Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Sulutəpədə spikerlə fəhlənin qonşuluğu


«Spikerin bu qəsəbədə yaşamasının camaata heç bir xeyri yoxdur, görmürsüz, yollarımız nə gündədir?» Bunu Sulutəpə qəsəbəsinin sakini Natiq Dadaşov deyir.

Onunla 156 saylı avtobusda danışırıq. Avtobusa da sürücünün təklifi ilə minmişik. Palçıqlı küçədə reportaj hazırladığımızı görüb dedi: «Hələ bu harasıdı, gəlin, minin avtobusa, sizi yuxarıya qədər aparım, görün bu yollar nə gündədir».
- Əsas mərkəzi yol budur. Hələ quruyub, yağış yağanda yerimək olmur.

PALÇIQLI YOLLAR

Asfalt olmadığından palçığı dizə çıxan yolda yırğalanan, sanki bu dəqiqə aşacaq deyə sürahidən bərk-bərk yapışdığım avtobusda sərnişinlər zarafat edir ki, böyrəyində kimin daşı varsa, bu silkələnmə onun daşını salar. Amma tez də şikayətlənirlər ki, qəsəbədə istər mərkəzi, istər ara yollara asfalt döşənmədiyindən yayda toz-torpaq, qışda palçıq əlindən nəinki adamlar yeriyə bilmir, heç maşınlar da yerindən tərpənmir:
- Spiker ancaq öz yaşadığı küçənin qeydinə qalır. Burdakıların yox ki. Gedin onun yaşadığı küçəyə baxın, asfaltı, işığı...

OQTAY ƏSƏDOVUN EVİNƏ APARAN YOL


Bakı-Şamaxı magistral yolundan qəsəbəyə doğru bir neçə yol ayrılır. Onlardan biri asfalt döşənməsi, ağ xətlərlə (yəni yolun iki tərəfli olduğunu göstərən) işarələnməsi, kənarlarında küçə lampaları düzülməsi, təmizliyi ilə diqqəti çəkir. Yəqin qəsəbənin əsas mərkəzi yolu budur deyə qabağa düşürük. Amma zənnimiz düz çıxmır, hər iki tərəfində villalar sıralanan yol qarşısında polis postu qoyulmuş böyük, hər tərəfdən təhlükəsizlik kameraları ilə əhatələnmiş, təmtəraqlı bir evin qarşısında bitir. Öyrənirik ki, bu ev spiker Oqtay Əsədovun evidir və onun evindən o yana yol yoxdur. Küçənin başında, Milli Məclis sədrinin evinə yaxınlaşan yerdə sol hissə hasara alınıb, yəni təpənin ustundən bu tərəfi görmək olmur.

Yenidən asfalt yolu geri qayıdıb ondan ayrılan torpaq yola düşürük. Bu yol bizi 6 saylı Laçın məktəbinin qarşısına aparır. 2-3 mərtəbəli villaların yanında məktəbdən çox, tövləni xatırladan məktəbin qabağı palçıqdır, yerdən çirkab sular axır. Məktəblilər bu suların açdığı cığırdan onun üstünə qoyulmuş kiçik taxtanın köməyi ilə keçirlər; birdən bir qızcığazın ayağı sürüşür, suya düşür. O dərhal özünü kənara atır. Amma çəkməsi su keçirir, nədirsə, ayağını yerə basa bilmir və axsaya-axsaya da bizdən uzaqlaşır.

HƏM KASIB, HƏM VARLI QƏSƏBƏSİ


Sulutəpə qəsəbəsində su hövzəsindən tutmuş, ölkənin iki nəhəng şirə şirkəti, Gömrük Komitəsinin avtomobilləri qeydiyyatdan keçirən şöbəsi, un dəyirmanı yerləşir. Qəsəbədə həm varlı, həm kasıb adamlar yaşayır, hər küçədə iki-üç mərtəbəli, mansardlı villaya da, iki-üç otaqlı, kasıb görkəmli evlərə də rast gəlmək olur.

Söhbət elidiyimiz sakinlər deyirlər ki, qaranlıq düşəndə qəsəbənin içində yerimək olmur, hərt yer qaranlığa qərq olur. Spikerin evinə gedən küçədəki lampa dirəklərini xatırlayıram... Sulutəpədəkilər bura «varlılar məhəlləsi» deyirlər.

BƏLƏDİYYƏ SƏDRİ SÖZ VERİR

Sulutəpə qəsəbəsinin daxil olduğu Xocahəsən bələdiyyəsinin sədri Sara Əbilova əvvəlcə deyir ki, spiker ölkənin ikinci adamı olduğu üçün onun yaşadığı küçədə abadlıq aparmasına təbii baxmaq lazımdır, amma bu abadlığı kimin aparmasından xəbəri olmadığını söyləyir:
- Mən bir ildi burdayam, bilmirəm o küçəni kim abadlaşdırıb. Şəxsi vəsaitləri hesabına olub, ya dövlət qurumları edib. Amma indi bizim müqaviləmiz var, iki küçəni asfaltlaşdıracayıq.

Sara Əbilova deyir ki, maliyyə vəsaitləri az olduğundan qəsəbənin abadlaşdırılması ilə məşğul olmaqda çətnlik çəkirlər. Onun sözlərinə görə, ərazidə 45 min əhali yaşasa da, onların yalnız 4-5 mini qeydiyyatdadır, bu da əmlak vergisi toplamağa mane olur.
Biz qəsəbəni gəzəndə çox yerdə zibilliklər gördük. Sara Əbilova deyir ki, əraziyə iki zibil maşını xidmət göstərir, hər gün zibil yığılır, amma zibil qutuları yoxdur.
- Baxın, yenicə müqavilə imzalamışıq, zibil qutuları gətizdirəcəyik.

Sulutəpə qəsəbəsində yüzlərlə evin sənədi yoxdur, Sara Əbilova deyir ki, qəsəbə layihəsiz salınıb, amma ümid eləyirlər ki, evlər sənədləşdiriləcək.
Sakinlərsə ümid eləyirlər ki, yerli rəhbərlik bütün qəsəbənin «varlılar məhəlləsi» kimi abad olması üçün onlara bir gün ağlayacaq.
XS
SM
MD
LG