Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

"Yazıçı ustalığının artması romanın hər səhifəsindən hiss olunur "


Tənqidçi Vaqif Yusiflinin yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" romanı haqda məqaləsi


ÇEŞİDLƏRİN SONUNCUSU

(Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı haqqında qeydlər)

Dünyada bir-birinə oxşar iki yazıçı yoxdur. Hər bir yazıçı (söhbət istedaddan gedir) təkdir, bənzərsizdir.

Təbii ki, həmin yazıçı digər bir yazıçıdan təsirlənə bilər, lakin fərdi üslubu etibarilə o, kiməsə oxşamır.

Hər bir yazıçı da bütün yaradıcılığı boyu eyni yolu getmir.

Görürsən ki, gəncliyində romantik olan bir yazıçı illər keçdikdən sonra realizmə meyl edir.

Yaradıcılığa sırf lirika ilə başlayan bir şair az sonra satiraya keçir.


"Elçin oxucunu ələ almağı bacaran, təhkiyəsində lazım olan məqamları tutmağı bacaran bir yazıçıdır. O, ayrı-ayrı məkanın, yaxud hadisənin, olayın daha təsirli və koloritli təsvirində ustadır. Xüsusilə, bunu Züleyxa obrazı barədə söyləyə bilərəm. Diqqət və hədəf hər bir səhifədə Züleyxadır, onun hərəkətləri, əməlləri, ona aid nə varsa, təhkiyəçinin nəzərindən yayınmır, bircə daxili dünyasını çox az müşahidə edirik".

Görürsən ki, romanlar müəllifi kimi tanınan bir müəllif keçir dramaturgiyaya, yaxud başlayır şeir yazmağa. Bütün bünlar yaradıcılıq aləmində dönə-dönə təsadüf olunan hallardır.

Ancaq yazıçı hansı ədəbi cərəyana, hansı «izm»ə, hansı canra müraciət edir-etsin, heç şübhəsiz, ortada onun ən gözəl əsərləri qalacaq.

Yazıçını o əsərlər, yaxud O ƏSƏR yaşadacaq!

***

İndi Azərbaycanın tanınmış bir yazıçısı olan Elçin Hüseynbəylinin «Rəqs edən oğlan» adlı ilk nəsr kitabı çap olunduqdan sonra ədəbi ictimaiyyətdə əks-səda doğurdu.

O zaman bu kitabda toplanan hekayələr haqqında ilk yazını da mən yazdım.

Həmin məqalədən iki abzası xatırlamaqla söhbətə başlamaq istəyirəm.

Yazmışdım: «Kəndi mənə sevdirən ilk yazıçılar Sabir Əhmədli və İsa Hüseynov olub. Sonra da Əkrəm Əylisli. Bu sevginin özəyi də doğmalıqdı.

Yəni mən Sabir Əhmədlinin, Əkrəm Əylislinin, İsa Hüseynovun kəndini öz kəndim sanmışam. Laçını (S.Əhmədli), Qədiri (Ə.Əylisli), İsfəndiyar kişini (İ.Hüseynov) öz həmkəndlilərim sanmışam və əslində, Azərbaycanın hər bir kəndində dəli Qədir də var, ağıllı, müdrik İsfəndiyar kişi də, ipə-sapa yatmayan Laçın da.

Mənim fikrimcə, Sabir Əhmədli kəndin dramını, İsa Hüseynov faciəsini, Əkrəm isə şeirini yazıb.

Cavan bir nasir gəlib ədəbiyyata-Elçin Hüseynbəyli, indi o kənd haqqında şirin və romantik nağıllar yazır.

Bu nağıllarda uzaqlardan gələn, bizi sirli-sehirli bir dünyaya aparan duyğu var, hiss var.

O nağılları oxuduqca Elçini hələ də uşaq görürəm. Bu uşaq elə həmin nağıllardaca böyüyür, yaşa dolur, amma o paklığı, duruluğu qoruyub saxlayır.

Bəlkə də Elçin Hüseynbəylini bir yazıçı kimi təbii saxlayan elə bu hisslərdir».

Elçin Hüseynbəyli ədəbiyyata doğulduğu, sonra da ayrı düşdüyü, həsrətində olduğu kəndin çiçək qoxusundan, bulaq həzinliyindən, nənəsinin, babasının sevgisindən gəlib.

Və onun ilk hekayələrində çölləri, ağacları, quşları sevən bir uşağın özündən uydurmadığı təhkiyəsində eynən nağıllarda olduğu kimi bir şirinlik axıb gəlirdi.

Bunlar müasir nağıllardır, amma bu nağıllarda nə Simurq quşu vardı, nə Div, nə də cinlər, şeytanlar.

Çünki bu nağılların qəhrəmanı olan o uşaq fil qulağında yatmayıb, onun balaca dünyasından böyük dünyaya bir maraq pəncərəsi açılmışdı.

Bu uşaq elə hekayələrdəcə böyüyür, yaşa dolur, ilk gənclik həddinə gəlib çatır, amma onun təhkiyəsindən nağıllara məxsus romantika yaşayırdı.

Zənnimcə, «Rəqs edən oğlan» Elçin Hüseynbəylinin yaradıcılığında romantika dövrü kimi yadda qaldı.

***

Az sonra Elçin Hüseynbəyli hekayədən povestə keçdi.

Əksər yazıçıların belə bir «marşrut» üzrə hərəkət etdiyini o da təsdiqlədi. «Əsirlər» povesti Qarabağ müharibəsinə həsr olunmuşdu, ancaq burada müharibəyə fərqli bir münasibət diqqəti cəlb edirdi, o, təqdim etdiyi obrazlara süni şəkildə heç bir qəhrəmanlıq, fövqəladəlik bəxş eləmirdi.

Belə bir cəhəti vurğulamaq istəyirdi ki, müharibə dövrünün öz həqiqəti var, hamı eyni tərzdə düşünmür, müharibə həqiqəti hamı üçün birmənalı qəbul oluna bilməz.

Bu povestlə Elçin Hüseynbəylinin yaradıcılığında realizm dövrü başlayır və gözləmək olardı ki, o, yaşadığımız gerçəkliyin daha dərin qatlarını qaldıracaq, həyatımıza, məişətimizə daxil olmuş keçid dövrünün təzadlı mənzərələrini əks etdirən əsərlər yazacaqdır.

«Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları ilə Elçin Hüseynbəyli yaradıcılığında yeni bir mərhələ başlandı.

Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə meyl etdiyini görərik.

Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-birinə qaynayıb qovuşduğunu qeyd edirdilər .

Bu əsərlərdə sırf realist səhnələr də vardı, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da..

Xüsusilə, bu romanları simvollar,rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyildi.

Elçinin bu romanları barədə hərarətlə söz açan cavan həmkarım Ə.Cahangirin çox dəqiq mənalandırmasına görə: «Onun əvvəlki yazıları üçün (söhbət «Yovşan qağayılar»dan gedir-V.Y.) səciyyəvi olan oricinallıq cəhdləri, xüsusən də şüuraltı axın prosesini ətraf gerçəkliklə paralel vermək istəyi, bir-birinə daban-dabana zidd olan lirik və komik situasiyaların çulğalaşması, sosial-siyasi və əxlaqi-mənəvi imperativlərə qarşı etiraz ruhu, tarixiliklə çağdaşlığın vəhdəti, çağdaş problemlərin tarixi köklərinə varmaq ehtirası və bundan doğan çoxqatlılıq və s. kimi xüsusiyyətlər burada da özünü göstərir».

Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi problemlər öz əksini tapırdı.

Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi.

Buna hətta bir yazıçı ömrü də yetməz.

Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir roman oricinallığı ilə seçilir.

O ki qaldı SİNTEZ məsələsinə…Bu, artıq dünya ədəbi prosesində mövcud olan roman poetikasına xas olan bir xüsusiyyətdir.

Roman artıq öz əvvəlki stixiyasını, yönünü və istiqamətini dəyişə-dəyişə yeniləşməkdədir.

Bu yeniləşmənin aqibəti necə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir.

Elçinin «Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları da müasir Azərbaycan nəsrində belə təşəbbüslərdən biridir.

Onun yaradıcılığından söz açan müəlliflər M.Prustun, yaxud Dostoyevskinin təsirini qeyd etsələr də, bir cəhəti unutmayaq ki, modern düşüncəli E.Hüseynbəylinin nəsrində sırf milli kolorit də güclüdür.

***

Elçin Hüseynbəylinin birincisini roman-ekskürs, digərini isə roman-xronika adlandırdığı iki romanı da var: «On üçüncü həvari-141 -ci Don Juan» və «Şah Abbas». Müasir həyatdan, gerçəklikdən uzaq tarixi keçmişə adlamaq bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir ki, bu artıq bir ənənəyə çevrilmişdir.

İsa Hüseynovun müharibədən sonrakı Azərbaycan kəndinin təsvirindən, bu kəndin sosial faciələrinin inikasından sonra Nizami və Nəsimi dövrünə üz tutması, Elçin Əfəndiyevin «Bir görüşün tarixçəsi», «Şuşaya duman gəlib», «Dolça» əhvalatlarından sonra Azərbaycan tarixinin ən keşməkeşli bir dövrünə-XV əsrin qanlı, müdhiş hadisələrinə müraciət etməsi, yaxud Çingiz Hüseynovun «Məhəmməd, Məmməd, Məmiş»dən sonra Axundov əsrinə gedib çıxması bir kimsədə təəccüb doğurmur.

Ancaq söhbət ondan getməlidir ki, yazıçı tarixə müraciət edəndə hansı prinsipləri əsas tutur. Tarixin müəyyən bir dövrünü əks etdirən roman hansı mərama xidmət edir.

Və nəhayət, bu tarixi roman oxucuya hansı formada təqdim edilir? Axı, eyni üsulla, tarixdən bizə məlum olan bir şəxsiyyətin (dövlət xadiminin, sərkərdənin, söz ustasının) həyatından məlum tərcümeyi-halı bədiiləşdirib təqdim etmək yolu ilə yazılan əsərlər az deyil. Sadəcə «tərcümeyi-hal» romanı…Elə deyilmi?.

Yaxın tarixi keçmişin sovet yazıçısı, özü də bir çox tarixi romanların müəllifi S.Zlobinin bu gün üçün də əhəmiyyətini itirməyən bir fikrini xatırlatmaq istəyirəm: «Tez-tez bizim ədəbiyyatçılar, tənqidçilər «müasir» və «tarixi» roman anlayışlarını qarşı-qarşıya qoyurlar.

Mən tarixi romandan söz açanda onu heç də müasir mövzuda yazılan romana qarşı qoymuram.

Elçin Hüseynbəyli
Çünki «tarix» məfhumunun özü «müasir» məfhumuna qarşı qoyula bilməz. İndi və keçmiş-bunlar bir-birinə zidd anlayışlar deyil.

Tarix bu gün yenidən başlamaq üçün dünən qurtarmır. Bu, vahid prosesdir».

Fikrimcə, Elçin Hüseynbəylinin «Don Juan» və «Şah Abbas» romanlarında da «tarixi» və «müasir» məfhumlarının qovuşduğu danılmaz bir həqiqətdir. «Don Juan»da müəllif özü də romanın personaclarından birinə çevrilir, Azərbaycan Don Cuanının keçdiyi yolları sanki addım-addım izləyir, həm tarixi yeni gözlə «oxuyur», həm də ulu babasının hərəkət və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir sücet daxilində oxucuya təqdim edir.

«Şah Abbas» romanı isə doğrudan da tarixi xronikadır və bizim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında canlandırır.

Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır.

***

Elçin Hüseynbəylinin nəsr yaradıcılığı haqqında bu ümumi fikir və mülahizələrimi yazıda nəzərinizə çatdırmaqda bir məqsədim oldu.

O da bundan ibarətdir ki, onun yaradıcılığındakı bu «çevrilmələr» -həm mövzularının rəngərəngliyi, həm qaldırdığı problemlərin gərəkliliyi, həm də bunları özünəməxsus bir şəkildə bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda məlum və həm də yeni bədii priyomlarla oxucuya çatdırması onun oricinal yazıçı olmağını təsdiq edir.

2004-cü ildə, Elçin Hüseynbəylinin «Balıq adam» kitabının müzakirəsinə həsr edilmiş yığıncaqda Xalq yazıçısı Anar belə bir söz söylədi:

«Bu romanla bağlı Elçinə bir şeyi arzu edərdim. Mənə elə gəlir ki, o bir qədər realist olmaqdan qorxur, çəkinir. Halbuki, onun güclü cəhəti məhz incə realistik təsvirlərindədir.

Amma o, elə bil düşünür ki, birdən ona deyərlər, sən dəbdən düşmüş üslubda yazırsan, bu, keçmiş etapdır və buna görə də, əsərinə modernizm elementləri qatır.

Demək istəyirəm ki, modernizm elementləri olmasaydı da, mən bu əsəri maraqla izləyərdim, çünki orada insan taleyi, insan psixologiyası çox dəqiqliklə təsvir olunur».

Bu sitatda mənim xüsusi vurğulamaq istədiyim fikir də məhz onun «realist olmaqdan qorxmasıyla» bağlıdır.

Təbii ki, Elçinin bədii düşüncəsində modernizm çalarları güclüdür və yuxarıda adlarını çəkdiyim ilk dörd romanında siz bunu arayıb-axtarmaqda heç bir çətinlik çəkməzsiniz.

Bəlkə də, E.Hüseynbəyli Anar müəllmin dediyi kimi, əsərinə modernizm elementləri qatır ki, onu ənənəçi adlandırmasınlar.

Ola bilər.

Budur, Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı («Azərbaycan» curnalı, 2010, № 10) onun nəsr yaradıcılığında artıq realist olmaqdan qorxmayan, həyat həqiqətlərini məhz realistik üslubla əks etdirən bir əsər kimi diqqəti cəlb etdi.

***

«Yolayrıcında qaçış» müasir dövrün romanıdır və burada təsvir olunan hadisələr də bizə tanışdır.

Mən romanın məzmununu təfərrüatı ilə danışıb sizi yormaq istəmirəm. Amma xüsusi bir qeydə ehtiyac var.

Roman qloballaşan dünyada çaşmış insanlar barədədir. Və təsadüfi deyil ki, müəllif romanı elə bu cür də xarakterizə edir.

Züleyxa və Fatimənin timsalında Qərb-Şərq ziddiyyətini qələmə alan müəllif əsərin ideyasını, qəhrəmanının dililə İstanbul konfransindakı çıxışında açıqlayır və bunu elə ustalıqla edir ki, əsərə yamaq kimi görünmür.

Züleyxa Qərb düşüncəsinin, Fatimə isə Şərq təfəkkürünün daşıyıcısıdır və onların sevdikləri Məhəmməd bu ziddiyyətin qurbanı olur.

Əsərdə iki azərbaycanlı qadının faciəli taleyi izlənilir.

Onlar çaşmış azərbaycanlıların rəmzidir. Əqlən qərbli qəlbən şərqli olan cavanlarımız qloballaşan dünyada çaşmağa məhkumdurlar.

Züleyxadan başlayaq.

Bu qadın zahirən çox gözəldir və başına gələn bütün bəlalar da onun gözəlliyindən gəlir.

«Mən Züleyxanı tanıyırdım. Məhlədə onu «Malena», evdə Zülya çağırırdılar. Ona «Malena» adını kimin qoyduğunu bilmirəm…Məhlə uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi.

O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə gözü yox idi».

Bu gözəl qızın-Züleyxanın faciəsinin mənbəyini müəllif ilk növbədə, onun özündə axtarır.

Yəni, bu obraz bizim bir çox nəsr nümunələrində adət etdiyimiz gözəllər tipinə aid deyil. O gözəllər ki, onların əxlaqı zahiri gözəllikləri ilə ziddiyyət təşkil eləmirdi.

Və həmin gözəllər yalnız kənar qüvvələrin təsirilə təcavüzə, zorakılığa uğrayıb bədbəxt olurdular. Züleyxa-Malena isə çox sərbəstdir və elə həddi-büluğa çatan kimi öz gözəlliyini xərcləməyə başlayır.

Şərq ədəbiyyatında ənənəvi Yusif-Züleyxa macərası bu əsərə də təsirsiz qalmır, bu əsərdə də Züleyza Yusifə aşiq olur, dastanın prozaik bir «versiyası» yaranır.

Amma bir qədər fərqli. Yusifin yaraşıqlı boyuna, idmançı qamətinə vurulan Züleyxa bir neçə cəhddən sonra istədiyinə nail olur.

Züleyxa məhlənin uşaqlarına «kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərərəm» deyir və cilovlaya bilmədiyi ehtiraslarını gizlədə bilmir.

Nəhayət, o, Yusifgilin duşxanasına girib «məsələni» elə oradaca həll edir.

Daha eşq yolunda çəkilən sürəkli əzab-əziyyətə ehtiyac qalmır. Sonra isə məlum olur ki, Züleyxa Yusifdən uşağa qalır.

Atasının və bacısı Fatimənin qəzəbinə düçar olan Züleyxanın yolları Dubaydan keçir, sonra bu yollar onu Türkiyəyə aparıb çıxarır. Orada zəngin olur, şəkli qəzetləri bəzəyir.

Məhlə uşaqlarından biri –artıq böyüyüb yaşa dolmuş Curnalist Züleyxanın Türkiyədə yaşadığını öyrənir və onu axtarmağa başlayır.

Bu axtarış uğurlu alınsa da, az sonra həmin curnalist Züleyxanın qətli barədə məlumatı oxuyur. Onu kim öldürüb? Bu qətl vacib idimi?

Bu suallara az sonra cavab verəcəyik.

Burada həmin SİNTEZ məsələsi yada düşür. Elçin Hüseynbəylinin üslubuna xas olan bir xüsusiyyət bu əsərdə də bariz şəkildə nəzərə çarpır.

Elçin romana həqiqətən macəra ünsürü qatır. Züleyxanın bacısı oğlu Məhəmməd anasının təkidilə Türkiyəyə yollanır. «Get, o qancığı öldür.

Öldürməsən, südümü sənə halal etməyəcəm!-Anası onu yola salmazdan öncə bu sözləri dedi və dəsmala bükülü pulu çıxarıb verdi» -Məhəmməd də bu qətli həyata keçirmək üçün xalasını axtarmağa başlayır.

Yəni Şərq –İslam təfəkkürünün daşıyıcısı olan Fatimə Qərb əxlaqına üsyan edir.

Bosfor
Məhəmmədin axtarışının özü bir macəra xarakteri daşıyır.

Məhəmmədin terrorçu bir dəstəyə qoşulması və sonra görünməz olması («Məhəmməd ağ suların dalğasında xalasına tərəf qaçırdı…

Amma qarşıda gəmi əvəzinə uçurum və qapqaranlıq dərə vardı») bu macəranın faciəli sonluğu kimi yadda qalır.

Elə Züleyxanın Dubayda yaşadığı illər də macəra təsiri bağışlayır.

Ancaq bütün bu macəralar romanın realist axarını zəiflətmir.

Çünki müəllifin təsvir etdiyi səhnələr yaşadığımız gerçəkliyin sosial-mənəvi ab-havasını əks etdirir. Ona görə də əsərə heç vəchlə «macəra romanı» demək olmaz. Macəra yalnız hadisələrin tipini müəyyənləşdirir.

Zənnimcə, E.Hüseynbəyli romanda iki xətti əsas götürüb. Birincisi; Qadının fərdi həyatı. İkincisi; Qadının sosial həyatı və cəmiyyətin bu fərdə münasibəti.

E.Hüseynbəyli Züleyxanı, onun fərdi həyatını ideallaşdırmır. İdeallaşdırmaq üçün heç bir əsas yoxdur. Lakin ona fərdi yanaşaq.

Bəli, bir insan kimi, qadın kimi yanaşanda Züleyxa çox sərbəstdir. Bu sərbəstlik onu uçuruma sürükləyir.

O, bunu anlayırmı?

Təbii ki, anlamır və lap anlasaydı da, onun fərdi həyatı dəyişməzdi. Ona görə də, burada müəllif «diqtəsi» hiss olunmur. Züleyxa Anarın yaratdığı Təhminə deyil.

Təhminə zərif, incə ruhlu bir qadın idi və mühitin ona ünvanladığı böhtanlardan yuxarıda dayanırdı. Züleyxa Təhminə ucalığına qalxa bilməzdi, çünki yolu duşxanadan və Dubaydan keçir.

Amma Züleyxanı da hissiz, duyğusuz, yalnız ehtiraslarla yaşayan yaxud kişilərdən intiqam almağa çalışan fenimist qadın kimi qələmə vermək olmaz.

O, müasir dövrün öz bağrından qopan bir tipdir.

Dini elmləri oxuyur, musiqi sənətini, rəssamlığı duyur, dünyanın gözəlliklərindən feyz alır.

Lakin həyatında qadına lazım olan, onu ruhən bütün pisliklərdən qoruyan bir şey çatışmır-SEVGİ. Əgər müqayisə etsək, deyə bilərik ki, Anarın Təhminəsini məhz SEVGİ xilas etmişdi.

Mənim üçün Züleyxanın fərdi həyatı ilə bağlı bir məsələ qaranlıq qaldı. Obrazın mənəvi ya cismani aləmini səciyyələndirərkən onun xarakterinin formalaşmasını müəyyənləşdirən stimulu açıqlamaq lazımdır.

Züleyxa isə əsərə hazır şəkildə ehtiraslı-məhləsindəki idmançı Yusifə özünü təslim etməyə can atan bir personac kimi daxil olur.Haradan gəlir bu qadın çılğınlığı.

Niyə onun ekiz bacısı Fatimə tamam ayrı bir əxlaqın yiyəsidir, Züleyxa yox?

İlk baxışdan bu məsələ qaranlıq qalır, əslində isə hər şey mahiyyətdən bəlli olur. Çünki orta statik azərbaycanlının bir tətrəfi qərbli, bir tərəfi şərqlidir.

Züleyxa obrazı ilə bağlı ikinci xətt onun sosial həyatı və cəmiyyətin, mühitin ona münasibətidir. Təbii ki, bu xəttin birinci tərəfi-Züleyxanın sosial həyatı zəifdir.

Dubayda, qadın həbsxanasında gözəllik müsabiqəsinin qalibi olmaq, ya da Türkiyədə «Bahar çiçəkləri» gözəllik salonunun sahibi olmaq obrazın sosial həyatının göstəricisi deyil.

Fərdin sosial həyatı məfhumu geniş anlayışdır. Lakin bu məsələdə müəllifi qınamaq olmaz.

Onun məqsədi heç də bu deyil, çünki əvvəli bədbəxtlikdən başlanan bir ömür yolu, valideynləri tərəfindən lənətlənmiş, qadına əşya kimi baxan kişilər tərəfindən alçaldılan bir qadının həyatı onun ictimai aləmdə seçilmək, fərqlənmək üçün heç bir stimul yaratmadı.

O, yalnız gözəlliyinin hesabına müvəqqəti xoşbəxt ola bilərdi.

Və oldu da. Amma əksər gözəllərin həyatı faciə ilə bitir və Züleyxa da belə bir faciənin qurbanı olur. Buna oxşar aqibəti Fatimə xanım oğlu Məhəmmədin timsalında yaşayir.

Məhəmməd yaxınlarının çaşması ucbatından yolunu azır və görünməz uçuruma yuvarlanır. Müəllifin fikrincə qloballaşan dünyada insan çaşir, yolunu azır, nəticədə ya terrorçuya, ya fahişəyə, ya da qatilə çevrilir.

Cəmiyyətin, mühitin personaclara münasibətinə gəldikdə isə, burada müəllif iki meyli nəzərə çarpdırır. Birincisi; Fatimə-Məhəmməd timsalında Züleyxa inkar olunur («Get, o qancığı öldür!»).

İkincisi, Züleyxa-Məhəmməd timsalında Fatimə rədd edilir. Amma yaşadığı mühit nə Fatiməni, nə də Züleyxanı rədd edə bilir.

Bayaq dediyimiz kimi, çağdaş azərbaycanlı əqlən avropalı, qəlbən azərbaycanlıdır.

O, elektron vasitələrdən qərb dəyərlərini əxz edir, ailədə isə şərq qaydaları ilə yaşayır.

Bu əsəsrdə maraq doğuran Züleyxadır. Çünki əsər onun üzərində qurulub. Qarışıq Turkiyə muhiti Züleyxanı rədd etmir.

Əksinə, onu qəbul edir, gözəlliyini reklama çevirir və bundan bəhrələnir.

Dünyanın demokratiyaya, insan azadlığına qənim kəsilmədiyi bir dövrdür və belə bir dövrdə Züleyxaların yaşam tərzinə qadağa qoyula bilməz. Bir növ, cəmiyyətin bu günkü durumunda Züleyxalar istisnalıq təşkil etmir.

Əlbəttə, romandakı obrazları bircə-bircə təhlil etmək fikrim yoxdur, bundan imtina edirəm. Əsas Züleyxa və Fatimə obrazları idi ki, onlarla bağlı bəzi fikirlərimi oxucularla bölüşdürdüm.

Elçin Hüseynbəylinin yazıçı ustalığının və səviyyəsinin bu romanda artımı hər səhifədə hiss olunur. Xüsusilə, romanın lüğət tərkibini zəngin və çeşidli hesab edirik.

Elçin oxucunu ələ almağı bacaran, təhkiyəsində lazım olan məqamları tutmağı bacaran bir yazıçıdır. O, ayrı-ayrı məkanın, yaxud hadisənin, olayın daha təsirli və koloritli təsvirində ustadır. Xüsusilə, bunu Züleyxa obrazı barədə söyləyə bilərəm.

Diqqət və hədəf hər bir səhifədə Züleyxadır, onun hərəkətləri, əməlləri, ona aid nə varsa, təhkiyəçinin nəzərindən yayınmır, bircə daxili dünyasını çox az müşahidə edirik.

Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı, zənnimcə, çağdaş nəsrimizin uğurlu nümunələrindən biri kimi qarşılanacaq.

Onun nəsri, belə demək mümkünsə, yeni bir çeşidi ilə diqqəti cəlb edir və hələlik, bu, istedadlı nasirin yaradıcılığında sonuncu olmayacaq.

Qloballaşmanın beyinlərə və şüurlara hakim kəsildiyi bir vaxtda bu cür əsərin yazilması peşəkarliğa və vəvtəndaş mövqeyinə bir işarədir.

"525-ci qəzet"

Həmçinin oxu
Tehran Əlişanoğlu. Hər şeydən heç nə
Kənan Hacı. Çaşdırıcı roman haqda çaşqın fikirlər
Cavanşir Yusifli. Vive la Différence!
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
XS
SM
MD
LG