Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Maşını hardan almalı?


Rustavidəki maşın bazarı
Rustavidəki maşın bazarı
AVTOMOBİL BURAXMAYAN GÜRCÜSTAN NECƏ İXRACATÇIYA ÇEVRİLDİ?

Gürcüstan avtomobil istehsal edən ölkə olmasa da, ən çox eksport etdiyi məhsulların siyahısında avtomobillər ikinci yeri tutur.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 152 milyon dollarlıq avtomobil ixrac ediblər. Ötən il isə 2 dəfə az, ancaq 70 milyon dollar avtomobil ekspert edə bilmişdilər.

GÜRCÜSTANDAN ƏN ÇOX MAŞIN ALAN AZƏRBAYCANLILARDIR


“BusinessWeek Georgia” jurnalı yazır ki, böhran dövründə avtomobil ixracını artırmasına görə qonşularına – Azərbaycan və Ermənistana borcludurlar. Çünki ötən ilin dekabrında, bu ölkələrlə sərhədə yaxın olan Rustavidə açılan Qafqazın ən iri maşın bazarının əsas alıcıları qonşulardır. Və bu bazar Gürcüstanın ixracının artmasında əsas rol oynayıb.

Gürcüstan Statistika Komitəsinin rəqəmlərinə görə, bu ilin ilk 10 ayı ərzində Azərbaycana 79 milyon dollar dəyərində avtomobil ixrac edib. Ötən ilin eyni dövrüylə müqayisədə 2.3 dəfə çox.

GÜRCÜSTANDAN MAŞIN ALMAĞIN NƏYİ SƏRFƏLİDİR?

Əvvələr Bakıdakı bazarlardan, ya da ki maşın alverçiləri vasitəsilə Almaniya və Amerikadan gətirilən maşınları alan Ramin deyir ki, sonuncu dəfə özü Gürcüstana gedib maşın alıb. Səbəbini belə izah edir ki, “Yol yaxındır, üstəlik, özümüz gedib baxa bilirik, seçə bilirik. Bir də ki, maşınla birgə ehtiyyat hissələri də gətirmək mümkündür”.

5 ildən çoxdur ki, Azərbaycana mışın gətirməklə məşğul olan Şahin də Gürcüstandan maşın gətirməyin bir az ucuz başa gəlməsini təsdiqləyir:

- Yol yaxındır, yol xərcin az çıxır. Çünki Gürcüstana maşınlar gəmiylə gəlir, ucuz olur. Biz isə maşını ya sürüb gətiririk, ya da “TİR”lərə vururuq.

Bu il Azərbaycana cəmi 38 minə yaxın maşın gətirilib
Ötən ilin dekabrında açılan Rustavi bazarının əsas özəlliyi odur ki, burdakı sadələşdirilmiş sistem sayəsində maşının alqı-satqısını 15 dəqiqəyə bitirmək olur. Üstəlik, alıcılar da, maşını tez satmaqda maraqlıdırlar. Çünki Gürcüstana gətirilən maşını 3 gün ərzində satanda heç bir rüsum ödəmirsən. Amma maşın Gürcüstanda bazarda çox qalsa, müəyyən vergi vermək lazım olur.

GÜRCÜSTANDA MAŞIN UCUZDUR, BƏS KEYFİYYƏTİ?

Şahinin sözlərinə görə, alıcıların Gürcüstan bazarına yönəlməsinin bir səbəbi də avronun dollara nisbətən bahalaşmasıdır. Avro dollara nisbətən bahalananda, Almaniyadan maşını avroyla almaq sərf etməyəndə, alıcılar Gürcüstandan Amerika istehsalı olan maşınları almağa üstünlük verir.

O ki qaldı alınan maşınlarının keyfiyyətinə, Şahin deyir:

- Hər halda Almaniyadan alınanlar daha keyfiyyətli olur. Çünki uzun yol gələcək deyə, alverçilər yaxşı maşın almağa çalışır. Gürcülər isə gəmiylə gətirirlər, say çox olsun deyə, bəzən maşının keyfiyyətinə baxmayıb alırlar. Sonra Gürcüstana gətirib, burda təmir edib, özəlləşdirirlər.

Gürcüstan Statistika Komitəsi Azərbaycana ixrac edilən avtomobillərin sayının artdığını bildirsə də, Azərbaycan Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin 9 ayı ərzində avtomobil idxalı azalıb. Gömrük Komitəsi ölkələr üzrə rəqəmlər verməsə də, ümumi rəqəmlərə görə, əgər ötən ilin yanvar-sentyabr aylarında 54 minə yaxın avtmobil gətirilmişdisə, bu il cəmi 38 minə yaxın maşın gətirilib.
XS
SM
MD
LG