Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Aç, mənəm – Azərbaycan


Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Nərmin Kamalın "Aç, mənəm" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Ədəbi gəncliyin tanınmış imzalarından olan Nərmin Kamalın “Aç, mənəm” miniatür-romanı daha çox orijinal forması və roman qəlibinə uyuşmaması ilə diqqəti cəlb edir.

Müəllifin yenilik cəhdi bütövlükdə Azərbaycan ədəbiyyatı üçün normal istiqamətdir.

Təkcə ona görə yox ki, bu eksperiment böyük ədəbi aləmlə düşüncə ortaqlığını bölüşür; həm də ona görə ki, dövrün tələbinə uyğun ədəbi çeviklik yaradır.

Virtual və interaktiv informasiya ilə yüklənmiş müasir oxucu ədəbiyyatdan səmimi və sosial-fəlsəfi fikirlə bərabər yorucu olmayan bədii mətn istəyir.

Romanın dili o qədər zəif, o qədər primitiv, ifadələr və frazoloji birləşmələr o qədər uğursuzdur ki, əsərin hansısa yad bir dildə yazıldığı və çox naşı, Azərbaycan dilini bilməyən şəxs tərəfindən dilimizə tərcümə edildiyi təəssüratı yaradır.

Dilin incəliklərini son dərəcə yüksək səviyyədə bilməyən hər hansı bir yazar nə qədər geniş düşüncə tərzinə malik olsa belə, həmin dildə ciddi əsər ortaya qoya bilməz.
Hələ 80-90-cı illərdə dünya ədəbiyyatının gələcəyini müəyyənləşdirən yazarlar bunu “oxucu darıxmaqlığı” ilə əlaqələndirir və bir əsərdə çoxsaylı forma və üslub dəyişkənliyini bununla əsaslandırırdılar.

Bu baxımdan Nərmin Kamal əsərdə uğurlu forma və üslubdan istifadə edib, Latın Amerikasının dünya ədəbiyyatına verdiyi səmimi müəllif müdaxilələrindən bəhrələnməyə çalışıb.

Biz, ümumiyyətlə, bu tip ədəbi nümunələrdə təsir, plagiat və s. tipli yanaşmaları qəbul etmədiyimizdən «bəhrələnmə» sözünün də düzgün olaraq anlaşılmasını istərdik.

***

“Aç, mənəm” romanı ilk baxışdan ayrı-ayrı hekayətlər toplusu təsiri bağışlasa da öz içində gizlədiyi fəlsəfi, sosioloji və siyasi xətlərlə tam mətn halına gəlir.

Əslində, bu hekayətlərin Azərbaycan adlı “xallı və tüklü” personajla bağlandığını düşünmək yanlışdır.

Çünki bu bağlar bir bədii mətn üçün həddindən artıq zəif olmaqla bərabər, bəzən ümumiyyətlə görünmür.

Oxucu əsərə bu istiqamətdən baxarsa, romanın ideya və məzmununu hiss etməyəcək.

Hətta bəlli sujet, xarakterlər, tipajlar olmadığı üçün kitab oxunduğu anda da yaddaşda heç bir iz buraxmadan bitəcək.

Amma bu fərqli formalı əsərə fərqli baxış bucağından – fəlsəfi-siyasi prizmadan - yanaşıldıqda bütöv mənzərə tam mənası ilə aydınlaşır.

Öncə onu qeyd edək ki, Nərmin Kamal Qədim Şərq, xüsusilə Hind fəlsəfəsinin estetik şəbəkəsini otuz doqquz hekayətlə toxumağa çalışıb.

Üçüncü hekayətdə (“Darıxmaq”) müəllifin işarə etdiyi kimi, heyvanlar və insanların “yaşaması, ayrılması, darıxması, ölməsi, sevməsi, yatması, yeməsi, ağlaması, gülməsi, qorxması”nı ifadə etmək mümkün deyil və ona görə də yazıçı Kəlilənin dilindən dediyi “ancaq yenə də mən sənə qırx hekayə danışacağam” – sözləri ilə (“Kəlilə və Dimnə”) qırx hekayənin fəlsəfi bağının əsasını nişan verir (səh., 58).

Müəllifin əsərdə bir neçə dəfə “Kəlilə və Dimnə” kitabını xatırlatması həm oxucuya istiqamət vermək, həm də struktur və məzmunun dayaqlarını göstərmək məqsədi daşıyır.

Amma N.Kamal qırx hekayət danışmır, otuz doqquz hekayətlə romanı oxucunun ixtiyarına buraxır. Şərq insanının dini-mifoloji təfəkküründə qırx rəqəmi:

a) müqəddəsliyi (“qırx ərən”, “qırx mərasimi”, “qırxlar məclisi” və s.);

b) sonsuzluğu (“qırx quldur” və s.);

c) sirlərin aşkar olduğu son mənzil (“qırxıncı otaq”)

və s. rəmzləri özündə ehtiva edir. “Aç, mənəm” romanında da müəllif insan yaşantılarının sonsuzluğunu (romanın epiqraflarında aydınlatdığı kimi) hekayətlərinin sayında göstərməklə sirlərin cəmləşdiyi qırxıncı qapının açarını hər bir oxucunun öz öhdəsinə verir.

Bu, uğurlu bədii vasitədən daha çox hər bir insanın öz həqiqəti və öz sirrini özünə etiraf etməyə çağırışdır. Əsərin adından da göründüyü kimi, insanlar müəllifin döydüyü qapıları açırlar, - qırxıncı qapıdan başqa.

Hekayətlər alleqorik səciyyə daşımaqla həm də insan daxilindəki xarakterlərin ifadəsinə xidmət edir.

Bu baxımdan əsərin qəhrəmanı Azərbaycanın bütün hekayətlərdə bəzən adicə “xallı və tüklü” epizod kimi keçməsi və danışılan hadisələrin heç də hamısının qəhrəmana aid olmamasının əsərdə izahı var:

“Gördüm ki, insan bir özgəsinə çevrilə bilər, özgələr insanın özüdür və yalnız pis adam yaxşı adam ola bilər, yalnız yaxşı adam pis ola bilər.

İnsanın tam ziddi yenə onun özüdür” (səh., 107) fikri hekayət qəhrəmanlarının fərqliliyinə aydınlıq gətirməklə, həm də klassik “vəhdəti-vücud” fəlsəfi düşüncəsinə işarədir.

Yeri gəlmişkən, Nərmin Kamal sosial-psixoloji süjetlərə dini-ürfani çalar qatmaqla ümumilikdə yaradılışa klassik və fundamental fəlsəfi yanaşmanı vaxtaşırı olaraq xatırladır.

Məsələn, sirli, ruhani Şərqdə «quşlar danışır, dağlar dərdləşir, kitablar insanların taleyini bilir, falına baxır, meşələr, çaylar, çaqqallar adamlardan çox bilir, amma susurlar» (səh., 58) baxışıyla materiyanı bir canlı orqanizm kimi təsvir edir; sirlərə vaqif olmaq üçünsə «qəhrəmanımızın darıxdığı qədər darıxmağın gərəkdiyi» poetik biçimiylə tənhalığın özünüdərkdəki rolunu qabardır.

Əslində, darıxmaq – özünü axtarmaq və böyük yolun başlanğıcına çıxmaqdır.

Elə «Aç, mənəm» əsərinin qəhrəmanı Azərbaycan da bir insan olaraq özünü axtarmaqla məşğuldur.

Sonda isə müəllif onu tapmaq üçün hər bir oxucunu öz daxilinə boylanmağa səsləyir və beləliklə, Azərbaycan adlı qəhrəmanın bir həyatda sonsuz həyatlar yaşayan insandan başqa bir şey olmadığı açıqlanır.

«Uydurmaq» hekayətində də Mirzənin «fərz edirəm ki, mən allaham, hərflərsə insanlar…» düşüncəsi hürufiliyi xatırladır və müəllif yaradılmışların əşrəfi haqda İslam ehkamlarını çox sadə formada təqdim edir:

«Çirkinlik əzabını bildiyim üçün necə qıyım ki, mənim yaratdıqlarım da əziyyət çəksin. Çalışıram ki, bir hərfin də belini haqsızlıq edib əyməyim, ona bədbəxt tale yazmayım» (səh., 174).

***

Müəllif bir çox məqamlarda Şərq və Qərb dünyagörüşlərini, yaşam tərzlərini qarşılaşdırır və uğurlu cəhət odur ki, heç birinə müdaxilə etmədən nəticə çıxarmağı oxucuya həvalə edir.

Bu iki dünyagörüş arasında illərlə yol ölçən Azərbaycan müxtəlif millətləri təmsil edən uşaqların oxşar olduqlarını müşahidə edir, hətta oyunlarının, əyləncələrinin eyniliyini görür (səh., 53), amma nə dünya qayğılarından öz bildikləri tərzdə imtina edib küçə həyatı yaşayan avropalı uşaqlar, nə də dünyanı yalnız iki rəngdə - ağ və qara - görməyə alışdırılan (Ərəb dilini öyrədən «Hümeyrə müəllimin 2 dəst paltarı vardı: …isti fəsildə geydiyi libas ağ, soyuq fəsildə geydiyi qara idi» səh., 45) şərqlilər kimi yaşam tərzi seçir,

Şərqlə Qərbin qapısı sayılan Azərbaycanda öz dünyasının qapılarını açır.

Almaniyaya köçmüş azərbaycanlıların düşüncə tərzini ifadə edən Sara da bir tərəfdən Şərqdəki, konkretləşdirsək, Azərbaycandakı sosial-siyasi problemlərin kökündə milli kompleksləri görür, “kartofa əqrəb geni vurduqları kimi, şərqlilərə də alman geni vurmaq lazımdır” (səh., 36) deyir, digər tərəfdən isə övladlarını “Azərbaycan adət-ənənəsinə uyğun tərbiyyə etmək üçün yarışır” (səh., 38).

Bu ziddiyyət dünyagörüşlərin toqquşması, qarşı duran cəmiyyətlərdəki çatışmazlıqlar və əslində insanın istədiyini heç yerdə tapmamasıdır, “cənnətlə cəhənnəmin iç-içə olmasıdır” (səh., 107).

Azərbaycanın (Veyilin) dilindən səslənən «elə bil hər ölkənin adamı öz vətənindən bir addım qərbdə olan ölkəyə, özündən bir sonrakına köçmək arzusuyla yaşayır. Avropalılar Braziliyaya, iranlılar Azərbaycana, pakistanlılar Özbəkistana, özbəklər Rusiyaya, əfqanlar Pakistana…

Nərmin Kamal
Əlbəttə, ona görə yox ki, öz vətənlərini sevmirlər» fikri də müəllifin fəlsəfi baxışlarını ifadə edir və bu düşüncə heç bir halda sosial güvənclik düşüncəsiylə əlaqələndirilməməlidir.

Çünki sosial təminata görə olsaydı, «avropalılar Braziliyaya» ifadəsi seçilməzdi.

Burada Şərqdən uzaqlaşma bir tərəfdən, 1) ruhi aləmdən fiziki aləmə keçmək istəyi (Şərq ruh, Qərb fiziki aləm kimi xarakterizə olunur); 2) darıxmaq və özünü tapmaq arzusunu ifadə edirsə, digər tərəfdən (3) «gündoğandan gəlib, günbatana gedirəm» mifik deyimində simvollaşdırılan ömür qürubunu bildirir.

Ümumiyyətlə, N.Kamal müxtəlif dünyagörüşləri çox maraqlı formada öz əsərində birləşdirməyi bacarıb və məzmunu hiss etmək üçün oxucuya çoxsaylı işarələr verib.

***

Yuxarıda qeyd etdiyimiz kimi, əsərin aparıcı xətlərindən biri də siyasi xətdir. Daha doğrusu, «Aç, mənəm»i tam siyasi məzmunda yazılmış roman kimi də oxumaq mümkündür.

Müəllif qəhrəmanının adını təsadüfən ölkə adıyla eyni seçməyib. Azərbaycanın coğrafi və siyasi mövqeyini də obraz kimi Azərbaycanın üstünə transfer edib.
Azərbaycan atalı-analı yetimdir, «cəzası kəsilməmiş məhbusdur» (səh., 75), “boşanmış ata-ananın ortalıqda qalan oğludur” və «ondan hər şey gözləmək olar» (səh., 100).

Ata-ananın da adı təsadüf deyil – Sara Avropa mənşəli, Aman isə Şərq mənşəli addır və müəllif Saranı Avropanın mərkəzinə - Almaniyaya, Amanı Şərqin ortasına – Əfqanıstana göndərir; Azərbaycanın anası alman Hannesə ərə gedir, yad ölkədə yaşamağa məhkum olur, iş tapa bilməyən Aman isə çox ağır şərtlərlə Əfqanıstanda məskunlaşır.

Bu, ölkənin mövcud iqtisadi-siyasi reallığının göstəricisi olmaqla yanaşı, məmləkətin yaranmasına, «əsil-nəcabətli oğulun» dünyaya gəlişinə müəllif yanaşmasıdır.

Məhkəmənin hökmünə əsasən, yeniyetmə yaşına çatana qədər növbə ilə bir il anasının, bir il atasının yanında yaşayan Azərbaycan, dolayı yolla ölkənin Şərqlə Qərb arasında həm coğrafi, həm də siyasi baxımdan qapı olduğunun göstəricisidir:

«İki qitə öz aralarında illərlə çözə bilmədikləri sualları bu balaca oğlanın dəftərinə yazıb bir-birinə göndərirdilər.

Gah cavab alır, gah almır, gah da bir-birlərinə Azərbaycanın «Şərq-Qərb» dəftərilə sual göndərdiklərini yaddan çıxarıb öz doğma aləmlərində ömür sürməyə davam edirdilər» (səh., 34).

Nərmin Kamal
N.Kamal həm bütövlükdə əsərin özündə, həm də beşinci hekayətdə (“Gəzmək”, səh., 76 ) bir dünya modelini yaradır.

Hər iki cəhddə insan amili, insan düşüncəsinin, siyasi-mental baxışların toqquşmasının şahidi oluruq və təbii ki, Azərbaycanın sosial-siyasi mənzərəsi daha öndədir.

Bir məsələni də qeyd edək ki, “Aç, mənəm”i miniatür roman adlandırmağımızın səbəbi də budur: müxtəlif fəlsəfi düşüncələrin, sosial-siyasi mühitlərin miniatürü çəkilib.

***

N.Kamal romanda düşünülmüş surətdə çox sadə üslubdan istifadə edib.

Orijinal forma, fərqli fəlsəfi-psixoloji-siyasi yanaşma və sadə üslub bu əsərin üç mükəmməl sütunu sayıla bilər.

Ancaq romanın dili o qədər zəif, o qədər primitiv, ifadələr və frazoloji birləşmələr o qədər uğursuzdur ki, əsərin hansısa yad bir dildə yazıldığı və çox naşı, Azərbaycan dilini bilməyən şəxs tərəfindən dilimizə tərcümə edildiyi təəssüratı yaradır.

Subyektiv mülahizə olsa belə, əsərin dilini başlıca amil saydığımızdan, təəssüf ki, bu romanı ehtiva etdiyi bütün məzmun və forma xüsusiyyətləri ilə təhlil edib yüksək dəyərləndirməkdə çətinlik çəkirik.

Fikrimizcə, dilin incəliklərini son dərəcə yüksək səviyyədə bilməyən hər hansı bir yazar nə qədər geniş düşüncə tərzinə malik olsa belə, həmin dildə ciddi əsər ortaya qoya bilməz.

Hər halda, “Qan quyuya tərəf axdımı, kimsə dayandıra bilməz” (səh., 25 ), “...Azərbaycan dilində danışsam, kişi kimi öyrədirdi” (səh., 116), “...isti yatağını tərk etdiyi yadına düşüb çıxdı” (səh., 129) və s. saymaqla bitməyən dil yanlışlıqları heç bir halda redaktə xətası deyil.

Hələ biz əcnəbi sözlərdən yersiz istifadələri, canlı danışığın heç bir qayda-qanun gözləmədən yazıya çevrilməsi kimi ciddi nöqsanları demirik.

Çünki bu nöqsanlar həddindən artıq çoxdur.

Bəzi sosioloqlar canlı danışıqda informasiyanın yalnız yeddi faizinin sözlərdən alındığını, digər faizləri isə emosiyaların və hisslərin təşkil etdiyini bildirirlər. Yazıda emosiyalar və hisslər iştirak etmədiyindən ağırlıq ədəbi dilin üstünə düşür.

Məhz bu baxımdan yazıçı daha həssas davranmağa və ədəbi dilin imkanlarını genişləndirməyə xidmət etməlidir.

N.Kamalın dilə bu dərəcədə laqeydliyi və ya dili bilməməsi “Aç, mənəm” romanının doğma dildəki taleyini həll edib.

Bu mövzuda həmçinin oxu
Cavanşir Yusifli. Çoxölçülü məkanın və insanın nağılları
Kənan. Hacı. Böyüklər üçün şəkilli kitab
Nərmin Kamal: “İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun…”
Nərmin Kamalın "Aç, mənəm" romanından bir parçanı oxu
XS
SM
MD
LG