimai yerdə üzünü tam örtsə. 150 avro cərimələnəcək
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə ancaq 2 minə yaxın qadın burqadan istifadə edir.

QÜVVƏYƏ MİNƏNDƏN SONRA NƏ OLACAQ?

Qanun qüvvəyə minəndən sonra burqa və niqab geyən qadınlar ilk altı ay ərzində maarifləndiriləcəklər. Başqa sözlə, onlara niqabın üzü zəbt etməsi, taxmamaq hüquqları olması haqda məlumatlar veriləcək.

Bundan sonra da qadın ictimai yerdə üzünü tam örtsə. 150 avro cərimələnəcək və ya məcburi şəkildə vətəndaşlıq kurslarına getməli olacaq.

Hər hansı bir qadını niqab geyməyə məcbur edən kişi isə buna görə ya 30 min avro cərimə olunacaq ya da həbs cəzası alacaq.

Fransadan başqa, Belçika parlamenti də üzü tam örtən geyimləri qadağan edib, amma hələ qanun yuxarı palatada təsdiqlənməyib.

Türkiyədə ictimai yerlərdə milli türbandan savayı, baş örtükləri qadağandır.
XS
SM
MD
LG