Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Yumurta at, kostyum gəlsin


Tələbələrin yumurta atmasına görə kostyumu çirklənən Egemen Bağışa, Məhkəməyə, Türkiyənin Avropa Birliyinə cavabdeh dövlət nazirinə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili Məhmət Sevigən kostyum hədiyyə verib.

Cihan Xəbər Agentliyinin Türkiyə Böyük Millət Məclisindən verdiyi məlumata görə, plenar iclasda çıxış edən Məhmət Sevigən ona yumurta atan tələbələri məhkəməyə verən Egemen Bağışı sərt şəkildə tənqid edərək, şikayət ərizəsini geri götürməsi üçün Bağışa kostyum hədiyyə vermək istəyib. Egemen Bağış iclas zalında olmadığına görə, ana müxalifət partiyasının millət vəkili kostyumu Məclisdəki hökumət lojasında oturan idmana cavabdeh dövlət naziri Nafiz Özaka təqdim edib, ancaq Özak hədiyyəni almayıb. Məhmət Sevigən daha sonra kostyumu Məclisin karqosu ilə dövlət naziri Egemen Bağışın ünvanına göndərib. Dövlət nazirinə göndərilən Kığılı markalı kostyumun qiyməti 215 ABŞ dolları olub.

YUMURTALI ETİRAZ "DƏBDƏDİR"

Son həftələrdə Türkiyədə universitet tələbələrinin “yumurtalı etiraz” aksiyaları çoxalıb. Baş nazir Ərdoğana etiraz edən İstanbul Texniki Universitetinin 3 tələbəsinə həbs cəzası verilməsi etirazları daha da gücləndirib. 4 dekabrda İstanbul polisinin etirazçı tələbələrə bibər qazıyla müdaxilə etməsinə reaksiya göstərən Ankara universiteti siyasi elmlər fakültəsinin tələbələri universitetdə keçirilən konfransda çıxış etməyə gələn CHP-nin baş katibi Süheyl Batumun salonu tərk etməsinə səbəb olublar. Daha sonra salona girən Türkiyə Böyük Millət Məclisi Konstitusiya komissiyasının sədri Burhan Kuzu siyasi elmlər fakültəsi tələbələrinin yumurta yağmuruna məruz qalıb. Cangüdənlərin çətirlə qoruduğu Burhan Kuzu TV kanallarında tələbələrin əleyhinə dediyi sözlərə görə, köşə yazarları tərəfindən sərt şəkildə tənqid edilib. Hadisələrə münasibət bildirən baş nazir R.T. Ərdoğan tələbələrin etiraz aksiyalarının ana müxalifət partiyası tərəfindən koordinasiya edildiyini deyib. Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli isə yaşanan etiraz aksiyalarının 1968-ci ildəki tələbə hərəkatlarını xatırlatdığını iddia edib. Yumurtalarla etiraza qarşı tədbir görmək məqsədi ilə son günlərdə tələbələr hökumət və Məclis üzvlərinin kürsüdən çıxış edəcəyi salonlara buraxılmır. Yüksək vəzifəli şəxslərin çıxış etdikləri tribunaların yaxınlığında isə onları yumurtalı etiraz aksiyalarından qorumaq üçün əlində çətir olan cangüdənlər keşik çəkirlər.
XS
SM
MD
LG