Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Xodorkovski Putinlə Medvedevin fərqindən danışdı


Mixail Xodorkovski
Mixail Xodorkovski
“Vladimir Putinin məhkəmələrə göstəriş verdiyi vaxt özümü azad təsəvvür edə bilmirəm. Ancaq həbsxanada və azadlıqda olsam belə öz ictimai fəaliyyətimi davam etdirəcəm”.

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski “İnternational Herald Tribune” da daxil olmaqla 4 qəzetin sualını yazılı şəkildə cavablandırarkən belə deyib.

2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Xodorkovski dekabrın sonunda daha 13 il yarımlıq həbs cəzası alıb.

MƏN RUSAM

Bu dəfə də neft oğurluğu və pul yuma ittihamıyla.

Xodorkovski deyir ki, artıq biznes onun üçün keçmişdə qalıb: “Ancaq ölkəmə professional bacarığım və həyatım lazımdırsa bunu alacaq. Mən rusam. Bizdə belə qəbul olunub”.

Xodorkovski inanır ki, Rusiya korrupsioner-məmur özbaşınalığından azad, müstəqil məhkəmələri, parlamenti olan, ədalətli seçki keçirilən demokratik ölkə olacaq. İnanır ki, güc strukturları korrupsiyalaşmış bürokratiyanı deyil, nə vaxtsa xalqı müdafiə edəcək.

“YELTSİN SİYASİ BAXIŞLARIMI NORMAL QƏBUL EDİRDİ”

Xodorkovski bildirir ki, o, heç vaxt siyasi hakimiyyətə iddialı olmayıb:

“Mən heç vaxt gizlətməmişəm ki, siyasətdə avtoritar meyllərin əleyhinəyəm və hər zaman müxalifəti dəstəkləmişəm. B.N.Yeltsin bunu normal hesab edirdi. V.V.Putin və onun qurduğu rejim üçün bu qəbuledilməz oldu. Eyni zamanda mən heç bir vaxt siyasi hakimiyyəti ələ keçirməyə can atmamışam. Mənim fərqli maraqlarım var”.

Jurnalistlərdən biri Xodorkovskidən soruşub ki, Rusiya mətbuatının fikrincə siz bütün oliqarxların əvəzinə “cavab verirsiz”. Bunu şərh edə bilərsinizmi?

BÜTÜN OLİQARXLARIN ƏVƏZİNƏ XODORKOVSKİ CAVAB VERİR?

Xodorkovskinin cavabı belə olub: “Fakt odur ki, məni birinci prosesdə vergi planlaşdırılması praktikasından istifadədə ittiham etdilər..

İkinci ittiham ümumiyyətlə cəfəngdir. Hökmə əsasən törəmə şirkətlərdən neft alan YUKOS yox, şəxsən “fiziki şəxs kimi” mən olmuşam. Belə olan halda YUKOS-dan 30 mlrd dollar vergi tələb olundu. Amma bu halda YUKOS-da 15 mlrd dollar gəlirin haradan gəldiyini məhkəmə izah edə bilmədi”.

Xodorkovski deyir ki, artıq biznes onun üçün keçmişdə qalıb
Xodorkovski bildirib ki, ali hakimiyyəti və biznesi birləşdirən “oliqarxlar” məhz Vladimir Putin tərəfindən yaradılıb və onun tərəfdarlarıdırlar. “Qalanları - “Forbes-dakı üzlər” və daha kiçik biznesin bir hissəsi bu və ya digər formada bürokratiyaya xərac ödəməyə razılaşıblar. Bəziləri təqib olunur.

MANİPULYASİYA OLUNAN LİDER?

Həbsdə saxlanma səbəbinə gəlincə, Xodorkovski bildirib ki, Vladimir Putin hakimiyyətinin zəif olduğunu xarici müşahidəçilərdən daha yaxşı anlayır:

“Ya da ola bilsin, YUKOS-u talan edən məmurlar onu məharətlə manipulyasiya edirlər”.

“Əgər zamanı geriyə çevirmək mümkün olsaydı, nəyi dəyişərdiniz” sualına Xodorkovski deyib ki, “mənim ictimai mövqeyim bugünkündən daha açıq və fəal olardı. Bir də YUKOS-un investorlarının maraqlarını daha yaxşı qoruyardım”.

MEDVEDEVLƏ PUTİNİN FƏRQİ

“Siz heç vaxt prezidenti açıq tənqid etməmisiz. Necə hesab edirsiz Medvedevlə Putin arasında fərq varmı? Medvedevin siyasi proqramlarına arxalanmaq olarmı?”.

Xodorkovski deyib ki, onun üçün Medvedev daha aydındır:

“O, demokratiya ilə uyuşan, müəyyən idealları olan siyasi praqmatikdir. Mən onun vəziyyətini yaxşı anlayıram, ona görə də nadir hallarda tənqid edirəm. Ancaq onun bəzi addımlar atmasını gözləməkdə haqlıyıq. Ona inanmaq olarmı? Arzularına – yox, vədinə - hə. Əsası odur ki, bunları bir-birindən fərqləndirməyi bacarasan”.

/Sayta hazırladı: Sevinc Hüseynzadə/
XS
SM
MD
LG