Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Nazarbayev səlahiyyətlərinin uzadılması təklifini qəbul etmədi


Nursultan Nazarbayev
Nursultan Nazarbayev
Qazaxıstanın hələ SSRİ dönəmindən qalma prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin referendumla 2020-ci ilə qədər uzadılması təklifini qəbul etməyib.

Özünü müstəqil adlandıran təşəbbüs qrupunun irəli sürdüyü təklifə görə, Nazarbayev heç bir seçkiyə-filana qatılmadan, daha 9 illiyinə prezident ola bilmək üçün bu məsələni referenduma çıxarmalıydı.

1989-cu ildən Qazaxıstana rəhbərlik edən Nazarbayevin onsuz da dəyişdirilən Konstitusiya ilə geniş səlahiyyətləri var. «Elbaşı» statusu verilən Nazarbayev artıq bir dəfə Konstitusiyaya dəyişiklik edib və istədiyi qədər prezident seçilmək hüququ var.

Növbəti seçkilər 2012-ci ildə olmalıdır. Bir çoxları əmindir ki, Nazarbayev hətta bu dəyişikliklərsiz də seçkiləri rahat uda bilər.

2 MİLYON 600 MİN NƏFƏRİN İMZASINI TOPLAYIBLAR

Ancaq bu fakt da yeni ideyanın müəllifi akademik Yerlan Sıdıkovu təşəbbüs qrupu yaradıb imza toplamaqdan çəkindirməyib. Yanvarın 6-da akademik elan edib ki, qanunla məsələni referenduma çıxarmaq üçün tələb olunan 200 min imzanın yerinə, 2 milyon 600 min imza toplayıblar.

Yerlan Sıdıkov
Bu təşəbbüsü Qazaxıstan parlamentinin hər iki palatası bəyənib. Yanvarın 6-da Yuxarı Palata, Senat da təşəbbüsü bəyənib.

TƏŞƏBBÜSÜ XALQ DƏSTƏKLƏYİRSƏ, ONLAR NƏ EDƏ BILƏRLƏR?

Senatorlardan Berik İmaşev çıxşında bildirmişdi ki, bu təşəbbüsü xalq dəstəkləyirsə, onlar nə edə bilərlər?

- Lap əvvəldən bu təşəbbüsü yüz minlərlə vətəndaş dəstəklədi. Referenduma hazırlıq prosesini media xırdalıqlarına qədər izah edib. Ölkənin məşhur və hörmətli adamları öz həyat və təcrübələri, peşəkar təcrübələrindən çıxış edərək bu addımın ölkənin gələcək inkişafı üçün necə vacib olacağını bildiriblər.

Qazaxıstanda az qala hər kəsin «urra»yla qarşıladığı bu təşəbbüsü ABŞ pislədi. Qazaxıstandakı ABŞ səfirliyi öncə bunun ölkənin götürdüyü demokratik öhdəliklərə zidd olmasıyla bağlı bəyanat yaydı. Sonrasa səlahiyyətləri bitən səfir Riçard Hoqland dedi ki, demokratik ölkənin sakinlərinin sadəcə «hə» və ya «yox» seçimindən deyil, daha geniş insanları, ideyaları əhatə edəcək seçimləri olmalıdır.

Baxıtjan Toreqojina
Qazaxıstanda da bəzi qruplar əsasən internet bloqlar vasitəsilə bu təşəbbüsə etirazlarını bildirirdilər. Bu cür hərəkatlardan birinin rəhbəri - Baxıtjan Toreqojina deyir ki, indi internet faktiki olaraq bu cür fikirləri demək üçün yeganə yerdir. 400-ə yaxın istifadəçi Nazarbayevə təşəbbüsü dəstəkləməməsi üçün online müraciəti imzalayıb.

«ELBAŞI» STATUSUNDA DA BELƏ OLMUŞDU


Nazarbayev rəsmən təşəbbüsdən imtina edib, Konstitusiyaya növbəti dəyişikliyə ehtiyac olmadığını bildirib. Amma onun dediklərinə heç Qazaxıstanda da çoxları inanmır.

Çünki 2010-cu ilin mayında da Nazarbayev ona xüsusi status, hakimiyyətdən getsə də ölkəyə faktiki rəhbərliyi saxlamağa imkan verən «Elbaşı» – xalqın lideri statusunun verilməsinə qarşı olduğunu demişdi. Ancaq Nazarbayev parlamentin təsdiqlədiyi qanuna veto qoymadı və qanun da qüvvəyə mindi.

Alma-Atıdakı politoloq Dosım Satpaev deyir ki, eyni ssenari indi də təkrarlana bilər:

- Məncə, deputatlar israr edəcək və Konstitusiyaya əlavə ilə bağlı refenrendum təklifini prezidentə təkrar təqdim edəcəklər.

Elə deputatlardan biri - Irak Elekseev də deyib ki, Nazarbayevin təşəbbüsdən imtina etməsinə baxmayaraq, parlamentin yetərincə səlahiyyətləri var ki, prezidentin səlahiyyətlərinin 2020-ci ilə qədər uzadılmasıyla bağlı Konstitusiyaya əlavəni referenduma çıxarsın.
XS
SM
MD
LG