Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:25

Köşələr və tirajlar


Mais Əlizadə
Mais Əlizadə
Azadlıq Radiosunun Türkiyə təmsilçisi

“Hərənin əlində bir qara qələm
Aramıza yaman yazhayaz düşüb...
İndi şairləri güllələmirlər
İndi şairləri gülə tuturlar....”
Ağaməli Sadiq

Dibaçə

Yazmaq mənim işim deyil...
“Əgər söhbət iqtisadi azadlıqdan gedirsə, mənim görə biləcəyim ən yaxşı iş- ümumi ev sahibliyi olardı” (Folkner).

Yazmaq Bəkir Coşkunun işidir – yazmağın nə qədər “zavallı və kimsəsiz” bir peşə olmasının ən sərrast ifadəsini onun qələmindən oxumuşam: “Yuvasız quşlar kimiyik- evlərimizdə xoşbəxtlik olmaz. Dalına düşdüyümüz bir sütun xəbər üçün sevgililərimizi tərk edərik. Yuxularımız başqa cürdür- gecələr qan-tər içində oyanarıq. Çoxumuz ürək xəstəsidir. Uşaqlarımız ata-anasız kimidir. Ən çox öldürülən peşənin mənsublarıyıq. Bizi vururlar”

1.5 il qabaq “Hürriyyət”dən qovulmuşdu. 2 ay qabaq “Habertürk”dən.
3 noyabrda “Cümhuriyyət”də yazmağa başladı və bir həftədə qəzetin tirajı 8 min artdı. Oxucu onun getdiyi yeri özünün ünvanı sayır.
Yazmaq onun işidir...

Mənə təklif edilə biləcək ən yaxşı iş barədə azzzz sonra bir neçə kəlmə ilə ərz edəcəyəm..


“Pula sitayiş edən şairin bu.........”

2007-ci il aprelin 1-də dövlət “Sabah” qəzetinə əl qoydu: bunun səbəbi- qəzetin keçmiş sahibi ilə yeni sahibi arasında imzalanmış gizli protokol idi. “Sabah”a yeni baş redaktor təyin dövlət qurumu oraya hökuməti qeydsiz-şərtsiz dəstəkləyən bir köşə yazarı da göndərdi: Nazlı Ilıcak. O vaxt gəzən xəbərlərə görə, Nazlı Ilıcak iqtidarı dəstəkləmək üçün dövlətin nəzarətində olan media qurumundan ayda təxminən 15 min dollar maaş alırdı. Polıs hansı evə basqın etdisə, Nazlı Ilıcak “İddialar var, əfəndim, iddialar var”- sözləri ilə polisin “mətbuat katibliyini” öz üzərinə götürdü.

“Sabah”da əvvəldən işləyən bəzi yazarların da hökuməti hərarətli şəkildə dəstəkləmələrinin nəticəsində Türk mətbuat tarixinə “yandaş media” təbiri daxil oldu. O vaxta qədər Ərdoğan hökumətini təriqət və qatı mühafizəkar media dəstəkləyirdisə, “Sabah”ın bu ansambla qatılması Türk mediasını ortadan böldü.

Minə Kırıkkanat
Dönəmin Məclis sədri Bülent Arınç “atdıqları addımlara media dəstəyinin zəifliyindən” şikayət edirdi. “Sabah”ın o vaxta qədər mediada izi-tozu görünməyən və sərvətini Türkmənbaşının yanında yığan 47 yaşlı bir iş adamının holdinqinə dövlət bankından verilən 750 milyon dollar kredit dəstəyi ilə satılmışdı; baş nazirin kürəkəninin “Sabah” qəzetinin və ATV kanalının da daxil olduğu “Turkuaz” qrupuna baş direktor təyin edilməsi iqtidarın əl-qolunu əməlli-başlı açdı. Qəzetin keçmiş baş yazarı Mehmet Barlas 600 min dollar transfer puluyla “Sabah”a geri döndü. “Akşam”dan Engin Ardıç da o miqdarda transfer pulunun bank hesabına köçürülməsindən sonra yeni qəzetində qələmini itilədi.

Etirazlardan sonra Mehmet Barlas 600 min dollar transfer pulunu geri qaytardığını açıqladı (məlumat üçün deyə bilərik ki, 1980-ci il dövlət çevrilişindən sonra ordu generalı Kenan Evrenə dəstək verən Mehmet Barlas daha sonra Turgut Özal və Tansu Çiller ilə yaxın əlaqələr yaratmışdı. Barlas 90-cı illərin axırlarında Azərbaycan Milli Məclisinin keçmiş sədri Rəsul Quliyevin təbliğatına da “Sabah” dakı köşəsində ara-sıra yer ayırmağı yaddan çıxarmırdı). Türk mediasının ikinci böyük qrupu üzərində aparılan bu əməliyyatlar onun reytinqini kəskin şəkildə aşağı saldı- bir vaxtlar 550-600 min tirajla çıxan “Sabah”ın tirajı indi 320-350 min arasındadır. İndi “Sabah”da iqtidarı tənqid edə bilən yeganə ürəkli yazar Hıncal Uluçdur.

Öz ifadəsi ilə desək, “Sabah”dan hər ay “eşşək yükü qədər” pul alan Uluç, qəzetin bundan əvvəlki baş redaktoru Ergun Babahanın hökuməti qeydsiz-şərtsiz dəstəkləməsinə dəfələrlə qarşı çıxaraq onun vəzifədən uzaqlaşdırılmasında önəmli rol oynadı. 600 min dollara qəzetə transfer olan Engin Ardıcın arqo və söyüşləri “Sabah”ın indiki baş redaktoru Erdal Şafakı da boğaza gətirdi; belə ki, baş redaktor köşə yazarına gələn sərt reaksiyaları dəfələrlə Engin Ardıcın qabağına qoymaq məcburiyyətində qaldı.

İqtidarı dəstəkləyən media qurumlarına dövlət idarələrindən saysız-hesabsız sənədlər sızdırılsa da, bu “dəstək” qəzetlərin tirajının, TV-lərin reytinqinin yüksəlməsinə kömək etmir. İqtidarın alovlu dəstəkçisi olan “Star” qəzetinin “İdolum Fətullah Gülən və Tayyip Ərdoğandır” –deyən sahibi əvvəlcə hökumətə yaxın bir iş adamını qəzetin yarısına ortaq etdi- ancaq qəzetin tirajını yüksəltmək mümkün olmayınca, “Star”dakı payının hamısını satıb mediadan çəkilmək məcburiyyətində qaldı.

İqtidarı qeydsiz-şərtsiz dəstəkləyən “Star” qəzetinin Ankara təmsilçisi Şamil Tayyar “Ergenekon” adı verilən istintaq prosesinin prokurorluq ittihamnamələrini o ittihamnamələr şübhəli şəxslərə və onların vəkillərinə təqdim edilmədən tez-tələsik çap edirdi. Ancaq iqtidarın sızdırdığı heç bir “sənəd-sübut” qəzetin tirajını artıra bilmədiyi kimi, günahı məhkəmədə sübuta yetirilməyən insanları bəri başdan “suçlu” elan etdiyinə görə, Şamil Tayyar 2 dəfə həbs cəzası aldı. Üstəlik, Şamil Tayyarın iqtidardan aldığı “sənədlər”ə istinadən yazdığı kitablar da onun umduğu kimi satılmadı- “həm Əlidən, həm Vəlidən olması” Şamil Tayyar kimi bir çox hökumət dəstəkçisi yazarın “çortunu pozub”.

Görünür, “Sabah” qəzeti üzərindən yaratmağa çalışdığı “yandaş media hegemoniyası” Tayyip Ərdoğanın indiyə qədər təhtəlşüurda qalmış istedadını da qamçıladı ki, yayda doğma kəndində istirahət edərkən “siyasətdən çəkiləndən sonra mediaya dəstək verə biləcəyini” açıqlama istəyini gizlətmədi. Tayyip bəyi mətbuat məhəlləsində salamlayacağım günü səbrsizliklə gözləyirəm.

“Yandaş media” anlayışı keçmişdə jurnalistliyi və yazarlığı ilə şöhrətə qovuşanların etibarını da sarsıtdı. Buna örnək kimi “Yeni Şafak” qəzetinin Fəhmi Koru və Taha Kıvanç imzalarıyla gündə media bazarına 2 məqalə çıxaran yazarını göstərə bilərik. 90-cı illərdə kulislərdən dəqiq bilgilər alan, sərrast analizləri olan, hökumətləri obyektiv şəkildə tənqid edən Koru AKP iqtidara gələndən sonra onun “tərif bülbülü”nə çevrildi. 2 il qabaq hökuməti tənqid etmə cəsarəti göstərən kimi, baş nazir Ərdoğanın “Sən kim olursan, bizə yol göstərirsən?”- kükrəyişindən sonra “Deyəsən, AKP-dən daha çox AKP-çi olmuşam”-deməyi özünə rəva bildi.

Korunun Qafqaz və Azərbaycan barədə yazdığı bir neçə məqaləni oxuyanlar onun nə qədər “dayazlarda üzdüyünə” şahid olacaqlar. İndi Fəhmi Koru qəzetdən və TV proqramlarından ayda təxminən 70 min dollar qazanır, ancaq bir vaxtlar yazıları ilə gündəliyi müəyyənləşdirən Fəhmi Korudan əsər-əlamət qalmayıb- xəbər saytları Korunun təşkil etdiyi xalq musiqisi gecələrinə indi daha çox diqqət yetirirlər.

2007-ci ilin iyulundakı seçkidə 47%-lə iqtidarını gücləndirən AKP-nin “başlıca vəzifələri”ndən biri- ölkənin “media imperatoru” olan Doğan qrupu ilə hesablaşmaq oldu. Seçki ərəfəsində hökumətin ən sərt müxaliflərindən olan Emin Çölaşan “Hrriyyət”də 22 ildir yazdığı köşəsindən məhrum edildi. Türk mediasının admiral gəmisi “Hürriyyət” daha sonra Bəkir Coşkunla yollarını ayırmaq məcburiyyətində qaldı. Yanvarın 2-də isə qəzetin baş redaktoru Ərtuğrul Özkök 20 illik kreslosunu Enis Bərbəroğluna tərk etdi. “Hürriyyət”dən senzura xəbərləri gəlir – hökuməti tənqid edən Özdəmir İncə və Cüneyt Ülsevərin də qəzetdən uzaqlaşdırılacağına dair söz-söhbətlər gəzir.

Köşə yazarları ilə bağlı “əməliyyatların” Doğan media holdinqinin AKP hökumətinin təzyiqindən xilas olmaq üçün aparıldığı ortaya atılan iddialar arasındadır. “Yeni çağ” qəzetinin köşə yazarı Sabahattin Önkibarın yaranmış vəziyyətlə bağlı təsbiti sərtliyi ilə diqqəti cəlb edir :” Yandaş media və biət mediası üçün AKP bir dindir və zərrə qədər sorğu-suala çəkmədən ona iman gətirirlər. Heç şübhəniz olmasın, əgər Tayyip bəy dinini dəyişdirərsə, bunlar “Yenə bir hikmət var”- deyib Ərdoğanın arxasından getməyə davam edərlər”.

Ölkənin ən böyük media holdinqi üzərində iqtidarın qurduğu təzyiq öz nəticəsini göstərməyə davam edir : o təzyiq yazarları senzuraya məruz qoyur və senzuranı həzm edə bilməyənlər köşələrini “təslim etmək” məcburiyyətində qalırlar:

Mayda Necati Doğru, sentyabrda Minə Kırıkkanat “Vətən” qəzetindən senzuraya etiraz edərək ayrıldılar. Bəkir Coşkun isə “Habertürk”dən qovuldu: çünki Bəkir Coşkunun iqtidarı tənqiddən vaz keçməməsi dövlətdən tenderlər alan qəzet sahibinin işlərini təhlükəyə atırdı.

Doğan qrupunun ticarət işləri ilə aktiv şəkildə məşğul olması bu əzəli gerçəkliyi bir daha gözlər önünə sərdi : media sektorunda iddialı olmaq istəyənlərin mediadan başqa işlərə sərmayə qoyması söz və fikir sərbəstliyinin önünü tıxayan önəmli faktor olduğuna görə, qəbul edilməzdir...

“Heydərbaba bir TRT var idi”

İctimai TV statusunda olan TRT büdcədən maliyyələşmir- elektrik fakturalarından bu quruma 3% pay verilir. Buna görə də ictimaiyyət TRT-ni “xalqın malı” sayır. 2008-ci ilin yayında qanunlarda edilən dəyişikliklərdən sonra TRT-nin “iqtidarın səsi” durumuna gəlməsinə dair iddialar çoxaldı.

Xəbər proqramlarında pozulan balansa iqtidarı dəstəkləyən köşə yazarlarının saysız-hesabsız proqramları da əlavə olunca, müxalif media TRT-ni bu yazarlara ödənilən pulun miqdarını açıqlamağa dəvət etdi. Baş direktor İbrahim Şahin uzun müddət sussa da, TRT-yə cavadeh dövlət naziri və baş nazirin müavini Bülənt Arınç Məclisə verilən sorğudan sonra TRT ekranlarında iqtidarın təbliğatını aparan yazarlara ödənilən pulları açıqlamaq üçün Şahinə təlimat verdi.

Baş direktorun açıqlamasından bəlli oldu ki, məsələn, “Star” qəzetinin köşə yazarı Ergun Babahan həftədə bir dəfə ekrana çıxmaq üçün TRT-dən 2300 ABŞ dolları alırmış. “Zaman”ın baş redaktoru Əkrəm Dumanlı “TRT-dəki proqramlara görə pul almamağımız lazımdır”-desə də, bəlli oldu ki, qurum ona da hər proqrama görə 800 dollar verirmiş.

Oral Çalışlar və oğlu hər ay 10 min dollara qol çəkirmişlər. Tayfun Talipoğlunun NTV-də baxılmayan proqramına TRT-də ayda 70 min dollar ödənirmiş: müxalif medianın təzyiqləri nəticəsində TRT rəhbərliyi o proqrama yayımdan qaldırdı.

Ərəb ölkələrinin Ankarada akreditasiya olunmuş jurnalistlətinin TRT ekranlarından Türkiyənin ana müxalifət partiyasına siyasət dərsi vermələri isə ayrı bir aləmdir- o jurnalistlər də TRT proqramlarına pulsuz çıxmırlar. Əl-qərəz, AKP iqtidarını dəstəkləyib TRT-dən bu və ya digər miqdarda qonorar almayan adam qalmayıbmış. Yaxşı, bu cür yayın siyasəti TRT-nin reytinqini yüksəltdimi?

Deyəsən, reytinqin yüksəlmədiyini görüb növbəti dəfə sərsəm plastinkasını çalmaq üçün Məhmət Əli Ağcaya sarıldılar- Türkiyənin önəmli jurnalistlərindən biri, “Milliyət” qəzetinin keçmiş baş redaktoru Abdi İpəkçini öldürən qatil TRT ekranlarından köhnə nəqəratlarını bir daha səsləndirdi.

Qələm əhlinin sərt reaksiyasına məruz qalan o proqram baş nazir Ərdoğan tərəfindən “fikir azadlığı özəl kanallarda olur da, niyə TRT-də olmasın?”- sözləri ilə dəyərləndirldi...

“Bənzərəm bir qocaman dağa ki, dəryadə durar”

Media “səsssiz çoxluğun səsi”dirsə, köşə yazarının iqtidarı dəstəkləməsi hansı məntiq və matematikaya sığır?

İqtidarın kreslosu var; o, dövlətin verdiyi gücdən mümkün qədər çox istifadə etməyə çalışır. Özünü yığışdırması üçün ona xəbərdarlıq edəcək, onun yuxusunu qaçıracaq olan gücün adı “media”dırsa, yazarın bunun əksinə qələm oynatmasının adı “cinayət” olmalıdır.

İqtidara qeydsiz-şərtsiz dəstək verən medianın adı isə “təbliğat mərkəzi”...

Son illərdə Türk mətbuatında daşların önəmli dərəcədə yerindən oynaması nəticəsində iqtidarı tənqid edən yazarların bir qismi işlərini itirmək məcburiyyətində qalsalar da, bu proses ölkəyə faydalı ola biləcək bir gəlişmənin təməllini də atdı. Burada diqqəti cəlb edən iki aspekt vardır:1) Türk mediasında “köşə yazarı” məfhumu yeni keyfiyyət qazandı; 2) Yaşanan proseslər mediadan başqa heç bir işi olmayan, yəni başları üzərində iqtidarların Domokl qılıncı asıla bilməyəcək qəzetlərin bazardakı mövqeyini gücləndirdi. Bunun ən yaxşı örnəyi “Sözcü” qəzetidir. 2009-cu ilin sentyabında bu qəzetin tirajı təxminən 100 min ədəd idi.

Emin Çölaşana qəzetdə köşə veriləndən sonra yüksəlməyə başlayan tiraj Necati Doğrunun mayda “Vətən”dən istefa verərək “Sözcü”yə gəlməsindən sonra 250 minə çıxdı. “Sözcü” Bəkir Coşkun və Minə Kırıkkanata da köşə yazarlığı təklif etmişdi. “Sözcü” tirajını qəzet köşklərindəki satışlardan toplayır.

Bu qəzet öz yazarlarına iqtidar və ya Doğan, Cinər mediası qədər maaş verməyə bilər, ancaq iqtidarı tənqid etmə cəsarəti göstərə bilib işdən çıxarılan yazarların gedə biləcəyi ünvanın “Sözcü” olduğu da artıq hamıya məlumdur. Emin Çölaşan “Hürriyyət”də yazanda qəzet onun uduzduğu bir çox məhkəmə prosesinin cəzalarını ödəmək məcburiyyətində qalmışdı.

Ancaq sırf qəzetçilik işi ilə məşğul olan “Sözcü”də Çölaşanın daha diqqətli üslubda yazdığını görürük.

Köşklərdən satış rəqəmlərinə baxanda bu gün “Sözcü”nün satışının sadəcə “Posta” və “Hürriyyət”dən geridə olduğunu görürük. Türkiyədə sırf qəzetçilik işi yapan media adına bu, sevindirci haldır.

İqtidarı qeydsiz-şərtsiz dəstəkləyən qəzetləri bir tərəfə qoyaq- təzyiqlər nəticəsində loyallaşan mətbuat orqanları bu gün öz müxalif yazarları sayəsində bu və ya digər dərəcədə ayaq üstündə dura bilirlər.

İnanmayanlar araşdırsın- 60 illik ənənəvi oxucu kütləsi olan “Milliyyət” qəzeti Həsən Camalın, Taha Akyolun yazılarına görə satılır, yoxsa sırf Məlih Aşıkı oxumaq üçün hər gün köşklərin yolunu tutanlar qat-qat artıqdır? Medianın “admiral gəmisi”nin ən çox rəğbət görən yazarının Yılmaz Özdil olduğuna kimin etirazı var?

“Akşam”ın oxucu kütləsi arasında Oray Eğinə rəğbət çoxdur, yoxsa İsmayıl Kiçikqayaya? Sabahattin Önkibar “Yeni çağ”a nə qədər oxucu toplaya bildi? 60 illik yazı təcrübəsi olan Oktay Ekşi, Altan Öymən və Hakkı Devrim niyə iqtidara müxalifdirlər?

İqtidarın müxtəlif yollardan təzyiqlərinə baxmayaraq, Türk mətbuatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur- adı “ ticarətdən arınmış qəzetçilik” olan bu mərhələnin başlaması, hər şeydən əvvəl, köşə yazarlarının müqaviməti sayəsində mümkün olmuşdur.

Mənə tapşırıla biləcək ən yaxşı iş

Yazmaq Güngör Mənginin, Səlahəddin Dumanın (“Vətən”), Cüneyt Arcayürəkin, Əli Sirmənin (“Cümhuriyyət”), Behiç Kılıçın (“Yeni çağ”), Məhmət Şevki Eyginin (“Milli gazete”), Məhmət Tezkanın (“Milliyyət”) , Hakan Albayrakın (“Yeni şafak”), Andrey Kolesnikovun (“Kommersant”), Nicholas Birch”ün (“İrish times”) işidir.

Mənə lütf edilə biləcək ən yaxşı iş- şadlıq sarayının qabağında gözətçilik olardı.
11 il qabaq- noyabr ayında bu işin öhdəsindən ləyaqətlə gəlmişdim.

Yemək- içmək içəridən müftə gəlmişdi.

Bəylə gəlinin arasında 20 yaş fərq vardı.

Bəydən 6 yaş böyük olan köhnə sevgilisinin şadlıq sarayını basa biləcəyinə dair iddia vəziyyəti çox gərginləşdirmişdi. Sayıq olmağım lazım idi.

Gəlin birinci nişanlısının üzüyünü qaytarmadan həyatını birləşdirdiyi adama eşq elan etmişdi- prosesi maraqlı qılan bir cəhət də bu idi. Birinci nişanlı xaricdə idi- onun da şadlıq sarayını basma ehtimalını nəzərə alaraq məmləkətin hava hücumundan müdafiə qüvvələrini “Sos” vəziyyətinə gətirmişdik.

Vur çatlasın, çal oynasın başlayandan sonra Aslan qarmonu ilə içəri girmiş, 220 volt elektrik veriləndə insan necə titrəyərsə, uzun müddət başını titrətmişdi.

O gecəki işimdən aldığım zövqün təsiri ilə sonralar da toyun əks-sədalarını təqib etdim. Toydan düz 9 il 50 gün sonra gəlin İstanbul aeroportundan bəyə zəng edirdi:
“Təyyarə Bakıya səhərə yaxın enəcək. Qarşılaya bilərsənmi?”

Bəyin zəhmli səsi proseslərin kulminasiya nöqtəsi idi:

“Dubaiyə özüm yola salıb, özüm qarşılayacam”.

Müdhiş bir süjet idi. Şadlıq sarayının qabağında bir gecə gözətçilik bəndənizi əsər yazmağa sürükləyir.

Meksikalı yazar Xuan Rulfo deyir ki, dünya kitabxanalarını araşdırıb mənim istədiyim əsəri heç kimin yazmadığını gördüm - ona görə də “Pedro Paramo”nu yazdım.
Deyəsən, bəndəniz də yazmağa meyllidir.

Ancaq Vaqif Nəsibdən təhkiyə dərsi almağa ehtiyacım var. Çünki bu qədər dəyərli bir mövzuya uyğun təhkiyə olmalıdır.

Bir də sözlərin istisnasız olaraq hamısı dəqiq tapılmalıdır.

Məsələn, o günlərdə ustad Hacı Zamin bir risaləsində “kəllə atmaq” yazmışdı.

Halbuki Vaqif Nəsib o aksiyanı “kəllə süzmək” sözləri ilə oxucuya təqdim edir- həm sərrast, həm də şirin ifadədir.

İşim avand olsun.

Siz də yorulmayasınız, əziz oxucular.

Şadlıq evlərinin qabağında görüşək....

Xətm


Sordum əsrari- dəhani dili- şəkkərlər dedi:
Seyyida, yoxdan sözü aləmdə mən var eylərəm.
XS
SM
MD
LG