Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Günel Eminli "Rüzgara bağlanmışlar" (Esse)


Taxta döşəmə elə cırıldayırdı ki, elə bil bu dəqiqə sökülüb, töküləcək.

Döşəmə belə əcaib rəqslər görməmişdi.

Üstündə vals edən kişi və qadın silueti aramsız ritmdə nota düşmək bilmirdi.

Rəqs edən dəli kişi Vyananın elitasına anlaşılmaz qalan rəssam Oskar Kokoşka, qadın isə məclislərin “yırtıcı” ləqəbini qazanmış - Anna Malerin manekeni idi.

Oskar manekeni otaq boyu bir tərəfdən o biri tərəfə sürüyür, qucağından sürüşməyə qoymur, vəhşi parıltıyla yanan gözləri ilə qaranlığı deşirdi.

Arabir cəld hərəkətlə “hop-hop” deyib, göyə tullanaraq, kiçik saltolar etməyə çalışırdı.

Manekenin dodağına qan qırmızı pomada çəkmiş və manekeni qucağında oynatdıqca pomada bütün bəyaz köynəyi boyu sürtülmüşdü.

O, bu gecə çox xoşbəxt idi, Annası yenidən yanında idi.

Özü ilə olmasa da, ona oxşar, ona bənzədilərək düzəldilmiş manekeni ilə birlikdə.

Birdən sevişmək istədi, manekeni sürüyərək, yataq otağına apardı. Axı, Anna orda sevişməyi xoşlayardı.

“Kübar məclislərində parlamaq üçün təkcə gözəllik və ağıl yox, bəzi biliklər da lazımdır” - Anna öz gündəliyində qeyd edirdi.

Bunun üçün pianoda gözəl çalmağı və musiqi bəstələməyi öyrənəcəkdi. “Bu bilgilər mənə lazım olacaq”.

Əslində, Anna yanılırdı. Bu bir cüt mavi gözlərin qarşısında dayana biləcək yalnız Vyanadakı körpülərin ətrafını və muzeylərin qarşısını bəzəyən kişi heykəlləri ola bilərdi.

Canlıları artıq Annanın ayaqları altında idilər.

Anna isə sevgilisi olacaq, özünü yaxın bir-iki ayda xoşbəxt sayacaq, əslində isə Annanın “atılmışlar” siyahısını artıracaq o bədbəxti seçməyə tələsmirdi.

Kübar məclislərini, ziyafət paltarlarını, qonaqlıqda iştirak edəcək qonaqların sayını xüsusi şövqlə seçirdi.

O, özünə kavaler seçimini bahalı bəzək əşyasının seçimi ilə müqayisə edirdi, “hər ikisi bahalı, zövqlü və sonradan darıxdırıcıdır.

Biri isə o birisindən daha üstündür, sənə sadiqdir, bəzən isə onu sataraq, yaxşı gəlir əldə edə bilərsən, qəlbi qırılmış, atılmış kişi isə heç kimə lazım deyil”.

Anna ayna qarşısında hər bir jesti, kəlməni, mimikanı dəfələrlə məşq edir və kamilləşdirməyə çalışırdı.

Vyanaya Polşadan yeni modelyer gəlmişdi və qadınlar üçün boynu naxışlı, xeyli füsunkar libaslar hazırladığı atelyedə Anna həftənin şənbə günləri görünməyə başladı.

Başqa günləri tam məşğul idi. Rəqs, piano, vokal hamısı ilə məşğul olmalı idi. Albert onu həvəsləndirmişdi.

Musiqi müəllimi, 26 yaşlı, alnı sızanaqlı, cılız bir adamdır. Təbii ki, Annadan ötrü dəli-divanə idi.

Anna isə ona məhəl qoymur, sadəcə bəslədiyi kiçik etüdləri ona yaxşıca kəm-kəsirini düzəltdirirdi.

Və əslində heç də istedad nümunəsi olmayan bu kiçik əsərlər qulaq üçün məlahətli melodiyalara çevrilirdilər.

Beləcə Anna, onunla tanış olmağın əsl yolunu tapdı. Vyananı dahi bəstələri ilə dəli - divanə edən məşhur, istedadlı, varlı və subay bəstəkar Henri Zimenski, onun üstün cəhətləri olsa da, mənfiliklərdən də xali deyildi.

O varlı, lakin yaşlı, subay fəqət çirkin, istedadlı, amma heç kimi bəyənməyən birisi idi. Heç vaxt evlənməyəcəyinə söz vermişdi.

Ta ki, Anna şənbə günü atelyedən götürdüyü yeni firuzəyi libası və zərif çiyinlərində vəhşi pişik dərisindən olan xəz ilə salonun mərkəzində yerləşən royalın arxasında şahanə boyu və oturuşu, bəstəsini, lakin xeyli düzəlişlərə məruz qalan sonatasını çalana qədər...

Və Zimenski artıq tənhalığına nifrət edirdi. Annaya evlənmək təklifini elə tələm tələsik etdi ki, sanki onu qabaqlayacaqlarından qorxurdu.

Anna isə əsl peşəkarlar kimi hərəkət etdi.

O Zimenskini lazımi qədər süründürdükdən sonra “hə” cavabını verdi. Beləcə, təmtəraqlı salonların ən füsunkar qadını Zimenkinin arvadı oldu.

Sözsüz ki, sonradan Polşada, Çexiyada və digər kurort ölkələrində bu cütlüyü görüb, belə gözəl qadının necə çirkin və yaşlı əri var deyib, onun bəxtinə heyfslənənlər də olacaqdı. Anna isə nə etdiyini bilirdi.

Varlı və istedadlı bir bəstəkara ərə getdiyinə heç zaman peşman olmadı.

O kübar qadın, daha sonra iki gözəl cocuğun anası oldu. Sonradan onlardan birini tifə qurban verdi və uzun müddət özünə gələ bilmədi. Ailəsi və məclislər onu xilas etdi.

“Bir qədər qırmızı çaxır və siqara” – həyatımın ən gözəl lövhələrini bu ikisinin əhatəsində xatırlayanda gözəl olur.

Anna bunu zövqlə etməyi bacarırdı.

Sonrakı illər – “Həyat heyf ki, əbədi deyil və yaxşı ki, əbədi deyil” gündəliyindəki qeydləri - Annanın əhvali durumunu əks etdirirdi.

Zimenski vəfat etmiş, bir neçə uğursuz sevgi münasibətləri qurmuşdu. Romanistlə və digər çox da məşhur olmayan rəssamla eşq yaşamışdı.

Rəssamla məhəbbəti tamam ayrı bir aləm idi.

O belə ehtiraslı, çılğın məşuq görməmişdi. O, Annanı izləyir, gününü vaxtını yalnız onunla keçirmək istəyirdi.

Azad təbiətə və xarakterə malik, keçmiş günlərinə mənsub Annanı belə sevgi sıxırdı.

Bu dəli rəssamdan canını qurtarmaq istəyirdi. Bu elə də asan olmayacaqdı.

Oskar onu buraxmaq istəmir, Annanın naturadan çılpaq şəkillərini çəkir, sonra onların qarşısında Madonnaya səcdə edər kimi səcdə edirdi, bir dəfə isə dalaşdıqda əlindəki qədəhi şəklə çırpıb, “Sən fahişəsən, müqəddəs fahişə” deyib, ən gözəl rəsmini məhv etdi.

Aylar keçir, Anna bu xəstə məhəbbətin iplərinə daha çox dolaşırdı.

Hər şey hamilə qaldığını biləndə daha pisləşə bilərdi. Anna hamiləliyini Oskardan gizlədirdi.

Uşaqdan azad olmalıydı, belə atadan uşaq ağlına gətirə bilmirdi. Uşaq – ömürlük Oskara bağlanmaq idi.

Bunu isə Anna istəmirdi. Zimenskidən qalan sərvətdən sonra o artıq gənc, dul və varlı qadın idi.

Ərə getmək ağlına belə gəlmirdi. Və uşaqdan azad oldu. Lakin qəfildən xəstəxanaya gələn Oskar sərsəm cəldliklə qanlı mələfəni qapıb, qaçdı.

Qanlı mələfə üzərində ağlayaraq durdu, Annanı heç vaxt bağışlamayacaqdı. Anna onun uşağının həm anası, həm qatili idi.

Bu sərsəmliklə, anlaqlılığının, sərxoşluqla ayıqlığın sərhədində, reallığın ipini itirən vaxtlarında xəstə şüurunun onu aldatdığı, gözünə Annanı gah gəlinlik libasında, gah da qanlı mələfəyə bürünmüş halda görünən vaxtlar dahi rəsmini çəkib tamamladı.

Tozdan qaralmış, hikkəsindən parçalanan qara səmada uçurdular - çılpaq, üstlərini yalnız qan rəngli qırmızı bir örtük bürüyüb.

Bəlkə bu onların doğulmamış körpələrinin ruhunun rəngi idi. Bunu ancaq Oskar bilirdi.

Rəsmin adını – “Rüzgara bağlanmışlar” qoydu. O, inanırdı ki, bu rəsmlə Anna ilə onlar əbədiyyətə qədər bir-birlərinə bağlanıblar.

Anna yenidən ərə getdi. Bu dəfə şair Hoppelə. Sonradan Vyana Hoppelin simasında istedadlı yazıçını da kəşf etdi. Nə deyəsən, Anna bunu bacarırdı.

Ortabab istedadlı kişidən istədiyini almaq və ondan əsl dahini yetişdirmək, necə ki özünü adi bir qəsəbə qızından əsl elita məclislərinin parlaq simasına çevirmişdi.

“ Bəli, mən sevgini, onunla məşğul olmağı, onun haqqında danışmağı sevirəm, dostlarımla da, məşuqlarımla da. Hələ kürəkənlərimlə də”. Bu sətirləri yazanda Annanın artıq 81 yaşı vardı.

O kişi qəlblərini ovlayan saysız-hesabsız xanımlar kimi tarixin yaddaşında toz olacaqdı.

Lakin dahi insanların arvadı olmaq onu bu talesizlikdən qorudu. O, tarixə adını - əsl kübar qadınlardan biri kimi yazdırdı.
XS
SM
MD
LG