Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Məcburi köçkünlərin yeni köçü


Onlara yaxınlıqdakı vaqonlarda yaşamaq təklif olunur.
Onlara yaxınlıqdakı vaqonlarda yaşamaq təklif olunur.
Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yaşayan məcburi köçkünlər burdan köçürülür. Köçürülməyə ərazidə inşa olunacaq «Avtovağzal» metrostansiyasının həmin yerdən keçməsi səbəb olub. Evləri sökülən sakinlər isə deyirlər ki, onlara yaxınlıqdakı vaqonlarda yaşamaq təklif olunur. Ağdamdan köçkün düşmüş Namiq Balayev və digər məcburi köçkünlər AzadlıqRadiosuna bunları deyirlər:

BİZİ ZORLA EVİMİZDƏN ÇIXARIRLAR


- 996-cı ildən biz burada yaşayırıq. Çadırda, dəmir vaqon qoyub yaşamışıq. Qəpik-qəpik pul yığıb zülmlə özümüzə ev tikmişik. İndi gündə gəlib deyirlər ki, təcili burdan çıxmalısınız. Amma hara çıxmalıyıq, bunu deyən yoxdur. Prezident Aparatına, Nazirlər Kabinetinə müraciət etmişik. Bizim səsimizə səs verən yoxdur.

- Qışın günündə bu körpələri hara aparaq? Evimizin yükünü hara yığaq? Deyirlər ki, vaqonda yaşamalısınız. Özləri heç bir gün də orda yaşamazlar. Nə bizə bir sənəd, nə bir kağız verirlər. Bizi zorla evimizdən çıxarırlar.

- Bunlar bizim prezidentə, Mehriban Əliyevaya, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova göndərdiyimiz müraciətlərdir. Bu da həmin məktubların ünvanı üzrə çatdığını təsdiqləyən qəbzlərdir. Bir dəfə də olsun bizimlə maraqlanmayıblar.

Ağgül Əliyeva hazırda vaqonda yaşayır
Əsasən məcburi köçkün ailələrinin məskunlaşdığı bu ərazidə 70-dən çox ev var. İlkin mərhələdə 12 ailəyə söküntü ilə bağlı Bakı Metropoliteni tərəfindən yazılı bildiriş verilib. Növbəti mərhələdə isə digər evlərə bildirişlər veriləcək. Evləri sökülən ailələrdən biri kirayədə, digəri isə əvvəlcədən hazırlanmış vaqonda məskunlaşıb. Ağgül Əliyeva hazırda vaqonda yaşayır:

DEDİLƏR Kİ, EVİN SÖKÜLMƏLİDİR


- Mən işdə idim. Gəldim gördüm qapımı açıblar. Dedilər ki, evin sökülməlidir. Mən də məcbur olub, yığılmışam bura. Burda ki, nə qaz var nə də peç yandırmaq olur. Elə ki, işıqlar söndü. Soyuqdan donuruq. Yaşamaq mümkün deyil.

Sakinlərə evlərinin sökülməsi müqabilində kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. Onlar üçün vaqonda hər ailəyə bir otaq hazırlanıb.

Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məcburi köçkünlərin köçürülməsi işini icra edən rəsmisi özünü təqdim etməsə də, sakinlərlə razılaşmadı. O deyir ki, köçkünlər vaqonlarda müvəqqəti yaşayacaqlar. Sakinlər üçün dövlət müasir standartlara uyğun mənzillər tikir. Hələ mənzillər hazır olmadan söküntü işlərinin aparılmasını isə belə izah edir:

ONLAR ÜÇÜN AYRICA BİNA İNŞA OLUNUR


Dövlət rəsmisi deyir ki, köçkünlər vaqonlarda müvəqqəti yaşayacaqlar
- Layihələşdirmə, sakinlərin siyahıya alınması - bu işlər paralel həyata keçirilməlidir. Vəsait çatışmazlığına görə belə alındı. Amma bu vaqonlarda onlar müvəqqəti yaşayacaqlar. Onlar üçün ayrıca bina inşa olunur, 5-6 aya təhvil veriləcək.

Sakinlərdən biri dövlət rəsmisinin sözlərini davam etdirməyə imkan vermədi:

VƏSAİT ÇATIŞMIRDISA...


- Vəsait çatışmırdısa nəyə lazım idi bu qədər xərc çəkib, bu vaqonları hazırlamaq? Əsas bizi evlərimizdən çıxarmaqdır. Gah deyirlər bir ilə evlər hazır olacaq, gah deyirlər 6 aya. Amma üç ildir eyni avazı eşidirik.

Bakı Metropoliteni Idarəsi «Müşfiq», «Cavadxan», «Avtovağzal» adlanacaq yeni metro stansiyalarının tikintisinə hazırlıq işləri aparır. «Müşfiq» stansiyası «Azadlıq» stansiyasından sonra gələcək, «Cavadxan» stansiyası isə «Memar Əcəmi» stansiyasına keçid stansiya olacaq. «Cavadxan» və «Avtovağzal» stansiyaları metronun gələcək yeni qolunun tərkib hissəsi olacaq. Onun bir hissəsi Xırdalan şəhərinədək, digəri Babək prospektinədək çəkiləcək.

Stansiyalara giriş üçün torpaq sahələrini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb.
XS
SM
MD
LG