Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Qış bulvarının layihəsi yoxdur?


Novruz Eldarlı
Novruz Eldarlı
Qış bulvarının salınması ilə bağlı təkcə Şəmsi Bədəlbəyli küçəsində 11 tarixi memarlıq abidəsi sökülüb. Daha bir neçə binanı da bu aqibət gözləyir.

Şəmsi Bədəlbəyli 21 ünvanında yerləşən bu binalardan biri öz möhtəşəmliyi, zəngin arxitekturası ilə hər zaman diqqəti çəkib. Bir vaxtlar həmin binaya zövqlə tamaşa edənlər indi, onu son dəfə təəssüflənərək müşahidə edirlər.

80-Cİ İLLƏRDƏ HAZIRLANMIŞ LAYİHƏYƏ DƏYİŞİKLİK EDİLİB


Füzuli və Şəmsi Bədəlbəyli küçələrində bir ildən artıqdır aparılan söküntü işlərinin hələ Sovetlər dönəmindən Qış bulvarının salınması ilə bağlı qərara əsasən aparıldığı bildirilir. 1980-ci illərdə BakıDövlətLayihə İnstitutunun hazırladığı layihədə Qış bulvarının Səməd Vurğun parkından- Dövlət Dram teatrına qədər olan ərazidə salınması nəzərdə tutulurdu. Amma həmin ərazidə sonradan indiki Mərkəzi Bankın yerləşdiyi bina və digər tikililər inşa olunub.

AzadlıqRadiosuna təqdim olunmuş layihənin şəklinə əsasən demək olar ki, Qış bulvarı layihəsində dəyişiklik edilib və yenisi hazırlanıb. Amma yeni layihədən əsər-əlamət yoxdur. Hər halda bu sahənin mütəxəssisləri, hətta rəsmilər də belə deyir.

Qanunvericiliyin tələblərinə görə, hər hansı tikili müvafiq orqanların əsaslandırılmış qərarı ilə sökülməlidir. Layihəni təsdiqləməli olan və söküntü işlərinə razılıq verən qurumlardan biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitənin “Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı deyir ki, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində söküntü işlərinin hansı layihəyə əsasən aparılmasından xəbərsizdirlər:

SÖKÜNTÜ GEDİR, LAYİHƏ YOXDUR

Qış bulvanının köhnə layihəsi
“Bu ərazidə 80-85 faiz binalar çox bərbad və uçuq vəziyyətdə olublar. Amma burada bir neçə dənə tarixi və memarlıq abidələri də var. Amma bu günə kimi bizim Komitəyə heç bir layihə təqdim olunmayıb. Ümumdünya təcrübəsinə görə, əvvəl layihə hazırlanar, təsdiq olunar, sonra iş gedər. Burda isə söküntü işləri gedir, layihə isə yoxdur”.

Novruz Eldarlı deyir ki, 80-ci illərdə qəbul olunmuş layihədə tarixi memarlıq abidələrinin sökülməsi nəzərdə tutulmayıb. Layihədə tarixi binalar saxlanılmaqla müasirliklə keçmişin vəhdəti əks olunub.

Adları dövlət tərəfindən qorunmalı olan siyahıya salınan binaların nədən qorunmaması sualına Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bu məsələni araşdırdıqdan sonra cavab verəcəyini bildirdi.

Ərazidə söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova deyir ki, onun bu layihə barədə məlumatı yoxdur. O ki qaldı söküntü işlərinin aparılmasına, “icra hakimiyyəti dövlətin qəbul etdiyi qərarı icra edir” - Nuranə Mərdanova əlavə edir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də deyir ki, bu məsələ araşdırıldıqdan sonra münasibət bildiriləcək.

“BU, CİNAYƏTDİR”


Fuad Ağayev
Fizuli və Şəmsi Bədəlbəyli küçələrində evləri sökülənlərin vəkili Fuad Ağayev nəinki ictimaiyyət, hətta dövlət qurumlarının özləri üçün qaranlıq olan bir layihənin icrası zamanı yüzlərlə mülkiyyətçiyə ziyan vurulmasını, ölkənin sərvətinin məhv edilməsini cinayət hesab edir.

“Bu söküntülərin, dağıntıların aparılması qanunsuzdur. Qanunvericiliyə əsasən ayrıca əsaslandırılmış qərar olduqdan sonra hər hansı söküntü işləri aparıla bilər. Onlar nəinki sadə vətəndaşların mülkiyyətini, Azərbaycanını mədəni sərvətini, 20-ci ərsin sonu 21-ci əsrin əvvəli Bakısını Qış bulvarı layihəsi adı altında məhv ediblər. Amma həmin layihə hələ də ortalığa çıxarılmayıb”.

Tarix, mədəni və təbii irsi qoruma şəbəkəsinin əlaqələndiricisi Aytəkin İmranova iddia edir ki, Azərbaycanın mədəni sərvətləri göz görə-görə məhv edilir və onları qorumaq mümkün deyil:

“Millətlər tarixi, mədəni irsi ilə tanınır. Azərbaycanın mədəni irsinin məhv edilməsi ya manyakcasına bir şüurdur ki, tarix kimlərdənsə başlasın və bunlardan əvvəl heç nə olmasın, ya da zövqsüzlükdən irəli gəlir. Bakı Şəhər İcra Hakimiyyətinə, Nazilər Kabinetinə, Mədəniyyət Nazirliyinə göndərdiyimiz sorğular cavablandırılmır”.

Aytəkin İmranova deyir ki, əslində bütün dövlət qurumları bu abidələrin qorunmasına cavabdehdirlər. Amma hamısı susur.
XS
SM
MD
LG